İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir
29 aprel 2013, 20:10
Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir.
Komitənin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz!
Cənab Prezident! Əziz dostlar və qonaqlar! Sizi Azərbaycanda görməkdən çox şadam. Xoş gəlmisiniz! Ümid edirəm ki, ölkəmizdə olmağınızdan məmnun qalacaqsınız. Bu, Koordinasiya Komitəsinin ilk görüşüdür. Sözsüz ki, siz artıq başlanılmış hazırlıq işlərinin şahidi olacaqsınız. Bu, böyük məsuliyyətdir. Çünki bu, birinci Avropa Oyunlarıdır, bu, böyük sınaqdır.
Ümidvaram ki, birgə səylər nəticəsində Olimpiya Hərəkatı tarixində ən yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail ola biləcəyik. Bu, bizim məqsədimizdir. Biz indi çox fəal şəkildə çalışırıq, sözsüz ki, bu gün və sabah təqdimatlar keçiriləcəkdir.
Əlbəttə ki, sizin tövsiyələriniz yüksək qiymətləndiriləcəkdir. Çünki bildiyiniz kimi, Olimpiya Oyunları kimi böyük tədbirin təşkilində bizim təcrübəmiz yoxdur. Baxmayaraq ki, keçmişdə biz dünya və Avropa çempionatlarına ev sahibliyi etmişik, Avropa Oyunları fərqli səviyyəli və sözsüz ki, xüsusi diqqət tələb edən oyunlardır. Bir daha xoş gəlmisiniz və Bakıda xoş günlər keçirməyinizi arzu edirəm.
X X X
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi:
-Cənab Prezident, çox təşəkkür edirəm. Həmkarlarım adından qeyd etmək istəyirəm ki, burada olmaqdan son dərəcə məmnunuq. Mən 2001-ci ildə Sizin Milli Olimpiya Komitəsinə çox fəal rəhbərlik etdiyiniz bir dövrdə ilk dəfə Azərbaycana səfərimi yaxşı xatırlayıram. Biz fəxr edirik ki, Siz indi də Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edirsiniz. Həmin vaxt Jak Roqq Avropa Olimpiya Komitəsinin prezidenti, mən isə vitse-prezidenti idim. Siz həmin vaxt İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etdiniz. Biz o zaman Bakıda çox xoş günlər keçirdik. Bu gün biz yenidən Bakıdayıq.
Cənab Prezident, tam əminliklə deyirəm ki, biz burada tarix yazırıq. Bu, çox nadir bir hadisədir. Əminəm ki, Sizin və bütün azərbaycanlı həmkarlarımın səyləri nəticəsində ilk Avropa Oyunları ölkənizdə sözün əsl mənasında uğur qazanacaqdır. Biz isə öz növbəmizdə mümkün olan bütün vasitələrlə bu işə köməyimizi göstərməyə hazırıq. Avropada bu oyunlara böyük maraq vardır. Düşünürəm ki, hər iki tərəfin birgə əməkdaşlığı nəticəsində böyük uğurlar qazanacağıq. Fürsətdən istifadə edərək Koordinasiya Komitəsinin Yunanıstandan olan sədri Spiros Kapralosu təqdim etmək istərdim. O, burada iştirak edənlərdən yeganə şəxsdir ki, Olimpiya Oyunlarında qalib gəlib.
X X X
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros KAPRALOS Prezident İlham Əliyevə ilk Avropa Oyunlarına ev sahibliyi etməyə qərar verdiyinə görə təşəkkür etdi. “Bu, Sizin ölkəniz üçün çox əlamətdar hadisə olacaqdır”, - deyən Spiros Kapralos birinci Avropa Oyunlarına ev sahibliyi etməyin əhəmiyyətinə toxunaraq bildirdi:
-Bu, çox məsuliyyətli tədbirdir. Çoxnövlü idman oyunlarına ev sahibliyi etmək çox çətindir. Hazırlıq işləri üçün vaxtımız olduqca məhduddur. Oyunları yüksək səviyyədə təşkil etmək bizim ümumi məqsədimizdir. Çünki prezident Hikkinin də söylədiyi kimi, bu, tarixdə qalacaqdır. Biz, bu masa ətrafında əyləşən bütün ekspertlər Azərbaycan tərəfinə bu möhtəşəm oyunları təşkil etmək işində öz köməklərini əsirgəməyəcəklər.
X X X
Avropa Olimpiya ailəsinə bu beynəlxalq idman tədbirinin Bakıda keçirilməsi barədə verdikləri qərara görə minnətdarlığını bildirən, bunun çox əhəmiyyətli və rəmzi qərar olduğunu vurğulayan Prezident İlham ƏLİYEV dedi:
-Biz bunu Azərbaycan tərəfinə göstərilən yüksək etimad kimi qiymətləndiririk. Düşünürük ki, Azərbaycan bu cür yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etmək iqtidarındadır. Siz düzgün olaraq qeyd etdiniz ki, bizim vaxtımız çox məhduddur. Yay Olimpiya Oyunlarına hazırlıq işləri 6-7 il çəkirsə, bizim cəmi iki ilimiz vardır. Lakin biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində təşkil etmək əzmindəyik. Biz bu oyunları yüksək səviyyədə təşkil etməyə çalışacağıq və sözsüz ki, bu, Avropa Olimpiya ailəsi tarixində ilk oyunlar kimi yadda qalacaqdır. Bu, gələcək oyunlar üçün müəyyən meyarlar formalaşdıracaqdır.
Ümid edirəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq.
X X X
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ:
-Cənab Prezident! Bu oyunlara göstərdiyiniz diqqətə və davamlı dəstəyinizə görə bir daha təşəkkür edirəm. Bilirəm ki, siz Olimpiya hərəkatında çox böyük təcrübəyə malik olan insansınız, bütün işlərin qaydasında olmasına daim nəzarət edirsiniz.
X X X
Daha sonra Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr KOZLOVSKİ çıxış edərək dedi:
-Cənab Prezident! Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı məmnunluğumu ifadə etmək istərdim. Qeyd edim ki, Bakı son illər ərzində inanılmaz dərəcədə dəyişib. Bu gün Bakı Avropanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Buraya gələrkən yolda biz hər yerdə böyük tikinti işlərinin aparıldığının şahidi olduq. Əminəm ki, bir neçə ildən sonra Bakının daha da inkişaf etməsinin şahidi olacağıq.
X X X
Aleksandr Kozlovski Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına sambo idman növünün daxil edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etdi. Dövlətimizin başçısı qeyd etdi ki, sambo Azərbaycanda da çox populyardır və bu növdə ölkəmizin bir neçə qat dünya çempionları vardır. Prezident İlham Əliyev bu məsələnin nəzərdən keçiriləcəyini diqqətə çatdırdı. Daha sonra dövlətimizin başçısı dedi ki, Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Bildirdi ki, bu prosesə bir neçə il əvvəl başlanıb və artıq Gimnastika Mərkəzi, Su İdman Növləri Mərkəzi, Olimpiya Stadionunun tikintisinin aparılması, əvvəldən inşa olunmuş komplekslərin hazırda yenidən qurulması yarışların keçirilməsində heç bir çətinliyin olmayacağından xəbər verir.
Avropa Oyunlarının şəhərimizə gələn hər bir qonağın xatirəsində əbədi qalacağına əminliyini bildirən Prezident İlham ƏLİYEV dedi:
-Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa irsinin burada əsrlər boyu mövcudluğunu göstərir. Eyni zamanda, onu göstərir ki, nəinki “Eurovision” mahnı müsabiqəsi, eləcə də Avropa Oyunları Azərbaycanda keçirilə bilər. Bizim əsas məqsədlərimizdən biri şəhərdə elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif buyuran istər idmançı, istər qonaq, istərsə də turist özünü evindəki kimi rahat, təhlükəsiz hiss etsin və bu möhtəşəm beynəlxalq tədbirdən zövq alsın.
X X X
Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez KOCİJANÇİÇ çıxış edərək ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarının əhəmiyyətini qeyd etdi və bu oyunların yüksək səviyyədə təşkilində Azərbaycan tərəfinə uğurlar arzuladı.
X X X
Patrik HİKKİ: Cənab Prezident! Biz fəxr edirik ki, Sizin həyat yoldaşınız, Birinci Xanım təşkilat komitəsinə rəhbərlik edir. Bu, bizim üçün çox əhəmiyyətlidir.
X X X
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Onun “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinə sədrliyi uğurlu olub. Avropa Yayım Birliyi, eləcə də bu cür tədbirlərin təşkilatçılarının fikirlərinə görə müsabiqə çox uğurlu şəkildə təşkil edilib, bu son illərdə ən yaxşı müsabiqələrdən biri olub. Onun yaxşı təcrübəsi vardır. O da, həmçinin Olimpiya ailəsinin üzvüdür. On ildən artıqdır o, Azərbaycan Milli Gimnastika Federasiyasının prezidentidir. O, Milli Olimpiya Komitəsinin üzvüdür. Fəxr edirəm ki, ölkənin Prezidenti olmamışdan 6 il əvvəl, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, onu göstərir ki, mən prezident kimi öz vəzifəmdən istifadə edərək Olimpiya Komitəsinin rəhbəri olmamışam. Mən Olimpiya ailəsindən bu vəzifəyə gəlmişəm. Açığını desəm, çox şadam ki, mən hələ də bu vəzifədəyəm, çünki bu, necə deyərlər, ümumiyyətlə, bizim siyasətin istiqamətini göstərir və həmçinin müəyyən mənada idmançılarda əlavə inam yaradır. Onlar görürlər ki, ölkənin
Prezidenti, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəridir. Eyni zamanda, mən Avropa Olimpiya Komitəsinin Prezidenti ilə şəxsi dostluq münasibətlərimizi yüksək qiymətləndirirəm. Biz bir-birimizi 10 ildən artıqdır tanıyırıq. Mən, həmçinin Koordinasiya Komitəsinin bu cür geniş tərkibdə təşkilindən məmnunluq duyuram. Bu, bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir və praktik nöqteyi-nəzərdən düşünürəm ki, bu əhəmiyyətli beynəlxalq tədbirin təşkilində önəmli rol oynayacaqdır. Bir daha xoş gəlmisiniz!
X X X
Sonda xatirə şəkli çəkdirildi.