Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda


13 iyul 2013, 18:20
Hörmətli cənab Prezident,
Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycan-Fransa münasibətlərinə böyük əhəmiyyət verirəm. Yüksək səviyyəli siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız, davamlı mədəni əlaqələrimiz ölkələrimizin və xalqlarımızın dostluğunu nümayiş etdirən mühüm amillərdir.
Regionumuzda sülhün və sabitliyin bərqərar olması prosesində Fransanın mövqeyi bizim üçün əhəmiyyətlidir. Biz xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına isə daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyul 2013-cü il.