İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrinə müsahibə vermişdir
08 avqust 2013, 15:20
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrinin 2013-cü il avqust buraxılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunmuşdur. AzərTAc müsahibəni təqdim edir:
Azərbaycan Prezidenti Administrasiyasının binası Bakının ən hündür nöqtələrindən birində yerləşir. Buradan şəhər buxtasında dalğalanan nəhəng dövlət bayrağı, alov dilləri formasında olan 3 göydələndən ibarət “Flame Towers” kompleksi, dənizkənarı bulvar gözəl görünür...
İlham Əliyev MDBMİ Məzunlarının Forumundan yenicə qayıtmışdır. O, Forumda böyük auditoriya qarşısında çıxış etmiş, sonra uzun illər görmədiyi tələbə dostları, müəllimləri, eləcə də seminar apardığı, zaçot götürdüyü keçmiş tələbələri ilə görüşmüşdür. Söhbətdən əvvəl “MGİMO Journal”ın Foruma həsr olunmuş xüsusi nömrəsini vərəqləyərkən o, tez-tez tanış simalara rast gəlib deyirdi: “Bu isə Medavoydur?! Onu yaxşı xatırlayıram. O, həmişə səliqəli, qədd-qamətli idi. Özü də indiyədək işləyir?! Afərin...”
- Yeri gəlmişkən, Siz oxuyan zaman MDBMİ-nin rektoru olmuş Nikolay İvanoviç Lebedev də əla formadadır. O, Forumun fəxri qonağıdır.
- Mən ona böyük hörmətlə yanaşıram və bu gün çıxışımda bu barədə dedim. Bir qədər əvvəl biz onunla iki saat birlikdə olduq, həmin vaxtları xatırlayırdıq. Nikolay İvanoviç ən xoş sözlərə layiqdir: döyüş yolu keçmiş, prinsipial, hər zaman ləyaqətini qoruyan əsl liderdir. Onun rəhbərliyi altında MDBMİ inkişaf edirdi, ölkənin aparıcı ali məktəbi idi! Anatoli Vasiliyeviç Torkunov bu ənənələri bərpa etdi. Mən bu haqda da Forumda dedim. Biz məzunlar fəxr edirik ki, MDBMİ nəinki Rusiyanın, hətta dünyanın aparıcı ali məktəblərindən biridir. Bir çox azərbaycanlı məzun sizə deyər ki, MDBMİ-də yiyələndikləri baza, aldıqları biliklər onlara bu günə qədər Azərbaycanda ən yüksək vəzifələrdə çox kömək edir.
- Prezident postundan daha məsuliyyətli vəzifə təsəvvür etmək çətindir. Bizim məzunun dövlət başçısı olması nadir situasiyadır. Ümumiyyətlə, azərbaycanlı məzunların MDBMİ ailəsində xüsusi yeri vardır: Sizin qızınız Leyla MDBMİ-nin Azərbaycan Klubunun prezidenti və MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədridir. Assosiasiyanın katibi Ruslan Əliyev isə universitetdə böyük perspektivləri olan ekologiya və təbiətdən istifadə kafedrasını yaratmış və ona başçılıq edir...
- Ona görə də MDBMİ-nin Forumunun Azərbaycanda keçməsi məntiqəuyğundur.
- Fürsətdən istifadə edib Azərbaycanın bizi çox gözəl qarşıladığına görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi kimi ən müasir binaları ilə hamımızı heyran qoyan Bakı haqqında ayrıca danışmaq lazımdır…
- Bəli bunlar Bakının yeni rəmzləridir. Onlar Bakının urbanizasiya prosesində meydana gəlmişdir. Düşünürəm ki, biz bir tərəfdən müasir arxitektura ideyalarına özünü ifadə etmək imkanı verməyə, eyni zamanda, keçmişi qoruyub saxlamağa müvəffəq olmuşuq. Müasir binalar şəhərin tarixi siması ilə ziddiyyət təşkil etməməlidir. Bizdə arxitektura yeniliklərini bu nöqteyi-nəzərdən qiymətləndirən ekspert qrupları fəaliyyət göstərir.
- “Alov qüllələri” heyrətamiz ideyadır! O necə yarandı?
- Azərbaycan Odlar diyarıdır. Şəhərin müxtəlif yerlərində qədim dövrlərdən yerin altından alov püskürür. Ona görə də Bakının gerbində üç alov dili hər zaman olmuşdur. Obrazlı desək, alov, yanğı Bakı üçün, xalqımız və cəmiyyətimiz üçün təbii haldır. Ona görə də arxitektorun alov dillərinin proyeksiya olunduğu və onların xüsusilə gecələr məşəl kimi “yandığı” binalar kompleksi ucaltmaq ideyası şəhərə xüsusi görkəm verir. Ancaq bizim ənənəvi rəmzlərimiz də vardır. Bu, ilk növbədə, orta əsrlər abidəsi olan Qız qalasıdır. Köhnə şəhərdə gəzərkən orta əsr mühitinə düşürsən, lakin yolu keçib sahilyanı küçəyə çıxmaq kifayətdir ki, özünü müasir şəhərdə hiss edəsən.
