İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur
21 iyun 2013, 23:05
Brüsseldə Azərbaycan Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur.
Xose Manuel Barrozu və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bəyanatı
- Xanımlar və cənablar! Hər vaxtınız xeyir.
Prezident İlham Əliyevi Brüsseldə salamlamaqdan çox məmnunam. Bu gün biz Prezident Əliyevlə son illər apardığımız səmərəli fikir mübadiləsi və etdiyimiz səfərlər əsnasında çox açıq, konstruktiv və dostcasına müzakirələr keçirdik. Biz bir neçə dəfə görüşmüşük. Mənim Bakıya səfərim də buraya daxildir.
Bu gün enerji məsələləri diqqət mərkəzində idi. Eyni zamanda, biz Azərbaycanda və Avropa İttifaqında baş verənləri nəzərdən keçirdik.
Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı əməkdaşlıq qurmuşuq. Bunu rəhbər tutaraq, biz demokratiya və ümumi dəyərlərə, xüsusən insan hüquqları və fundamental azadlıqlara əsaslanan uzunmüddətli əməkdaşlığa istiqamət götürmüşük. Mən Azərbaycana bu yolda şəxsi dəstəyimi bu gün də ifadə etdim.
Strateji enerji əməkdaşlığına dair bir neçə kəlmə demək istərdim. Biz əlbəttə ki, “Cənub” qaz dəhlizini təfərrüatı ilə müzakirə etmişik. Hər ikimiz 2011-ci ildə birgə bəyanatın imzalanmasından keçən dövrdə “Cənub” qaz dəhlizinə dair əldə olunmuş inkişafdan çox məmnunuq. Biz hər ikimiz həm Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bu layihənin reallaşması istiqamətində səylə çalışmışıq. Prezident Əliyevə qəti və davamlı sadiqliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bakıda görüşümüz zamanı müzakirələri yaxşı xatırlayıram. Əslində Azərbaycan o zaman üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir və mən fəxr edirəm ki, Prezident Əliyevlə imzaladığımız həmin o bəyannamə bütün bu inkişafın əsasında durur.
Prezident İlham Əliyev məni əmin etdi ki, nəzərdə tutulduğu kimi, “Şahdəniz-2” konsorsiumu dəhlizin çox mühüm olan Avropa qoluna dair qərarı gələn həftə verəcəkdir və iki seçimdən birini edəcəkdir: “Nabucco Qərb” və ya Trans-Adriatik boru kəməri.
Əslində bu, konsorsium üçün kommersiya əhəmiyyətli qərardır. Lakin vurğulamaq istərdim ki, həm “Nabucco Qərb”, həm Trans-Adriatik boru kəmərləri bizim vahid Avropa enerji bazarı üçün qaz təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Buna görə əminəm ki, hər iki kəmər tikilə bilər. Biz buna “Cənub” qaz dəhlizini hazırda mövcud olan qaz ehtiyatlarından əlavə resursları cəlb etmək hesabına nail ola bilərik. Bu, hərtərəfli sərfəli variant ola bilər.
Bu günün mühüm mesajı belə ola bilər: “Cənub” qaz dəhlizi lövhə üzərində hər hansı bir nəzəri layihə deyildir. O, reallaşmaq üzrə olan layihədir. Bu, bütün iştirak edən tərəflərin xeyrinə həyata keçiriləcəkdir. İlkin mərhələdə onun vasitəsilə 2019-cu ilədək Avropaya 10 milyard kubmetr qaz ötürüləcəkdir. Lakin biz bununla kifayətlənməyəcəyik. Ortamüddətli perspektivdə dəhliz Avropanın illik ehtiyacının 10 faizini ödəyə bilər və bununla da bizim enerji təhlükəsizliyimizə, qiymətlərin sabitliyinə, inkişafa və yeni iş yerlərinin açılmasına töhfə verə bilər. Bu, Prezident İlham Əliyevlə 2011-ci ildə razılaşdığımız kimi, ümumi baxışımızdır. Biz qarşılıqlı təchizat təhlükəsizliyimizi gücləndirmək üçün məhz bunun üzərində işləyəcəyik. Biz inanırıq ki, bu, Avropanın və Azərbaycanın maraqlarına cavab verir.
Xanımlar və cənablar!
