Latviya Respublikasının Prezidenti Andris Berzinş Heydər Əliyev Fondu ilə tanış olmuşdur
24 aprel 2013, 20:00
Latviya Respublikasının Prezidenti Andris Berzinş Heydər Əliyev Fondu ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ali qonağa xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, Fond Ulu Öndərin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Latviya Prezidenti ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldu.
Fondla tanışlıq zamanı Prezident Andris Berzinşə məlumat verildi ki, Ulu Öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz Ümummilli Liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.
Latviya dövlətinin başçısı Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.
Ali qonağa Heydər Əliyev Fondunun xatirə hədiyyəsi təqdim edildi.
Prezident Andris Berzinş Fonddan zəngin təəssüratla ayrıldı.