İlham Əliyev Banqladeşin xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
10 iyun 2013, 18:00
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Banqladeşin xarici işlər naziri Dipu Moni Banqladeşin Prezidenti Abdul Həmidin və Baş nazir Şeyx Hasina Vazedin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu vurğulayan nazir bu əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Azərbaycan ilə Banqladeş arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin iqtisadi əməkdaşlıq, birgə layihələr və digər sahələrdə də inkişaf etdirilməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Banqladeşin xarici işlər naziri Dipu Moninin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Banqladeşin Prezidenti Abdul Həmidin və Baş nazir Şeyx Hasina Vazedin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeşin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.