İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etmişdir
12 oktyabr 2010, 16:30
Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə binanın hazır vəziyyətini əks etdirən videogörüntülərə, sxemə, eskizinə və maketinə baxdı.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, inşa ediləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcəkdir. İki yüz metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcəkdir. Binanın konstruksiyası dəmir-beton divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaqdır. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilmişdir.
Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkətinin “külək-alov” konsepsiyası əsasında layihələndirdiyi binanı Türkiyənin “TEKFEN İnşaat” şirkəti tikəcəkdir.
Dövlət başçısı gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunun düyməsini basdı.
Sonra Prezident İlham Əliyev mərasim iştirakçılarını təbrik etdi.