Əvvəldə də dediyim kimi, biz geniş məsələlər ətrafında müzakirələr apardıq. Azərbaycan bir sıra regional və qlobal məsələlərdə yaxından əməkdaşlıq etdiyimiz mühüm tərəfdaşdır. Biz, həmçinin gələn il Azərbaycanın Avropa Şurasına sədrliyini də nəzərdən keçirdik. Azərbaycanın mühüm daxili məsələlərinə dair fikirlərimizi də bölüşdük. Prezident seçkiləri bu siyahıda əsas yerdədir. Ümidvar olduğumuzu bildirdik ki, seçkilər ən yüksək standartlar səviyyəsində və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da daxil olmaqla beynəlxalq müşahidəçilərin dəstəyi ilə keçiriləcəkdir.
İnsan hüquqlarının və fundamental azadlıqların təminatı bizim gündəliyimizdə mühüm yer tutur. Biz bu məsələləri açıq şəkildə müzakirə etdik və mən imkandan istifadə edib xatırlatdım ki, sabitlik və əmin-amanlıq uzun perspektivdə yalnız qanunun aliliyi, demokratik təsisatlar və əlbəttə ki, dinamik vətəndaş cəmiyyəti şəraitində davam edə bilər.
Biz, eyni zamanda, “Şərq tərəfdaşlığı” kontekstində də əlaqələrimizin inkişafını müzakirə etdik. Mən Prezident İlham Əliyevin əlaqələrimizin bu kontekstdə genişləndirilməsinə sadiqliyini bölüşürəm.
Biz, nəhayət, iqtisadi məsələləri də müzakirə etdik. Buraya Azərbaycanın inkişafı planı və Dünya Ticarət Təşkilatına üzvlük istiqamətində irəliləyişi daxildir. Biz ikitərəfli dərin və məzmunlu azad iqtisadi zonanın yaradılması vasitəsilə ticari əlaqələrimizin dərinləşməsinin tərəfdarıyıq. Bunun üçün də Dünya Ticarət Təşkilatına üzvlük çox vacibdir.
Nəhayət, biz regional vəziyyəti müzakirə etdik. Biz bilirik ki, regionda ölkələr potensiallarını tam reallaşdırmaq üçün qonşuları ilə təhlükəsizliyi və sülhü təmin etməlidirlər. Bununla belə, biz Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplərə uyğun olaraq ədalətli həllinə çağırırıq. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçilik səylərini dəstəkləyir, münaqişənin davamlı və sülh yolu ilə həllinin tapılmasında öz rolunu oynamağa hazırdır.
Prezident Əliyev!
2013-cü il Avropa İttifaqı-Azərbaycan münasibətləri üçün gözəl imkanlar ilidir. Məhz mən Sizin çox böyük hörmətlə yanaşdığım dövlətinizlə gözəl başlanğıc nöqtəsi olan enerji və əsasında ümumi dəyərlər dayanan daha geniş və dərin əlaqələrin tərəfdarıyam.
Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Cənab sədr, şərhlərinizə görə çox sağ olun. İcazə verin Brüsselə səfər etmək üçün dəvətə görə minnətdarlığımı bildirim. Bu, mənim Avropa Komissiyasına beşinci səfərimdir. Bu fakt münasibətlərimizin nə qədər intensiv və sıx olduğunu göstərir. Biz münasibətlərimizi yüksək dəyərləndiririk. Cənab sədrin qeyd etdiyi kimi, onlar müştərək maraqlara və dəyərlərə söykənir. Biz dost kimi əməkdaşlığımıza aid məsələləri, eləcə də regional əhəmiyyət daşıyan məsələləri müzakirə etdik. Mən, cənab sədr, şəxsən Sizə və Komissiyanıza demokratik inkişaf məsələlərində, insan hüquqlarının müdafiəsi sahəsində və siyasi islahatlarda Azərbaycana verdiyiniz davamlı dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Verdiyiniz tövsiyələr, məsləhətlər və aramızdakı təmaslar olduqca əhəmiyyətlidir və Azərbaycanda dəyişikliklərə yardım edir. Dəyişikliklər prosesi çox sürətlə gedir. Bu proses siyasi və əlbəttə ki, iqtisadi islahatları əhatə edir. Hər iki istiqamət bir-birini tamamlayır. Bizim, həmçinin iqtisadi əməkdaşlığımız vardır. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Üzv dövlətlərlə ticarət dövriyyəmiz artmaqdadır. Həmçinin, “Şərq tərəfdaşlığı” proqramı bu çərçivədə irəli sürülən təşəbbüslərə dəstək vermək imkanı yaradır. Biz bu təşəbbüsləri yüksək dəyərləndiririk. Fikrimcə, Avropa təsisatlarının keçmiş sovet respublikalarını bu əməkdaşlıq çərçivəsinə cəlb etməsi mühüm addım oldu. Azərbaycan “Şərq tərəfdaşlığı” qrupunun fəal üzvüdür. Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni formatı üzərində işləyirik. Gündəliyimiz genişdir, bir çox sahələri əhatə edir. Azərbaycan Avropa ölkələrində artıq sərmayə qoymağa başlayır. Sərmayələrimizin quruluşuna baxsaq, görərik ki, bu sərmayələr yalnız enerji sahəsi ilə bağlı deyildir. Burada, həmçinin qarşılıqlı maraq doğuran digər sahələr də vardır. Bir çox illərdir ki, Avropa da bizim ölkəmizə böyük sərmayələr yatırır. Bu investisiyalar bizə iqtisadiyyatımızı şaxələndirməyə və ölkəmizi müasirləşdirməyə yardım edir.
Cənab sədrin vurğuladığı kimi, biz münaqişənin həllinə aid məsələləri müzakirə etdik və bu baxımdan Avropa İttifaqının göstərdiyi səyləri yüksək dəyərləndiririk. Azərbaycan prosesdə ən maraqlı tərəfdir, çünki bizim torpaqlarımız işğal altındadır, nəinki Dağlıq Qarabağ, o cümlədən Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayon da iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Biz buna son qoymalıyıq.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə prezidentlərinin bu yaxınlarda Şimali İrlandiyada verdiyi bəyanat bizi çox həvəsləndirdi. Qeyd edildi ki, məsələnin həlli Helsinki Yekun Aktına əsaslanmalıdır. Hər iki tərəf danışıqlar prosesini sual altına çəkə biləcək hərəkətlərdən çəkinməlidir. Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında mümkün qədər tez həllini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin həyata keçirilməsini istəyir.
Enerji əməkdaşlığı təbii ki, münasibətlərimizin ən mühüm hissələrindən biridir. Çox şadam ki, 2011-ci ilin əvvəlində sədr Barrozu ilə Bakıda enerji sahəsində strateji əməkdaşlıq haqqında Bəyannaməni imzaladıqdan sonra hazırda onun praktiki nəticələrini görürük. Bu Bəyannamə qaz dəhlizinin həyata keçirilməsində əsas rol oynadı. Mən bu prosesdə çox fəal iştirakına və əlaqələndirməyə görə şəxsən sədr Barrozuya və onun heyətinə təşəkkürümü bildirmək istəyirəm. Bu layihə Avropa ilə Azərbaycan arasında daha güclü əlaqələr yaradacaqdır. Bu vəziyyətdə hər tərəf udur. Azərbaycan Avropada proqnozlaşdırılan sabit bazarı tapacaq, Avropa isə Azərbaycandan alternativ qaz mənbəyi əldə edəcəkdir.
Ümidvarıq ki, Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmayacaqdır.
Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatlarımız vardır. Artıq qeyd etdiyim kimi, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcəkdir. “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyinə xidmət edən layihədir. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək və ölkəmizin, eləcə də region ölkələrinin iqtisadi əməkdaşlıqdan yararlanması üçün əlavə imkanlar açacaqdır. Fikrimcə, müəyyən etdiyimiz məsələlər gündəliyimizin nə qədər məzmunlu olduğunu aydın şəkildə göstərir: regional əməkdaşlıq, təhlükəsizlik, siyasi islahatlar, demokratik proses və enerji əməkdaşlığı. Bütün bu elementlər münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Azərbaycan bunda maraqlıdır.
Biz mümkün qədər Avropaya yaxın olmaq istəyirik. Çox şadıq ki, Avropa tərəfindən də eyni yanaşmanı görürük.
Cənab sədr, bir daha dəvətinizə və qonaqpərvərliyinizə görə sağ olun.
