İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti və iri şirkətlərin rəhbərləri ilə görüşmüşdür
14 may 2013, 13:45
Prezident İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti Georq Kapş və iri şirkətlərin rəhbərləri ilə görüşmüşdür.
Avstriya Sənaye Federasiyasının prezidenti Georq KAPŞ dedi:
- Cənab Prezident.
Cənab səfir, xanımlar və cənablar. Sizinlə bilavasitə ünsiyyət imkanı yaratdığınız üçün təşəkkür etdirəm. Əslində Sizinlə Avstriya Sənaye Federasiyasında görüşməli olsaq da, vaxtınızın az olmasını nəzərə alaraq burada, “İmperial” otelində görüşürük.
Avstriyaya ilk rəsmi səfəriniz çərçivəsində bizimlə ünsiyyət qurduğunuz üçün çox məmnunuq. Ölkələrimiz ərazi ölçülərinə görə çox oxşar olsalar da, təbii ehtiyatlar nöqteyi-nəzərindən Azərbaycan nəzərəçarpacaq dərəcədə üstünlüyə malikdir.
Son ildə ticarət dövriyyəsi üç dəfə artmışdır ki, bu da sizi üstün edir. İndi sizin Avstriyaya ixracınız bizim Azərbaycana ixracımızdan çoxdur. Yenə də vəziyyətin yaxşılaşmağını müşahidə etməyə şadıq. Bizim şirkətlər Şərqi Avropaya və daha da şərqdə yerləşən ölkələrə sərmayə qoyulmasında maraqlıdırlar. Əminəm ki, Sizin Vyanaya səfəriniz münasibətlərimizi daha da dərinləşdirəcəkdir.
Bilirsiniz ki, Avropa təbii ehtiyatlardan çox asılıdır. Bizim elə də çox təbii resurslarımız yoxdur, xüsusilə də Avstriyanın. Ona görə də biz Azərbaycan tərəfdən təminata böyük ümid bəsləyirik. Beləliklə, Sizin bəzi boru kəmərlərini dəstəkləyəcəyinizi gözləyirik, xüsusilə də “Nabukko”nu. Özünüz də bilirsiniz ki, bu, bizim üçün nə qədər vacibdir. Sizin dövlət borcunuzun az olması bizə böyük təəssürat bağışlayır, çünki bu borc heç 12 faiz təşkil etmir. Bizim dövlət borcumuz 70 faizdən çoxdur.
Bu, Sizə sərmayə qoyuluşu, infrastruktur və iqtisadi layihələr üçün geniş imkanlar, yeni üfüqlər açır. Belə ki, bu, sənaye üçün mütləq şərtdir. Lazım olan anlarda sizə dəstək olacağıq. Düşünürəm, bizim Şərq ölkələri ilə tarixi əlaqələrimiz mövcuddur. Elə zənn edirəm ki, biz bir-birimizin mentalitetinə yaxşı bələdik. Buna görə də Qərbi Avropa ölkələrinə nisbətən biz daha da yaxınıq. Bu da bizə böyük üstünlük verir. Çox sağ olun.
Sizin daha bir üstünlüyünüz vardır – ölkəniz nəqliyyat yollarının qovuşuğunda yerləşir. Siz Qərb ilə Şərqi birləşdirən nəqliyyat şəbəkəsinin mərkəzində yerləşirsiniz. Bu, həm də daşımalar nöqteyi-nəzərindən çox gözəl məkandır. Bizə belə imkan yaratdığınız, buraya təşrif buyurduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Avstriya Sənaye Federasiyası ilə əlaqə saxlamağınız bizim üçün böyük şərəfdir.
X X X
Prezident İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:
- Təşəkkür edirəm. Çox sağ olun. Sizi görməyimə çox məmnunam. Buraya, otelə gəldiyinizə görə Sizə minnətdaram.
Sizin də qeyd etdiyiniz kimi, səfər gündəliyim çox sıxdır. Dünən çoxlu görüşlərim olub, onların hamısı çox vacib və məhsuldar idi. Bu gün də proqramımı davam etdirirəm. Dünən Prezident Fişerlə birgə biz Avstriya-Azərbaycan biznes forumunda iştirak etdik. Bu, son iki ildən də az vaxt ərzində keçirilən artıq ikinci belə forum idi. Birinci forum Prezident Fişerin 2011-ci ildə Bakıya səfəri zaman baş tutmuşdu. Biz, eyni zamanda, Avstriya və Azərbaycan işgüzar dairələrinin ikitərəfli iqtisadi əməkdaşlıq sahəsində də daha fəal olmalarını dəstəkləyirik. Çünki belə gözəl siyasi əlaqələrə malik olaraq, iqtisadi əməkdaşlığı genişləndirmək üçün biz bu imkandan istifadə etməliyik.
Dünən Prezident Fişerlə dostluq və tərəfdaşlığa dair Bəyannamə imzaladıq. Bəyannamənin adı özü-özlüyündə bunu təsdiqləyir. Bu, doğrudan da, tərəfdaşlıq və dostluqdur. Sizin dediyinizlə tamamilə razıyam. Həqiqətən ölkələrimiz arasında çoxlu bənzərliklər vardır, xalqlarımız bir-birini daha da yaxından tanımağa çalışırlar. Avstriya şirkətlərinin Azərbaycanda çox mühüm layihələrdə iştirakı nəticəsində Azərbaycanda ölkənizə, xalqınıza və əlbəttə ki, işgüzar dairələrə gəldikdə ictimai rəy ümumilikdə çox müsbətdir. Biznes dairələri nəinki infrastrukturun inkişafı baxımından vacib layihələri icra edirlər, o cümlədən Bakıda yeni incəsənət əsərlərini yaradırlar, paytaxtdakı yeni binalar zövqlü və gözəl olması və əlbəttə, funksional ölçüləri ilə diqqəti cəlb edir.
Siz keçmişdəki iqtisadi inkişafımızın əsas istiqamətlərini qeyd etdiniz. Bu, isə enerji sahəsi idi. Bu da təbiidir. Yenicə müstəqilliyini qazanmış ölkə üçün bu, sərmayələri cəlb etmək baxımından əsas yol idi. Bu işin öhdəsindən gəldik.
Hazırda sərmayələri qeyri-enerji sektoruna cəlb edirik. Bu, prioritetdir. Enerji məsələlərində biz demək olar ki, bütün strateji layihələri həyata keçirdik. Azərbaycan nefti üçün beynəlxalq bazarlara dəhliz açdıq. Qaz üçün regional bazarlara çıxışı təmin etdik. Hazırda biz, həmçinin Azərbaycan tərəfindən irəli sürülmüş “Cənub qaz dəhlizi” üzərində işləyirik. “Cənub qaz dəhlizi”nin reallaşdırılması üçün bir çox praktiki addımlar atmışıq və üzərimizə maliyyə öhdəlikləri götürmüşük. Bu layihə Avropa üçün təchizat, bizim üçün qanunvericiliklə tənzimlənən və çox etibarlı olan yeni böyük proqnozlaşdırılan bazara giriş olacaqdır. Bu, Avropa və Azərbaycan üçün hər tərəfdən uduşlu variantdır. Əlbəttə ki, Avstriya ilə biz hökumət səviyyəsində, şirkətlər səviyyəsində işləyirik. Əminəm ki, biz məhsuldar əməkdaşlığımızı davam etdirəcəyik. Siz düzgün qeyd etdiniz ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi vardır. Lakin nəqliyyat infrastrukturu və logistika dəstəyi olmadan bunun o qədər də böyük mənası yoxdur. Bakıda qovşağın yaradılmasına böyük sərmayələr yatırırıq. Hava ilə daşımalar və dəmir yolu xətlərinə gəldikdə, hazırda Azərbaycan regional əməkdaşlıqda, həmçinin regionda mühüm rol oynayır. Çünki bizim Əfqanıstandakı missiyaya dəstəyimizə gəldikdə biz Əfqanıstana və geriyə birbaşa və asan çıxışın təmin edilməsində ən mühüm rollardan birini oynayırıq. Hazırda biz Avropa və Azərbaycan arasında dəmir yol əlaqəsini nəzərdə tutan böyük infrastruktur layihəsinin həyata keçirilməsinin sonuncu mərhələsindəyik. Ümidvarıq ki, bu ilin sonuna qədər layihəni tam başa çatdıracağıq və tarixi İpək Yolunu bərpa edəcəyik.
Bir tərəfdən Çin, digər tərəfdən isə Avropa arasındakı məsafə daha da qısalacaqdır. Təbii ki, Azərbaycan bu vəziyyətdən yararlanacaqdır. Biz bu layihəyə böyük sərmayələr yatırmışıq.
