İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan bərpa işləri ilə tanış olmuşdur
14 oktyabr 2010, 13:10
Prezident İlham Əliyev M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olmuşdur.
Dövlət başçısı əvvəlcə binanın qarşısındakı istirahət parkında aparılmış abadlıq işləri ilə tanış oldu.
Prezident İlham Əliyev teatr binasının təmirdən əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoşəkillərə baxdı.
Məlumat verildi ki, teatrın binası 1951-ci ildə tikilmişdir və 1953-cü ildən istifadədədir. 1968-ci ildən Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. Həmin vaxtdan bəri şəhərin bu mədəniyyət ocağında indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmamışdır. 2008-ci ildə başlanan yenidənqurma işləri isə ən yüksək səviyyədə, müasir standartlara uyğun aparılır. Ümumi sahəsi 2300 kvadratmetr olan ikimərtəbəli binada 32 otaq vardır. Qrim, məşq və rəssamlar üçün otaqlar, yeməkxana birinci mərtəbədə olacaqdır. İkinci mərtəbədə 160 yerlik kiçik zal fəaliyyət göstərəcəkdir. İnzibati otaqlar da bu mərtəbədə yerləşəcəkdir. Teatrın əsas zalı 510 tamaşaçı üçün nəzərdə tutulmuşdur. Binada yenidənqurma işləri 2011-ci ilin martında başa çatdırılacaqdır.
Prezident İlham Əliyev yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verdi.