Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Dünya Forumunda İlham Əliyevin nitqi
12 aprel 2013, 11:00
- Əziz dostlar!
Əziz qonaqlar!
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əziz məzunları!
Sizi Azərbaycanda səmimi qəlbdən salamlamaq, sizə “Xoş gəlmisiniz!” demək və əmin olduğumu bildirmək istəyirəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumu layiqli səviyyədə, bizim ənənələrimiz ruhunda, qarşılıqlı anlaşma, dostluq ruhunda keçəcəkdir. Əminəm ki, bu gün bizim görüşümüzdən yaranan təəssüratlar uzun müddət yadımızda qalacaqdır.
Fikrimcə, bu gün bizim hər birimiz - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları təxminən eyni hissləri keçirir. Yəqin ki, biz fikrən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğumuz illərə qayıdır, müəllimlərimizi minnətdarlıq hissi ilə xatırlayır, kurs yoldaşlarımızı, dostlarımızı, həyatımızın müəyyən anlarını xatırlayırıq. Bütün bunlar təbiidir və yəqin ki, bu hisslər Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu haqqında xoş xatirələrlə yaşayan məzunların hamısını birləşdirirdi. Lakin bu gün, biz birlikdə bu foruma toplaşdığımız vaxtda güman edirəm ki, burada mövcud olan ab-hava bizim xatırladığımız, heç vaxt unutmayacağımız və qiymətləndirdiyimiz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı ab-havanı tam əks etdirir.
Doğrudan da, MDBMİ çox dərin və möhkəm ənənələrə əsaslanan institutdur, indi universitetdir. Mənə dərs deyənlərin hamısına, mənim müəllimlərimə, professorlara, fakültə rəhbərlərimə təşəkkürümü bildirmək istərdim. Bizim rektorumuz, böyük insan Nikolay İvanoviç Lebedevə xüsusi təşəkkürümü bildirmək istərdim. Dünən Nikolay İvanoviçlə xeyli, təxminən iki saat söhbət etdik və əlbəttə, mənim təhsil aldığım və Nikolay İvanoviçin rəhbərliyi altında işlədiyim illəri xatırladıq, biz xarici siyasət məsələləri, regional problemlər barədə daha çox danışdıq. Mən bir daha yəqin etdim ki, Nikolay İvanoviç nəinki müasir beynəlxalq həyat məsələlərini necə dərindən və hərtərəfli bilir, həm də baş verən bütün hadisələri çox dəqiq təhlil edir. Əlbəttə, bir daha demək istəyirəm ki, bizim dünənki görüşümüz mənə çox güclü təsir bağışladı. Onu da qeyd etmək istəyirəm ki, mənim fikrimcə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda bizim bu gün qayğı ilə qoruyub saxladığımız əsas ənənələrin təməli məhz Nikolay İvanoviç Lebedevin rəhbərliyi altında qoyulmuşdur. 1970-1980-ci illərdə onun rəhbərliyi altında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ölkənin aparıcı ali məktəblərindən birinə çevrilmiş, bu markanı uca saxlamışdır.
Lakin hər şey müqayisədə bilinir. Mən onu da xatırlayıram ki, Nikolay İvanoviç Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan gedəndən sonra təkcə bizim institutda deyil, bütövlükdə ölkədə heç də yaxşı olmayan dövr başlandı. Kadrlarla bağlı hərc-mərclik yaranmışdı, praktiki olaraq hər il rektorlar dəyişdirilirdi və belə deyək, bizim institutun sabitləşmə və yenidən çiçəklənmə dövrü artıq Anatoli Vasilyeviç Torkunovun rəhbərliyi altında başlandı.
Zənnimcə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bütün məzunları ona səmimi qəlbdən minnətdardırlar ki, o, bizim ənənələri qoruyub saxlayır, möhkəmləndirir, artırır. Bu gün onun rəhbərliyi altında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya səviyyəli, dünya miqyaslı ali məktəbdir və Azərbaycanda da çoxları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almağa çalışır. Onu da qeyd etməliyəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı ənənələr bizə də sirayət etmişdir. Bizim ailə ənənələri davam edir. Mən çox şadam ki, Leyla da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaxşı təhsil almışdır.
