İlham Əliyev Rusiyanın Azərbaycandakı səfirini qəbul etmişdir
03 iyun 2013, 17:15
Prezident İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul etmişdir.
Səfir Vladimir Doroxin dövlətimizin başçısına Rusiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubiley münasibətilə xatirə markasının buraxıldığı barədə məlumat verərək markanın nümunələrini Prezident İlham Əliyevə təqdim etdi.
Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və ölkəmizin ümumi inkişafında müstəsna rolu qeyd edilərək onun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində göstərdiyi böyük xidmətlər ehtiramla xatırlandı. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.