K.Ə.Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


06 avqust 2013, 20:10
2013-cü ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai xadimi Kamran Əsəd oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.
Kamran Hüseynov respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, tanınmış ictimai xadim Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının təkliflərini nəzərə almaqla, Kamran Əsəd oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2013-cü il.