İlham Əliyev Şirvanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur
01 iyul 2013, 16:00
Prezident İlham Əliyev Şirvan şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şirvanda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bayraq Meydanı Heydər Əliyev prospektində, Şirvan şəhərinin giriş hissəsində yerləşir. Meydanın ümumi ərazisi 1,3 hektar, bayraq dirəyinin hündürlüyü 76 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himninin mətni və dövlət gerbi əks olunmuşdur.
Bildirildi ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Burada 6 minə yaxın ağac, müxtəlif növ gül və bəzək kolları əkilmiş, beş min kvadratmetr sahədə çəmənlik salınmış, mərmər plitələr döşənmiş, müasir oturacaqlar qoyulmuş, işıqlandırma sistemi quraşdırılmışdır. Şirvan Bayraq Meydanında şəhər sakinlərinin istirahəti üçün hər cür şərait vardır.
Dövlət başçısı Bayraq Meydanında yaradılmış şəraiti yüksək qiymətləndirdi.