- Və nəhəng bayraq görünür. Deyirlər ki, dünyada ən böyük dövlət bayrağıdır...
- Əlbəttə, onun dünyada ən böyük olması məqsəd deyildi. Məqsəd bu ərazinin görkəmini dəyişmək, abadlaşdırmaq idi. Axı əvvəllər bu rayonda zavodlar və hərbi dəniz bazası yerləşirdi. Onu biz başqa yerə köçürdük, indi burada, bayrağın yaxınlığında təqribən 5 hektar sahədə Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərir. Bu kompleksin ətrafında ümumi ərazi 60 hektardır. Bundan ötrü biz dənizkənarı bulvarın uzunluğunu 3,5 kilometrdən 14 kilometrə çatdırdıq! Düz də etdik. Çünki bura çox əlverişli yerdir, demək olar ki, şəhərin hər bir nöqtəsindən görünür.
- “Alov qüllələri” və bayraq yəqin ki, azərbaycanlıların milli özünüdərkinin möhkəmlənməsinə xidmət edən rəmzlərdir.
- Şübhəsiz.
- Bizdə - Rusiyada artıq 20 il olar ki, milli ideyamız nədir sualı ətrafında baş sındırırlar. Bəs siz öz milli ideyanızı necə ifadə edirsiniz?
- İlk növbədə bu, müstəqillikdir. Ötən əsrin 90-cı illərinin əvvəllərini müxtəlif cür qəbul etmək olar. Lakin hər şeydən əvvəl bu, müstəqillik əldə etmək şansı qazanmaq və müstəqil Azərbaycan dövlətini qurmaq məqamı idi. XX əsrin əvvəlində də bizim belə təcrübəmiz olmuşdu, lakin qısa müddətli, cəmi 2 il. Azərbaycanın müstəqillik ideyasının inkişafı və azərbaycanlıların identifikasiyası ölkənin uğurlu inkişafına əsaslanır. Müstəqillik illərində, - bu, hələ qısa bir müddət, cəmi 21 ildir, - ictimai sistemin və iqtisadi əlaqələrin tam transformasiyası baş verdi. Bu gün Azərbaycan regionda və dünyada möhkəm mövqeləri olan dövlətdir. Bir qədər əvvəl Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə bu qurumun 5 daimi üzvü sırasına daxil olmayan hər hansı dövlətin beynəlxalq fəallığının zirvəsidir. Əlbəttə ki, bu fonda bayraq, gerb, himn kimi dövlət rəmzləri, həmçinin Bakının və digər şəhərlərin simasının dəyişməsi gənclərin vətənpərvərlik, Vətənə məhəbbət, öz ölkəsinə görə qürur hissi keçirmək ruhunda tərbiyə olunması, cəmiyyətdə müsbət əhval-ruhiyyənin yaradılması vasitəsidir. Azərbaycanda ictimai şüur, insanların əhval-ruhiyyəsi, onların, xüsusilə gənclərin həyata münasibəti çox müsbətdir, siz yəqin ki, bunu hiss etdiniz. Axı vacib olan təkcə statistik göstəricilər və ümumi daxili məhsul deyil, həmçinin insanların özlərini necə hiss etmələridir.
- Mən bunu həqiqətən də hiss etdim. Bu mənə Sizin MDBMİ-də dərs dediyiniz illərdə ölkədə, gənclərdə fəal həyat mövqeyi formalaşdırmağa dair göstərişin olduğunu xatırladır. Bu, yəqin ki, Sizin yadınızdadır?
- Yadımdadır, düzgün göstərişdir! Mən onu alqışlayıram!
- Dərs demək asan məsələ deyil, hətta bəziləri hesab edirlər ki, qədri bilinməyən işdir. Digər tərəfdən isə güclü enerji mübadiləsidir!
- Razıyam, mən dərs deməyə institutu bitirəndən bir neçə il sonra, hələ aspirant ikən başladım. Mən tələbələrin hisslərini gözəl başa düşürdüm, demək olar ki, qəlbən hələ onların, auditoriyada oturanların yanında idim. Odur ki, mən daim onlara kömək etməyə, dəstək olmağa, hətta qiymətlərini bir qədər artırmağa çalışırdım. Düşünürəm ki, mən pis müəllim deyildim və o vaxtları yaxşı xatırlayıram. Ancaq bu gün Forum vaxtı dərs dediyim uşaqlar mənə yaxınlaşanda açığını deyim, hamını xatırlaya bilmirdim – mənim tələbələrim çox idi! Onlar təkcə Moskvada, Rusiyanın digər şəhərlərində deyil, Mərkəzi Avropa ölkələrində də yaşayır və işləyirlər. Mən hər dəfə onlara rast gələndə həqiqi mənada yaxşı hisslər keçirirəm! Əlbəttə ki, Forumda köhnə institut dostlarımla çox böyük sevinclə görüşdüm. Məsələn, Sergey Abakumovla. O, komsomol təşkilatının katibi, mən isə tələbə idim, amma biz dostluq edirdik. Yeri gəlmişkən, onun bizim Forumun keçirilməsində böyük rolu vardır. Mən bir yerdə oxuduğum, daha sonra işlədiyim bir çoxlarını da yada sala bilərəm, həyatımın 15 ili institutla bağlıdır!