Hazırda əsas məqsədimiz şaxələndirmədir. Siz qeyd etdiniz ki, çox yaxşı maliyyə durumu vardır. Xarici borcumuz qeyd etdiyinizdən də aşağıdır. Dövlətin xarici borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir. Valyuta ehtiyatları xarici borcla müqayisədə 7-8 dəfə artıqdır. Başqa sözlə, biz xarici borcu bir günə ödəyə bilərik və heç kimin də bundan xəbəri olmaz. Lakin bu pul vəsaitlərinin müəyyən hissəsi gələcək dövr üçün nəzərdə tutulub və biz bundan istifadə etməliyik. Bəzi vəsaitləri hələ ki, kredit kimi götürürük. Lakin, eyni zamanda, artıq kreditora çevrilmişik. Məsələn, bu ilin yanvarında biz beynəlxalq maliyyə korporasiyası ilə müxtəlif layihələr üçün 150 milyon ABŞ dollarının kredit kimi ayrılması haqqında saziş imzalamışıq. Bir sözlə, maliyyə vəziyyəti, milli valyuta, sərmayə mühiti sabitdir. Keçmiş Sovet İttifaqı ərazisində adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə birinci yerdəyik. Əlbəttə ki, bu sərmayələrin əsas hissəsi neft və qaz sektoruna yatırılıb. Hazırda digər sahələr, xüsusilə də turizm, xidmətlər sahəsi inkişaf edir. Avstriya şirkətləri infrastrukturumuzu inkişaf etdirməyə yardım edir. Başqa sözlə, bu günə qədər apardığımız əməkdaşlığın səviyyəsindən razıyıq. Lakin bu əməkdaşlıq hazırda yalnız podratçı öhdəlikləri ilə məhdudlaşır. Avstriya şirkətləri əsasən dövlət büdcəsi hesabına və özəl sektorun maliyyələşdirdiyi mühüm layihələrdə iştirak edirlər. Mən daha çox Avstriya şirkətlərini investor kimi görmək istəyirəm. Çünki sərmayə mühiti çox yaxşıdır. İmkanlar da yaxşıdır. İnşaat, turizm, ağır sənayedə yeni layihələr vardır. Biz ağır sənayeyə sərmayələrin cəlb edilməsinin yeni mexanizmini yaratmışıq. Burada texnoloji parkların yaradılması nəzərdə tutulur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı sürətlə gedir. Böyük sərmayə yatıran şirkətlər üçün çox güzəştli vergi rejimi tətbiq ediləcəkdir.
Azərbaycanda kosmos sənayesi inkişaf edir. Bu ilin fevralında biz ilk peykimizi buraxdıq. Kənd təsərrüfatının böyük potensialı vardır. Avropadan bu sahəyə böyük yatırımlar vardır. Bu da çox əlverişlidir. Həm ölkə, həm sərmayədarlar üçün çox yaxşıdır. Başqa sözlə, biz hər tərəfdən uduşlu vəziyyət yarada bildik. Xarici və yerli sərmayədarlar imkanlardan istifadə edirlər. Hökumət də bundan istifadə edir.
Ötən il Azərbaycana 22 milyard dollar sərmayə yatırılıb. Bizim ölkə üçün bu, kifayət qədər böyük məbləğdir. Son beş il ərzində göstəricilər oxşar olub, bir çox işlər görülüb. Burada, bildiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən və işləməyi planlaşdıran şirkətlərin nümayəndələri əyləşib. Hesab edirəm ki, bu format gördüyümüz işləri və mövcud imkanları nəzərdən keçirmək üçün çox səmərəli ola bilər. Burada müxtəlif sahələr üzrə məsul olan nümayəndə heyətinin üzvləri vardır. Fikrimcə, onların məhsuldar müzakirələri olacaqdır. Bu görüşə görə çox sağ olun.
X X X
Sonra Avstriyanın iqtisadi sahədə tanınmış şirkətlərinin rəhbərləri Azərbaycan Prezidentinə təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verdilər. Onlar Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini yüksək qiymətləndirdilər.
Azərbaycan ilə Avstriya arasında yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni sahələrin müəyyənləşdirilməsində maraqlı olduqlarını bildirdilər.
Görüşdə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.