X X X
Çox sağ olun. İndi isə biz sual və cavablara keçirik. Buyurun.
Azad Avropa radiosunun əməkdaşı Riçard Jozviak: Sualım cənab Əliyevədir. Siz necə əmin ola bilərsiniz ki, bu ilin oktyabrında keçiriləcək seçkilər azad, ədalətli və şəffaf olacaq, nəzərə alsaq ki, sizin siyasi opponentlərinizdən biri cənab Məmmədov həbs olunub?
Digər sualım Barrozuyadır. Azərbaycanda demokratiya və insan hüquqlarına dair vəziyyəti nəzərə alsaq, fikrinizcə, bu ölkə ilə Avropa İttifaqı arasında Assosiativ Müqavilə imzalanmalıdırmı?
Prezident İlham ƏLİYEV: İlk növbədə, qeyd etmək istəyirəm ki, mənim siyasi opponentlərimdən heç biri həbsdə deyildir.
Bu, tamamilə yanlış məlumatdır. Eyni zamanda, qeyd etmək istərdim ki, Azərbaycanda siyasi məhbus yoxdur. Əgər yanvar ayında Azərbaycanda siyasi məhbuslar haqqında hesabatı qəbul etməkdən imtina etmiş Avropa Şurası Parlament Assambleyası tərəfindən verilmiş şərhləri diqqətlə oxusanız anlayarsınız ki, bu mövzu bağlanıb. Azərbaycanda heç kəs siyasi zəmində həbs olunmayıb. Sərbəst toplaşma hüququ tamamilə təmin olunub, eyni vəziyyət media azadlığına da aiddir. Bizim azad internetimiz vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən çoxdur, senzura yoxdur, bütün siyasi partiyalar açıq və azad şəkildə fəaliyyət göstərirlər. Azərbaycan on ildən artıqdır ki, Avropa Şurasının üzvüdür. Cənab sədrin də dediyi kimi, gələn il biz bu mühüm təşkilata sədrlik edəcəyik. Biz demokratik inkişafa, insan hüquqlarına və azadlıqlarına dair bütün öhdəliklərimizi tam şəkildə yerinə yetiririk. Bununla da sualınızda verdiyiniz qiymətləndirmə ya yanlış məlumata, ya mənfi rəyə, ya da ki, sizdə süni şəkildə Azərbaycan haqqında yaradılmış təəssürata əsaslanır. Azərbaycan demokratik, sürətlə inkişaf edən, siyasi islahatlar həyata keçirən, Avropa Şurası və Avropa İttifaqı ilə yaxın əməkdaşlıq edən ölkədir. Prezident seçkilərinə gəlincə, hələ seçkilərə çox vaxt vardır. Seçki kampaniyası hələ başlamayıb. Azərbaycan Avropadan, Avropa təsisatlarından beynəlxalq müşahidəçiləri dəvət edəcək və bütün namizədlər üçün Azərbaycan xalqına öz proqramlarını, özlərini təqdim etmək üçün lazımi şərait yaradılacaqdır.
Əminəm ki, bu seçkilər tamamilə Azərbaycan xalqının iradəsini əks etdirəcəkdir. Dövlət buna nail olmaq üçün əlindən gələni edəcəkdir.
X X X
Xose Manuel BARROZU: Sağ olun. Demokratiya və insan hüquqları məsələsi Avropa İttifaqının bütün beynəlxalq tərəfdaşları ilə münasibətlərində əsas yer tutur. Biz bu məsələni çox səmimi və açıq şəkildə müzakirə etdik. Bunu dünyanın bütün ölkələri ilə edirik. Yaxşı bilirik ki, demokratiya gündəliyimizdə duran daimi məsələdir. Yeri gəlmişkən, bu, bizə də, Avropaya da aiddir. Bir çox hallarda beynəlxalq tərəfdaşlara dediyim kimi, Avropa da kamil deyildir. Biz bütün üzv dövlətlərdə və tərəfdaş ölkələrdə ən yüksək standartların təmin edilməsində diqqətli olmalıyıq. Bu dəyərlər Avropa siyasətinin və “Şərq tərəfdaşlığı” proqramının əsas hissəsidir. Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycan “Şərq tərəfdaşlığı”nda fəal iştirak edir. Bu dəyərlər bütün tərəfdaşlar tərəfindən onların siyasətində qəbul olunub və Praqa Zirvə Görüşündə qəbul edilmiş “Şərq tərəfdaşlığı” proqramına daxil edilib. Beləliklə, hesab edirik ki, ölkələr bu dəyərlərə hörmətlə yanaşmalıdır. Faktiki olaraq, biz bu məsələni tərəfdaşlarımızla, o cümlədən Azərbaycanla müzakirə edirik. Artıq qeyd etdiyim kimi, bu məsələni bu gün Prezident Əliyevlə çox açıq şəkildə nəzərdən keçirdik. Bu, “Şərq tərəfdaşlığı” çərçivəsində münasibətlərimizin dərinləşdirilməsi üçün çox əhəmiyyətlidir. Mən bu şərhə bir məsələni əlavə etmək istərdim. Azərbaycan bir neçə il öncə Sovet İttifaqının hissəsi olub. Totalitar rejim hökm sürürdü. O vaxt azadlıq, ümumiyyətlə, yox idi.
Beləliklə, bu gün böyük hörmət etdiyimiz Azərbaycanda, müstəqil suveren ölkədə olan vəziyyətə baxsanız, görərsiniz ki, Azərbaycan nə qədər yol keçib və biz əldə edilmiş çox böyük irəliləyişi etiraf etməliyik. Lakin bu, o demək deyildir ki, bütün standartlar gözlədiyimiz kimi yerinə yetirilib və bu baxımdan bizim Prezident Əliyevlə çox yaxşı fikir mübadiləmiz oldu.
Əlbəttə ki, Azərbaycan bizim tərəfdaşımızdır. Mən səmimiyyətlə inanıram ki, hər iki tərəfin bütün mümkün vasitələrlə açıq şəkildə müzakirələri məsələnin həllinin ən yaxşı üsuludur. Əlbəttə ki, bütün demokratik islahatlara dəstək verilməlidir.
Şəxsən əminəm ki, - bu, mənim şəxsi fikrimdir, – Prezident Əliyev suveren Azərbaycanın rəhbəri kimi ölkəsinin müasirləşdirilməsinə olduqca sadiqdir. O, bu ölkənin imici və nüfuzuna xüsusi diqqətlə yanaşır. Ölkə isə həqiqətən çox mühüm irəliləyişə nail olub. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin inkişafı olmadan müasirləşməyə nail olmaq mümkün deyildir. Bu, bizim Azərbaycan və digər tərəfdaşlarla apardığımız daimi dialoqun bir hissəsidir. Görürsünüz ki, hər ölkənin tarixi, coğrafiyası və üzləşdiyi çağırışlar baxımından spesifik durumu vardır. Səbəblər çoxdur. Bu baxımdan, fikrimcə, Azərbaycanla apardığımız tərəfdaşlıq, həmçinin sualınızda qeyd olunan narahatlığı da aradan qaldırmaq üçün düzgün tərəfdaşlıqdır. Bu, bizi də narahat edir. Azərbaycandakı dostlarımızla və bu gün Prezident Əliyevlə müzakirə etdiyimiz prioritet məsələlərin ən önündə gedən mövzudur.
X X X
“1news” informasiya agentliyinin əməkdaşı Rəhman Hacıyev:
Zati-aliləri qeyd etdiyi kimi, heç kəs kamil və səhvsiz deyildir. Biz bunu, həmçinin dövri olaraq Avropada görürük. Avropada da dinc nümayişlərin qarşısı polis qüvvələri tərəfindən qəddarlıqla alınır. Bu, iki yerdə baş verib: Frankfurtda və Londonda. Bundan öncə Yunanıstanda və bir sıra digər ölkələrdə də baş verib. Sualım ondan ibarətdir ki, Avropa təsisatları və rəsmilərinin oxşar məsələlərlə bağlı belə bir selektiv, ikili standart əsasında verdiyi qətnamə və bəyanatlarını necə şərh edərdiniz? Əlavə edərdim ki, bu, Avropa sərhədlərindən kənarda baş verəndə reaksiya dərhal, yubanmadan gəlir. Lakin bu, Avropada baş verəndə, həmin şəxslər sakit dayanırlar. Sağ olun.
