İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak etmişdir
14 oktyabr 2010, 13:40
Prezident İlham Əliyev Mingəçevir şəhərində yeni inşa olunmuş Şahmat məktəbi binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, binada eyni vaxtda dörd ayrı dərs üzrə 32 idmançının şahmatın sirlərinə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Sinif otaqları şahmat taxtaları, saat və kompyuterlərlə təchiz olunmuşdur. Burada dərs prosesini izləmək üçün videokameralar quraşdırılmışdır. Beynəlxalq və respublika əhəmiyyətli yarışlarda nailiyyətlər qazanmış yerli şahmatçıların şəkillərindən ibarət fotoguşə məktəbin uğurlarını əks etdirir. Məktəbdəki inzibati otaqlar və yarış zalı da şahmata aid bütün lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşdur. Ümumi sahəsi 300 kvadratmetr olan yarış zalında eyni vaxtda 68 şahmatçı öz bacarığını sınaya bilər.
Bina ilə tanış olan Prezident İlham Əliyev burada yaradılmış şəraitdən razılığını bildirdi.
Sonda dövlət başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdilər.