İlham Əliyev Fələstinin xarici işlər naziri Riad Malkini qəbul etmişdir
10 iyun 2013, 18:30
Prezident İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə Fələstin Dövləti arasında fəal əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyəsindən razılığını bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu dedi və biznes, sərmayə qoyuluşu sahəsində imkanların araşdırıldığını vurğuladı. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın möhkəmləndirilməsi ilə bağlı vacib məsələlərin müzakirə edilməsinin önəmini diqqətə çatdırdı. Xalqlarımız arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Fələstinlə bağlı təşəbbüsləri dəstəkləməsinin əhəmiyyətini vurğuladı.
Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki ölkəsi ilə əməkdaşlığın genişləndirilməsinə dair fikirlərinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın məktubunu dövlətimizin başçısına təqdim etdi. Xarici işlər naziri Riad Malki məktubda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın dövlətimizin başçısına salamlarının və BMT Baş Assambleyasında Fələstinin “qeyri-üzv müşahidəçi dövlət” kimi tanınması ilə bağlı keçirilən səsvermədə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığının yer aldığını dedi.
Dövlət başçısı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın məktubuna və salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstinin dövlət başçısına çatdırmağı xahiş etdi.