Xose Manuel BARROZU: Siz çox fərqli bəyanat verdiniz. Əslində bu, sualdan çox bəyanata oxşayır. Mən aşağıdakıları söyləyə bilərəm. Avropa Komissiyası adından danışaraq deyə bilərəm ki, Avropa Komissiyası insan hüquqları və qanunun aliliyinə aid məsələlərə gəldikdə, mümkün qədər obyektiv olmağa çalışır. Biz bu sahədəki nüfuza xüsusi diqqət veririk. Biz obyektiv olmağa çalışırıq. Son illər ərzində biz bu işi, o cümlədən Avropa İttifaqı daxilində aparırıq. Söhbət burada bəzi üzv dövlətlərimizdə qanunun aliliyindən gedir. Avropa Komissiyası çox güclü və aydın şəkildə öz narahatlığını ifadə edir. Bəzi hallarda İttifaq qanunları pozulduqda biz Ədalət Məhkəməsinə üzv dövlət barədə müraciət edirik. Səmimi desək, siz Avropa Komissiyasını ikili standartlarda ittiham edə bilməzsiniz.
O ki qaldı sizin və sizin kimi şəxslərin mediada və ictimai rəydə təəssüratlarına, mən bunu qismən anlayıram. Reallıq ondan ibarətdir ki, stereotiplər vardır. Bu, bütün dünyada belədir. Nəinki Avropada, bütün dünyada. Bu cür stereotiplər aradan qaldırılmalıdır. Siz bunu bilirsiniz. Bəzi cəmiyyətlərin digərlərindən üstün olması, bir dövlətin digərindən vacib olması ideyalarına gəldikdə, bilirsiniz, mənim üçün dünyanın bütün ölkələri eyni ləyaqətə malikdir. Demokratiya və qanunun aliliyinə qayıdaq, siz bəzi ölkələrin adını çəkdiniz. Səmimi danışsaq, Avropada və Avropa İttifaqında fundamental azadlıqların və qanunun aliliyinin təmin edilməsində yüksək standartlarımız vardır. Fikrimcə, heç kəs buna şübhə etmir.
Burada və digər yerlərdə bəzi problemlər vardır. Heç kəs kamil deyildir. Lakin biz fərəh hissi ilə qeyd etməliyik ki, Avropa İttifaqında lazımi şəkildə formalaşmış demokratiyamız vardır. Mən bunu tam əminliklə deyirəm. Mən elə bir ölkədən çıxmışam ki, orada demokratiya yox idi. 18 yaşa çatanda mən 48 ildən çox hökm sürən avtoritar rejimin süqutunun şahidi oldum. Biz sonra demokratiya qurmağa başladıq. Bu, mənim ölkəmdə tam demokratiyaya çevrildi. İspaniyada və digər ölkələrdə, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində də demokratiya vardır. Orada da əvvəllər demokratiya yox idi.
Öncə onlar sovet təsiri altında idi. İndi isə, orada demokratiya vardır. Gəlin düz danışaq, Avropa və Avropa İttifaqı ölkələrində insan hüquqları və demokratiya yüksək səviyyədə təmin edilir. Lakin bu, o demək deyildir ki, problem yarananda biz diqqətli olmamalıyıq. Tərəfdaşlarımıza gəldikdə, fikrimcə, bu, qlobal dəyərlərdir və Ümumdünya insan hüquqları bəyannaməsində, həmçinin mühüm beynəlxalq konvensiyalarda öz əksini tapıb. Biz bu məsələni açıq şəkildə müzakirə etməliyik. Mən tamamilə əminəm ki, insanlar dövlətə deyil, dövlət insanlara, hər insana - kişiyə, qadına və uşağa xidmət etməlidir. Bunu xatırlamaq çox vacibdir. Bu ideologiya deyildir. Siz solçu, sağçı və mərkəzçi ola bilərsiniz.
Vacib odur ki, insanlara - kişi, qadın və uşaqlara xidmət edilməlidir və dövlət onların maraqlarına xidmət etməlidir.
Tərəfdaşlarımızla bu cür müzakirələr aparırıq və şadam ki, hazırda Azərbaycanda, həmçinin siyasi islahatlara, demokratiyaya və qanunun aliliyinə sadiqlik vardır və Prezident Əliyev indicə bunu öz çıxışında qeyd etdi.