- MDBMİ-dəki yeniliklərdən nə dərəcədə xəbərdarsınız? Bizim saytımıza daxil olursunuzmu? Rektor A.V.Torkunov yeni müddətə seçiləndən sonra universitetin qarşısında iddialı yeniləşmə vəzifələri qoymuşdur.
- Əfsus ki, sayta çoxdandır baxmıram, ancaq rektorla mütəmadi əlaqə saxlayıram, son illər Anatoli Vasiliyeviç dəfələrlə Bakıda olmuşdur. O, məni yeniliklər barədə məlumatlandırır. Amma deyə bilmərəm ki, institutun gündəlik fəaliyyətini izləyirəm - sadəcə, buna vaxt yoxdur.
- 2014-cü ildə MDBMİ 70 illik yubileyini qeyd edəcəkdir. Altmış illikdə Sizin çıxışınızı xatırlayıram, bu, əsl hadisə idi. Qarşıdan gələn yubileydə çıxış etməyi planlaşdırırsınızmı?
- Bilirsiniz, mən 1984-cü ildə MDBMİ-nin 40 illik yubiley bayramında iştirak etmişdim. Mərasim İttifaqlar Evinin Sütunlu zalında təşkil olunmuşdu. Düzdür, mən o vaxt zalda əyləşmişdim, çünki hələ aspirant idim. Bayram mərasimini isə Nikolay İvanoviç Lebedev aparırdı. 1994-cü ildə təntənələrdə iştirak etməyə imkanım yox idi, 2004-cü ildə, doğru qeyd etdiyiniz kimi, yubileydə çıxış etmişdim. Odur ki, 2014-cü ildə imkan olsa, çıxış etməyə şad olaram.
- Forum başa çatdı və ünsiyyətdə olmaq çox gözəl idi! Sizcə, bu Forum MDBMİ həmrəyliyinin inkişafına təkan verdimi?
- Bəri başdan deyim, şübhəsi ki, verdi. Bu, institutumuzun tarixində rəmzi hadisədir. Forum göstərdi ki, biz bir yerdəyik və bir-birimizlə əlaqələri həqiqətən də itirməmişik. Bəlkə də belə geniş tərkibdə görüşmürdük, lakin əminəm və öz təcrübəmdən bilirəm ki, biz heç vaxt əlaqələrimizi itirməmişdik. Yəni, birincisi, Forum göstərdi ki, bizim bir yerə yığışmağa böyük həvəsimiz var. O, bizim – müxtəlif sahələrdə: siyasətdə, diplomatiyada, biznesdə, jurnalistikada və digər sahələrdə böyük uğurlar qazanmış bir çox insanların birliyini göstərdi. Bu, bir daha təhsilin yüksək səviyyəsinə dəlalət edir. İkincisi, Forum bizə MDBMİ-yə münasibətimizi, instituta sevgimizi nümayiş etdirməyə imkan verdi. İnkişaf nədədir? Düşünürəm ki, gələcəkdə biz Forumu - əlbəttə, MDBMİ rəhbərliyi ilə məsləhətləşmələrdən sonra – diskussiya meydanına transformasiya edəcəyik. Diskussiyalar əsasında ola bilsin ki, mühüm xarici siyasi təşəbbüslər işlənib hazırlanacaqdır.
- Yəni bu, daha çox işgüzar görüş olacaq, nəinki sadəcə xoş ünsiyyət?
- Əlbəttə, işgüzar, həm də xoş ovqat yaradan görüş! Bakıda Forum iştirakçılarının həm istirahət etmək, həm şəhəri gəzmək, həm cavanlıqda olduğu kimi dost masası arxasında oturmaq, həm də müasir beynəlxalq münasibətlərin mühüm məsələlərini, ekologiya, təhsil problemlərini və s. müzakirə etmək imkanı oldu. Gələcəkdə bu diskussiyalarda iştirak etmək üçün Foruma MDBMİ-yə aidiyyatı olmayan tanınmış siyasətçiləri, ictimai xadimləri dəvət etmək olar. Mən Forumun gələcəyini belə görürəm. Forumdakı çıxışımda mən bundan sonra da MDBMİ-nin forumlarının Bakıda keçirilməsinə hazır olduğumuzu bildirdim. Biz çoxlu belə tədbirlər keçiririk – bir neçə gün bundan əvvəl Davos Forumuna ev sahibliyi etmişdik, keçən il Krans Montana Forumu oldu. Biz Sivilizasiyaların Alyansı - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, digər beynəlxalq tədbirləri keçiririk. Düşünürəm ki, MDBMİ Forumu bu sırada öz layiqli yerini tutacaqdır.
- Mən gördüm ki, Sizin ideyanız auditoriya tərəfindən bəyənildi. Burada təəccüblü bir şey yoxdur, Forum yüksək səviyyədə keçirilmişdir.
- Zənnimcə, əgər səsvermə keçirsəydik, auditoriyanın tam əksəriyyəti lehinə səs verəcəkdi!