İlham Əliyev Qobustandakı Bayraq Meydanında yaradılmış şəraitlə tanış olmuşdur
01 may 2013, 17:05
Prezident İlham Əliyev Qobustana səfəri çərçivəsində rayon mərkəzindəki parkda Bayraq Meydanında yaradılmış şəraitlə tanış olmuşdur.
Ölkəmizdə dövlət rəmzlərimizə hörmət və məhəbbət Ulu Öndərin xalqımıza ən böyük əmanətlərindən biridir.
Müstəqilliyimizin hər bir atributunun Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilməsi Prezident İlham Əliyevin Bakıda möhtəşəm Bayraq Meydanının yaradılması barədə qərarından qaynaqlanır. İndi ölkənin hər bir bölgəsinin ən uca, ən baxımlı yerində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Qobustan rayonunun mərkəzində yaradılmış Bayraq Meydanı da sakinlərin ən çox üz tutduqları məkanlardan biridir.
Məlumat verildi ki, iki hektar ərazini əhatə edən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metrdir. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılmışdır.
Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.