İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda müasir anqar və aerovağzal komplekslərində tikinti işlərinin gedişi ilə tanış olmuş, Beynəlxalq Logistika Mərkəzinin açılışında iştirak etmiş, yeni alınmış sərnişin təyyarələrinə baxmışdır
06 may 2013, 16:00
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda “Silkway Technics” şirkətinin yeni inşa olunan anqar kompleksi ilə tanış olmuş, Beynəlxalq Logistika Mərkəzinin açılışında iştirak etmiş, təzə alınmış AİRBUS A340-500 sərnişin təyyarələrinə baxmışdır. Dövlətimizin başçısı yeni aerovağzal kompleksinin tikintisi ilə də maraqlanmışdır.
Azərbaycanda hava yolları ilə sərnişindaşımanın həyata keçirilməsi üçün ilk aerovağzal binası 1933-cü ildə tikilmişdir.
Ölkədə beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və 1999-cu ildə istismara verilmişdir. O vaxtlar cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.
Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın inkişafında da mühüm rol oynamışdır. Son illər Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə müasir standartlara cavab verən Naxçıvan Beynəlxalq Aeroportu istifadəyə verilmişdir.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2006-2011-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə aeroportlar istismara verilmişdir. Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.
Hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın 13 ölkəsinə, o cümlədən 20-dən çox şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır. Nəhəng aviaşirkətə çevrilmiş “Azərbaycan Hava Yolları” həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə də liderlərdən biri sayılır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanması, bu çərçivədə yeni anqar kompleksinin inşasının sona çatdırılması ölkənin baş hava limanının strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda əvvəlcə “Silkway Technics” şirkətinin yeni tikilmiş anqar kompleksi ilə tanış oldu.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına məlumat verdi ki, tikintisinə 2011-ci ildə başlanan yeni anqar kompleksində hava gəmilərinə texniki xidmət göstərmək üçün hər cür şərait vardır. Burada quraşdırılan avadanlıq texniki xidməti dünya standartları səviyyəsində həyata keçirməyə imkan verir. Ümumi ərazisi 26 min kvadratmetr olan kompleksin anqar hissəsinin sahəsi 16 min kvadratmetrdir. Eni 160, hündürlüyü 23, dərinliyi 95 metr olan anqarda eyni vaxtda ən böyük hava gəmisi olan iki “Boinq-747” təyyarəsinə, həmçinin dargövdəli 8-10 təyyarəyə texniki xidmət göstərmək üçün bütün zəruri şərait vardır. Ofis, anbar, inzibati bölmə və digər texniki otaqların yerləşdiyi kompleksdə yeni texniki xidmət sahələri də yaradılmışdır. Anqarda təyyarələrin interyerinə, şassilərinə, akkumulyatorlarına, qəza-xilasetmə avadanlığına xidmət göstərmək mümkündür. Quraşdırılan xüsusi avadanlıq təyyarə gövdəsinin xaricində olan bütün hissələrə rahatlıqla yaxınlaşmağa və xidmət göstərməyə imkan verir.
Daha sonra dövlətimizin başçısı aeroportda tikilmiş Beynəlxalq Logistika Mərkəzinin açılışında da iştirak etmişdir.
Prezident İlham Əliyev mərkəzi işə saldı.
Məlumat verildi ki, mərkəzin ümumi sahəsi 12 min 800 kvadratmetrdir. Burada iki qaldırıcı konveyerli transportyor, altı avtomatik qapı, o cümlədən paletləşdirilmiş yüklərin qəbulu və buraxılması üçün konveyerli qapı quraşdırılmışdır. Beynəlxalq Logistika Mərkəzində 30 və 14 tonluq tərəzilər qoyulmuşdur. Burada eyni vaxtda 2200 ton, yaxud 5800 kubmetr paletlərdə yük saxlanıla bilər. Mərkəzin ümumi yük dövriyyə qabiliyyəti gündəlik 1200 ton, yaxud 7000 kubmetr olmaqla illik 430 min ton və ya 2 milyon 500 min kubmetrə bərabərdir. Cənubi Qafqazda yalnız Azərbaycanda olan bu Beynəlxalq Logistika Mərkəzində mənfi 18 dərəcədən müsbət 20 dərəcəyədək bütün növ xüsusi temperatur rejimi tələb edən tez xarab olan yüklər, o cümlədən bitki və heyvan mənşəli yüklər, tibbi preparatlar saxlanıla və emal edilə bilər.
Yüklərin qeydiyyatı və izlənməsi üçün xüsusi məlumat sistemi yaradılmışdır. Maksimal yük dövriyyəsi nəzərə alınmaqla hər növbə üzrə burada 44 nəfər çalışacaqdır.
Prezident İlham Əliyev yeni alınmış iki AİRBUS A340-500 sərnişin təyyarələrinə də baxdı.
Məlumat verildi ki, maksimal sürəti saatda 890 kilometr olan bu hava gəmiləri birbaşa 15 min 742 kilometr məsafə qət edə bilir. Bu da öz növbəsində uzaqməsafəli uçuşları daha səmərəli həyata keçirməyə imkan yaradır. AİRBUS A340-500 təyyarələri bu gün dünyanın ən nüfuzlu aviaşirkətləri tərəfindən istifadə edilir. 237 yerlik avialayner sərnişinlərin rahatlığını təmin və uçuşları maraqlı təşkil etmək üçün bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Bildirildi ki, “Azərbaycan Hava Yolları” aviaparkın daha da müasirləşdirilməsi istiqamətində gələcəkdə də fəaliyyəti davam etdirəcəkdir.
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda inşa olunan yeni aerovağzal kompleksi ilə də tanış oldu.
Qeyd edildi ki, yeni kompleksin ümumi sahəsi 65 min kvadratmetrdir. Burada 24 lift, 30 eskalator, 37 xüsusi X-Ray aparatı quraşdırılacaqdır. Yeni kompleksdə sərnişinlərin və işçilərin rahatlığını təmin etmək üçün bütün zəruri tədbirlər reallaşdırılacaqdır. Kompleksdə sərnişinlərin qeydiyyatı üçün 41, pasport nəzarəti üçün isə 52 köşk qoyulacaqdır. Bundan əlavə, kompleksdə kafe, restoran və digər xidmət obyektləri fəaliyyət göstərəcəkdir. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımalarında xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Müasir standartlara cavab verəcək aerovağzal kompleksi ildə üç milyon sərnişinə xidmət göstərmək gücündədir. Üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir. Mövcud terminal vasitəsilə yerli aviareyslər həyata keçiriləcəkdir. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcəkdir. Aerovağzal binasının ərazisində eyni vaxtda 13 təyyarəni qəbul edə biləcək teleskopik pilləkən quraşdırılacaqdır.
Görülən işlərlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.