İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
03 may 2013, 13:50
Sumqayıta səfəri çərçivəsində Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev parkında yaradılmış şəraitlə tanış oldu.
Parkın girişində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, park sakinlərin istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir. Burada şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını mənalı və maraqlı keçirmələri üçün hər cür şərait yaradılmışdır. İstirahət məkanında balacalar üçün xüsusi attraksionlar quraşdırılmışdır. Kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu istirahət məkanını Sumqayıtın ən gözəl yerlərindən birinə çevirmişdir.
Prezident İlham Əliyev parkda inşa olunmuş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Diqqətə çatdırıldı ki, Mərkəzin yaradılması ilk növbədə sumqayıtlıların dahi rəhbərin xatirəsinə yüksək ehtiramını nümayiş etdirir. Yeni Mərkəz həm də Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsində və təbliğində mühüm rol oynayır.
Mərkəzdəki eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoyması və hazırda ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.
Bildirildi ki, ümumi sahəsi 1040 kvadratmetr olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevə aid kitablar və sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illərdə Sumqayıta səfərləri əks olunmuşdur.
Mərkəzdə Prezident İlham Əliyevin Sumqayıta səfərləri ilə bağlı fotoguşə də yaradılmışdır. Burada konfrans zalı, inzibati hissə, rəsm və dizayn studiyası, elektron kitabxana, virtual sinif və kompyuter kursu otaqları fəaliyyət göstərir. Bütövlükdə Mərkəz Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gənclərin intellektual səviyyələrinin yüksəldilməsində mühüm əhəmiyyətə malik olacaqdır. Heydər Əliyev Mərkəzi həm də şəhərin görünüşünə əlavə gözəllik verir.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi.