İlham Əliyev Əfqanıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
30 may 2013, 19:10
Prezident İlham Əliyev Əfqanıstanın xarici işlər naziri Zalmai Rassulun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xarici işlər naziri Zalmai Rassul Əfqanıstan Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın Əfqanıstanla bağlı müxtəlif beynəlxalq humanitar proseslərdə iştirakının əhəmiyyəti qeyd edildi, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminlik bildirildi.
Dövlətimizin başçısı Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.