Düşünürəm ki, dünən və bu gün sadəcə ünsiyyətdə olmaq, olub-keçənləri xatırlamaq, həmçinin müasir siyasətin, beynəlxalq həyatın, iqtisadi münasibətlərin mühüm məsələlərini müzakirə etmək üçün yaxşı imkan olmuşdur və olacaqdır. Ona görə ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları bir sıra ölkələrdə məsul vəzifələr tutur, çox mühüm məsələləri həll edir və əlbəttə, bu gün Bakıda onların bir araya gəlməsi, düşünürəm ki, bizim təmsil etdiyimiz ölkələr arasında daha artıq yaxınlaşmaya təkan verəcəkdir.
Mənim həyatımın 15 ili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Orada oxumuşam, sonra aspiranturaya daxil olmuşam, işləmişəm. Bu, unudulmaz illərdir. Yəqin ki, hər kəs üçün ən yaxşı illər gənclik, formalaşma illəridir. Mübaliğəsiz, tam səmimi deyə bilərəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım bilik və təcrübə bu gün mənə işimdə kömək edir.
Bu gün biz hamımız Azərbaycanda toplaşmışıq. Buna görə ölkəmizin son illərdə keçdiyi yol barədə bir neçə söz demək istərdim. Müstəqillik illəri çox mürəkkəb şəraitdə başlanmışdı, çox ziddiyyətli proseslər gedirdi, müstəqilliyin ilk illəri hərc-mərclik, anarxiya, özbaşınalıq, vətəndaş müharibəsinə və sadəcə iqtisadi kollapsa gətirib çıxarmış iğtişaş illəri idi. Sənaye staqnasiya vəziyyətində idi, inflyasiya göstəricisi min faizlərlə ölçülürdü, ümumiyyətlə, Azərbaycanın müstəqil dövlət kimi inkişaf perspektivləri çox böyük sual altında idi. Lakin ən həlledici anda Azərbaycan xalqının müdrikliyi özünü onda göstərdi ki, xalq Heydər Əliyevə müraciət etdi və onu ölkəni ağır böhrandan çıxarmağa çağırdı. Hətta statistikaya nəzər salsaq, iqtisadi və siyasi prosesləri müşahidə etsək, 1993-cü ildən sabitləşmə dövrü başlandı. Azərbaycan informasiya blokadasından çıxdı, qonşu ölkələrlə, region ölkələri ilə müstəqilliyin ilk illərində tamamilə korlanmış əlaqələri yenidən qurub möhkəmlətdi və sabitləşmə, inkişaf, dünya birliyinə inteqrasiya dövrü başlandı. Sonradan bu proseslər genişlənmiş, sürətlənmiş və artıq 2000-ci illərdən başlayaraq Azərbaycanın inkişaf dinamikası gündəlik həyatda da, ölkəmizin artan beynəlxalq nüfuzunda da təzahür etməyə başladı.
Son on ildə iqtisadi sahədə xeyli uğurlar qazanılmışdır, Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə inkişaf etməkdə olan ölkələrdən biridir. Son on ildə iqtisadiyyat 3 dəfə artmış, sənaye potensialı da təxminən 3 dəfə yüksəlmişdir. İri infrastruktur layihələri həyata keçirilmiş, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 6 faizə düşmüşdür, işsizlik göstəricisi 5 faiz həddindədir, xarici borcun həcmi təxminən ÜDM-in 7-8 faizi qədər, valyuta ehtiyatlarının həcmi isə təxminən ÜDM-in 70 faizi civarındadır. Ölkəmiz iqtisadi baxımdan özünü təmin edir. Çoxlu sosial məsələlər həll edilir. Əlbəttə, energetika indiyə qədər iqtisadiyyatın əsası olaraq qalır və bu təbiidir, çünki sənaye üsulu ilə dünyada ilk dəfə neft hasilatı Bakıda olmuşdur, dəniz yataqlarından ilk neft də dünyada ilk dəfə Bakıda çıxarılmışdır. Neft-qaz sahəsində ənənələr qorunub saxlanır və möhkəmlənir. Təbii ki, müstəqil Azərbaycanın inkişafının ilk mərhələsində enerji amili bizə kömək etmişdir. Zənnimcə, biz bu sərvətdən düzgün istifadə edə bilmişik və təbii sərvətləri cəmiyyətin üzvləri arasında bərabər bölüşdürməyə nail olmuşuq.
Lakin indiki mərhələdə, enerji məsələləri ümumiyyətlə desək, bütövlükdə uğurla həll edildiyi bir vaxtda bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirməkdir. Burada da çox iş görülür, hələ daha çox işlər görülməlidir. Lakin cari ilin ilk üç ayının statistikası göstərir ki, qeyri-neft sektorunun iqtisadiyyatı 11 faizdən çox artmışdır və bu, artıq Azərbaycan iqtisadiyyatının şaxələnməsinin göstəricisidir. Müasir texnologiyalara, informasiya-kommunikasiya texnologiyalarına çoxlu sərmayə qoyulur. Bu ilin fevral ayında Azərbaycanın “Azərspace-1” adlı ilk süni telekommunikasiya peyki buraxılmışdır. Beləliklə, Azərbaycan kosmik ölkələr klubuna daxil olmuşdur. Mənim fikrimcə, bugünkü Azərbaycan reallıqlarını məhz bu əks etdirir və bizim gələcək məqsədlərimizi göstərir. Çünki texnoloji tərəqqi, innovasiyalı iqtisadiyyat olmadan uğurla inkişaf etmək mümkün deyildir.
Düşünürəm ki, qabaqcıl ölkələrin təcrübəsindən, əlbəttə, istifadə etmək olar və lazımdır. Lakin, eyni zamanda, müasir ixtisaslı kadrların hazırlanması istiqamətində çox iş görmək lazımdır və bu istiqamətdə böyük iş aparılır. Bizim tələbələrin dünyanın aparıcı ali məktəblərində, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alması üzrə Dövlət Proqramı vardır. Beləliklə, zəruri kadr potensialı yaradılır. Bunsuz ölkə iqtisadiyyatını istədiyimiz sürətlə inkişaf etdirmək, sadəcə mümkün olmayacaqdır. Ona görə ki, artıq qeyd etdiyim kimi, indi şaxələndirilmiş inkişaf gedir. Artıq dediyim kimi, Azərbaycanda iqtisadiyyatın əvvəllər, ümumiyyətlə, mövcud olmayan sektorları, məsələn İKT, turizm sahəsi fəal inkişaf edir və bu istiqamətdə hələ çox iş görülməlidir.
Onu da deməliyəm ki. Azərbaycanın iqtisadi uğurları aparıcı beynəlxalq strukturlar tərəfindən də qeyd edilmişdir. Üç aparıcı reytinq agentliyi – “Fitch”, “Moody’s” və “Standard & Poors” agentlikləri Azərbaycanın kredit reytinqini artırmışlar, halbuki Avropa ölkələrinin çoxu əks mənzərə ilə qarşılaşır.
Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti üzrə dünyada 46-cı yerdə və MDB-də birinci yerdədir. Zənnimcə, bu da onun göstəricisidir ki, biz iqtisadiyyatın və sənayenin birtərəfli inkişafından imtina edə bilmişik və hazırlanmış təməl gələcəkdə, əlbəttə, yalnız ölkəmizin xeyrinə işləyəcəkdir.
Enerji diplomatiyası ilə bağlı məsələlər uğurla həyata keçirilir. Mənim fikrimcə, müasir şəraitdə bu termin tamamilə əsaslıdır, çünki enerji təhlükəsizliyi məsələləri çox vaxt bütövlükdə təhlükəsizlik məsələlərinə çevrilir. İndiki halda Azərbaycan öz təbii ehtiyatları, coğrafi mövqeyi və neft-qaz resurslarının nəqli üçün inkişaf etmiş infrastruktur sayəsində getdikcə daha əhəmiyyətli rol oynayır. Qonşularımızla çox səmərəli əlaqələr yaradılmışdır. Azərbaycan bütün qonşu ölkələrə neft, qaz, elektrik enerjisi ixrac edir və təbii ki, bu sahədə, xüsusən istehsalçı ölkələr arasında əməkdaşlıq indiki mərhələdə xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, istehsalçılar, əlbəttə, bazarlara maraq göstərirlər, onların maraqları ümumidir.
