İlham Əliyev Bakının Nizami rayonunda salınacaq parkın ərazisi ilə tanış olmuşdur
30 sentyabr 2010, 18:01
Prezident İlham Əliyev Bakının Nizami rayonunda salınması nəzərdə tutulan parkın və burada quraşdırılacaq musiqili fəvvarənin ərazisi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə bir neçə ildir ki, Bakı şəhərində parkların və xiyabanların yenidən qurulması, sakinlərin və paytaxtımıza gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində xeyli iş görülmüşdür. Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Dövlətimizin başçısının tapşırığı ilə Bakının Nizami rayonu ərazisində salınacaq yeni park da paytaxtda həyata keçirilən silsilə abadlıq və quruculuq işlərinin davamıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov salınacaq yeni parkın ərazisi ilə tanış olan dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, parkda postamenti 10 metr olmaqla 60 metr hündürlüyündə musiqili od fəvvarəsinin inşası nəzərdə tutulur. Qeyd olundu ki, fəvvarənin postamenti yumru təpəcikdən ibarət olacaqdır. Fəvvarə 500 beton dayaq üzərində qurulacaqdır. Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllur və 316 L markalı paslanmayan metaldan hazırlanacaqdır. Tikinti işlərində ABŞ-ın və Almaniyanın “Schott Class”, İngiltərənin “Aspinallis” şirkətləri iştirak edəcəkdir. Büllur işlərini İngiltərənin “Wilkinson pls” şirkəti həyata keçirəcəkdir. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirəcəklər. Musiqili fəvvarə postamentin altında quraşdırılacaq avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev ərazi ilə yaxından tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, parkda, həmçinin dünyanın ən nadir ağac və bitki kollarının əkiləcəyi nəzərdə tutulur. Parkın ərazisinə üç tərəfdən giriş olacaqdır. Kompleksin ətrafında insanların rahat istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev quraşdırılacaq musiqili od fəvvarəsinin maketinə də baxdı. Daha sonra salınacaq yeni parkın infrastrukturunu, yaşıllıq zolaqlarını, quraşdırılacaq musiqili od fəvvarəsini və əhaliyə göstəriləcək yüksək səviyyəli xidməti əks etdirən filmin nümayişi oldu.
Yeni yaradılacaq parkın ərazisi və həyata keçiriləcək işlərlə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev kompleksdə inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verdi.