İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul etmişdir
22 may 2013, 15:15
Prezident İlham Əliyev Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqunu qəbul etmişdir.
İkinci dəfə ölkəmizdə səfərdə olduğunu vurğulayan Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqun ötən dövr ərzində paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Qambiya Prezidenti Yəhya Cammehin məktubunu dövlətimizin başçısına təqdim etdi.
Dövlət başçısı Qambiya Prezidenti Yəhya Cammehin məktubuna görə minnətdarlığını bildirdi. Azərbaycan ilə Qambiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləmələrinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Qambiyanın xarici işlər naziri xanım Susan Vaffa-Oqunun ölkəmizə səfərinin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirdi.