İlham Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
19 iyul 2013, 17:30
Prezident İlham Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Şabran-Pirəbədil-Zeyvə yolunun əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 7,5 milyon manat vəsait ayrılmışdır. Layihənin ümumi smeta dəyəri 9,3 milyon manatdır. Uzunluğu 36 kilometr, eni isə 8-10 metr olan avtomobil yolunun əsaslı təmirinə 2012-ci ilin iyulunda başlanılmış, 2013-cü ilin iyununda başa çatdırılmışdır.
Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosial yönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qeyd olundu ki, Şabran-Pirəbədil-Zeyvə yolu 4 min sakinin yaşadığı 11 məntəqəni, o cümlədən Taxtalar, Qələgah, Dağbilici, Zöhramlı, Pirəbədil, Sumaqova, Qorğan, Kilvar, Zeyvə, Mumlu və Sumaqova-Qazma kəndlərini əhatə edir. Yol boyunca 25 su keçidi inşa olunmuşdur. Burada 14 metr uzunluğunda körpü də salınmışdır.
Yeni yolla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.