İlham Əliyev Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimində iştirak etmişdir
19 aprel 2013, 12:35
Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimi olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
2012-ci il avqustun 30-da Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsinə dair Sərəncam imzalamışdır. Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılmışdır. Koreya Respublikasının “Securo CO.LTD” şirkəti sarayın layihələndirmə işlərini qısa müddətdə başa çatdırmışdır.
Prezident İlham Əliyev tikintidə iştirak edəcək yerli və xarici mütəxəssislərlə görüşdü.
Dövlətimizin başçısı Su İdmanı Sarayının layihəsi ilə tanış oldu. Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, sarayın inşası üçün 6 hektar torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 46 min kvadratmetr olan saray ən müasir standartlar səviyyəsində tikiləcək və Beynəlxalq Üzgüçülük Federasiyanın tələblərinə tam cavab verəcəkdir.
İspaniyanın “Pujol Arquitectura” şirkətinin rəhbəri Yoakim Puyol bildirdi ki, sarayda üç üzgüçülük hovuzu tikiləcəkdir.
Uzunluğu 50, eni 25, dərinliyi 3 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulmuşdur. İkinci hovuzda isə məşqlər keçiriləcəkdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları və digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcəkdir. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq olacaqdır. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə hər cür şərait yaradılacaqdır. Su İdmanı Sarayı, həmçinin paytaxt Bakının ümumi görünüşünə əlavə yaraşıq verəcəkdir.
Dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.
İnşaatçılarla görüşən Prezident İlham ƏLİYEV onları təbrik edərək dedi:
-Ölkəmiz, şəhərimiz üçün yeni idman mərkəzi - Su İdmanı Sarayı tikilir. Gözəl hadisədir. Əlbəttə, bu böyük layihənin icrasında Azərbaycan şirkətlərinin iştirakı əsas şərtdir.
Əvvəlki illərdə daha çox xarici şirkətlər Azərbaycanda bu cür obyektləri tikmişlər. Ancaq indi bizim öz təcrübəmiz vardır. Xarici şirkətlər əlbəttə ki, iştirak edirlər və burada bir beynəlxalq əməkdaşlıq formatı yaranır. Yerli şirkətlərimiz indi nəinki Azərbaycanda, başqa ölkələrdə də iş görürlər.
Bu obyektin istifadəyə verilməsi həm Avropa Oyunlarının keçirilməsi üçün lazımdır, eyni zamanda, şəhərimiz üçün, sakinlər üçün. Uşaqlar, yeniyetmələr gəlib burada məşq edəcəklər, üzgüçülüklə məşğul olacaqlar. Adi vətəndaşlar da istifadə edəcəklər. Çünki Bakıda faktiki olaraq belə böyük hovuz yoxdur. İndi biz bütün şəhərlərdə yeni hovuzlar tikirik.
Əminəm ki, bu işlərə böyük məsuliyyətlə yanaşacaqsınız. Sizə uğurlar arzulayıram.
Prezident İlham Əliyev Su İdmanı Sarayının inşasının yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.