Əlişah Atakişiyev və başqalarından, Quba, Azərbaycan
18 iyul 2013, 12:40
Hörmətli cənab Prezident!
Bu gün ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımız sürətli inkişaf yolunda uğurla irəliləyir və siyasi, iqtisadi, mədəni sahələrdə inamlı addımlar atır. Bu gün ölkəmiz Qafqaz regionunda öz siyasi-iqtisadi qüdrəti, ictimai sabitliyi, potensial gücü ilə liderlik edir. Bu, Sizin uğurlu daxili və xarici siyasətinizin, diplomatik fəaliyyətinizin parlaq nəticəsidir. Məqsədyönlü fəaliyyətinizlə Siz bir daha ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunuzu, xalqa bağlılığınızı, dövlətçilik ideyalarına sadiqliyinizi sübut etmisiniz və edirsiniz. Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, onun gündən-günə çiçəklənməsi, dünya sivilizasiyasına inteqrasiya, ölkəmizin BMT-də, Avropa Şurasında yüksək nüfuzu Sizin əməyinizin, Sizin gücünüzün bariz nümunəsidir.
Bu gün paytaxt Bakıda, respublikamızın regionlarında misli görünməyən yenidənqurma, abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir, infrastruktur dəyişiklikləri göz oxşayır. Əhalinin sosial-rifah halı yaxşılaşır, insan amili diqqət mərkəzində durur, yeni iş yerləri yaradılır, yoxsulluğun səviyyəsi getdikcə aşağı salınır.
Yeni məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları, istirahət mərkəzləri, uşaq bağçaları, uşaq əyləncə mərkəzləri və s. inşa edilir. Yeni yollar salınır, körpülər tikilir, ən ucqar dağ kəndlərinə qaz xətləri çəkilir. Bütün bunlar məhz Sizin gərgin əməyiniz sayəsində baş verir, möhtərəm Prezident!
Ən sürətli inkişafda olan bölgələr arasında Quba rayonu xüsusi yer tutur. Sizin qayğınız sayəsində Quba da öz simasını gündən-günə dəyişir, küçələr təmir edilir, yeni park və xiyabanlar salınır, infrastruktur yenilənir.
Ölkənin ən iri kəndlərindən olan II Nügədi də bu inkişafdan geri qalmır. On min nəfərə yaxın əhalisi olan bu kənd məhz ulu öndər Heydər Əliyevin, eləcə də Sizin Prezidentliyiniz dövründə misli görünməmiş inkişafa qədəm qoymuş, ən abad, yaraşıqlı yaşayış mərkəzinə çevrilmişdir. Kənddə İqtisad Universitetinin idman-sağlamlıq düşərgəsi, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tədris-təcrübə mərkəzi yaradılmış, kəndin giriş və çıxışında qapı-emblemlər qoyulmuşdur. İçməli su təchizatı tam ödənilmiş, qazlaşdırma işi aparılmış, kənddaxili küçələrə çınqıl döşənmişdir.
Kənddə “Sağlamlıq mərkəzi”, müxtəlif ticarət və məişət obyektləri fəaliyyət göstərir. Burada 4 orta məktəb fəaliyyət göstərir. Ötən dərs ilində müasir tipli ikimərtəbəli yeni orta məktəb binası tikilib istifadəyə verilmişdir.
Kənddə sahibkarlığın inkişafı da diqqətdən kənarda qalmamışdır. Sahibkarlara hər cür şərait yaradılır, yeni meyvə-tərəvəz soyuducuları inşa edilmiş və edilməkdədir. Dövlət qayğısı ilə əhatə olunan hüquqi və fiziki şəxslər yaradılmış şəraitə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.
Kənddəki strateji məhsul olan toxumçuluq təsərrüfatı ölkəmizin ərzaq proqramına öz töhfəsini verir, burada yüksək epudipsiyalı “El-1” toxum növü istehsal edilir.
Kənddə rabitə, poçt, teleötürücü stansiya, apteklər fəaliyyət göstərir, uşaq bağçalarında müasir tələblər səviyyəsində xidmət mövcuddur. “Çənlibel”, “Krım”, “Ceyranbulaq” kimi istirahət guşələri qonaqlara və turistlərə nümunəvi xidmət göstərir.
Çox hörmətli Prezident, biz kəndin ağsaqqalları, ağbirçəkləri, ziyalı və gəncləri, ictimaiyyətin nümayəndələri fəxr edirik ki, ölkəmizin Sizin kimi Prezidenti vardır. Biz həmişə Sizi dəstəkləyirik. Siz bizim qarantımızsınız. Siz xalqa, xalq isə Sizə güvənir. Ölkənin, dövlətin gücü də bundadır. Sizi əmin etmək istəyirik ki, biz – kəndin hər bir səsvermə hüququna malik olan vətəndaşları – ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn Prezident seçkilərində də Sizi dəstəkləyəcək, namizədliyiniz ətrafında sıx birləşəcəyik. Çünki biz Sizə inanırıq, Sizə güvənirik. Bu inamı heç kəs qıra bilməz. Siz bizim ən layiqli namizədimizsiniz.
Hörmətlə,
Ağsaqqallar, ağbirçəklər, ziyalılar, gənclər və
ictimaiyyət nümayəndələri adından:
Əlişah Atakişiyev
Teymur Fətəliyev
Əlipaşa Əlipaşayev
Hacı İbrət Xanbabayev
Şükür Orucov və başqaları (cəmi: 50 imza).
Azərbaycan Respublikası, Quba rayonu, II Nügədi kəndi.