İlham Əliyev YAP Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir
14 oktyabr 2010, 13:12
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, ikimərtəbəli binanın ümumi sahəsi 400 kvadratmetrə yaxındır. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır. Yüz kvadratmetr sahəsi olan iclas zalında 80 nəfərlik müasir oturacaqlar quraşdırılmışdır. İkinci mərtəbədə ulu öndər Heydər Əliyevin kəlamlarını əks etdirən guşə yaradılmışdır. İş otaqları da bu mərtəbədədir. Bütün otaqlar lazımi avadanlıq və kompyuterlə təchiz olunmuşdur.
Binanın qarşısındakı geniş sahədə yaşıllıq zolağı salınmış, fəvvarə quraşdırılmışdır.
Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirdi.