İlham Əliyev Mingəçevirdə yenidənqurma işlərinin aparıldığı Sahil parkı ilə tanış olmuşdur
17 aprel 2013, 15:10
Prezident İlham Əliyev Mingəçevirdə yenidənqurma işlərinin aparıldığı Sahil parkı ilə tanış olmuşdur.
Parkın yenidənqurmadan əvvəlki vəziyyətinin şəkillərindən ibarət stendə baxan dövlətimizin başçısına məlumat verildi ki, bu istirahət mərkəzinin ərazisi uzun illər baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüşdü və şəhərin ümumi görünüşünə xələl gətirirdi. Sahil parkının yenidən qurulmasına ötən ilin martında başlanmış, bu ilin aprelində başa çatdırılmışdır. Tikinti işləri ən yüksək standartlar səviyyəsində aparılmışdır. Ümumi ərazisi üç min kvadratmetr olan parka gələn insanların avtomobilləri rahat saxlamaları üçün xüsusi dayanacaq da inşa edilmişdir. İstirahət guşəsində geniş ərazidə yaşıllıq işləri aparılmış, müxtəlif ağac və gül kolları əkilmişdir. Xüsusi güldanlar parkın görünüşünə əlavə yaraşıq verir. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan 200 oturacaq qoyulmuşdur. Parkın işıqlandırma sistemi ən müasir səviyyədə qurulmuşdur. Böyük monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif videogörüntüləri izləmək mümkün olacaqdır.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, hazırda Kür çayı üzərində sərnişin daşıyan asma kanat liftinin quraşdırılması prosesi gedir. Uzunluğu 212 metr olacaq kanat yolu gün ərzində min nəfərin daşınmasına imkan verəcəkdir. Parkda balacaların istirahəti diqqət mərkəzində saxlanılmış, onlar üçün hər cür şərait yaradılmışdır. Burada müasir attraksionlar və uşaq yelləncəkləri quraşdırılmış, məşəl kompleksi isə xüsusi zövqlə hazırlanmışdır.
Parka üz tutan qonaqlar, eləcə də yerli sakinlərin istirahəti hərtərəfli düşünülmüşdür. İstirahət məkanındakı iaşə obyektləri, fəvvarələr xüsusi zövqlə inşa olunmuşdur. Mərmər üzlüklə bəzənən bu fəvvarələr parkın ümumi görünüşünü daha da zənginləşdirir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır. İstirahət guşəsinin ətrafındakı kommunal binaların dam örtükləri təmir edilmişdir. İndi tamamilə yeni görkəm alan Sahil parkı şəhər sakinlərinə dəyərli hədiyyə olmaqla yanaşı, həm də Mingəçevirin görkəminə xüsusi yaraşıq verir.
Dövlətimizin başçısı işlərin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.