Deməliyəm ki, enerji diplomatiyası məsələsi xarici siyasət məsələsi ilə birbaşa bağlıdır. Bu auditoriyada Azərbaycanın xarici siyasət təşəbbüsləri ilə əlaqədar bəzi məsələlərə toxunmamaq, yəqin ki, düzgün olmazdı. Biz çox fəal xarici siyasət yeridirik, bu siyasət artıq çoxdan bizim regionun çərçivələrindən kənara çıxmışdır. Tərəfdaşlarımız bizim regional miqyasda irəli sürdüyümüz təşəbbüsləri, əsasən, dəstəkləyirlər. Bu təşəbbüslər ilk növbədə, iqtisadi inkişaf məsələləri, inteqrasiya prosesləri, energetika ilə bağlıdır. Biz həm də qlobal beynəlxalq problemlərlə əlaqədar çox fəal müstəqil xarici siyasət kursu həyata keçiririk.
Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması, zənnimcə, son dövrün mühüm hadisələrindən biridir. Hesab edirəm ki, bu əlamətdar hadisə Azərbaycanın xarici siyasət səylərinin müasir vektorunu əks etdirir və zənnimcə, qlobal miqyasda çox aktiv xarici siyasi fəaliyyətin daha bir elementidir. Qoşulmama Hərəkatının bizim iştirak etdiyimiz birinci sammitində bu hərəkatın üzvləri tərəfindən bizə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi ilə bağlı göstərilən dəstək seçimimizin düzgün olmasını bir daha sübut edir.
Dağlıq Qarabağ münaqişəsi bölgənin və Azərbaycanın təhlükəsizliyinə əsas təhdiddir. Bu münaqişənin nizamlanmaması regiondakı bütün ölkələrə mənfi təsir göstərir. Beynəlxalq miqyasda qəbul edilmiş hüquq normaları var, həmin normalar bu münaqişənin nizamlanması yollarını diktə edir: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal altında olan bütün ərazilər – Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər beynəlxalq hüquqa görə həmin ərazilərin sahibinə qaytarılmalıdır.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanınmışdır və qeyd-şərtsiz bərpa edilməlidir.
Biz danışıqlar prosesinə əlavə impuls verməyə çalışırıq. Təəssüf ki, qarşı tərəf süründürməçilik taktikası yeridir, bu, perspektivsizdir. Bu gün Azərbaycanla rəqabət aparmaq və ya düşmənçilik etmək artıq əvvəllər olduğundan daha çətindir, gələcəkdə isə bu, sadəcə mümkün olmayacaqdır. Buna görə də münaqişənin beynəlxalq hüquq prinsipləri, Helsinki Yekun Aktı, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tezliklə tənzimlənməsi bütün əlaqədar tərəflərin mənafeyinə uyğundur. Belə sənədlər arasında, əlbəttə, ilk növbədə, erməni işğalçı qüvvələrinin bizim ərazidən dərhal və danışıqsız çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini qeyd etmək istərdim. 20 il bundan əvvəl qəbul edilmiş bu qətnamələr, təəssüf ki, yerinə yetirilmir və burada biz ikili standartların daha bir təzahürü, daha bir elementi ilə üzləşirik. Biz hamımız, necə deyərlər, keçmiş və indiki beynəlxalq hüquq mütəxəssisləri kimi dünyada nələr baş verdiyini çox gözəl bilirik. Onu da gözəl bilirik ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində icra olunur. Bizimlə bağlı halda isə artıq 20 ildir ki, bu qətnamələr kağız üzərində qalır. Bu, Təhlükəsizlik Şurasının və bütövlükdə BMT-nin nüfuzunu artırmır. Hesab edirəm ki, münaqişənin tezliklə tənzimlənməsi bu gərəksiz ikimənalılığı və təəssüf ki, müasir beynəlxalq fəaliyyətdə hələ yetərincə çox olan ikili standartlar elementlərini də aradan qaldırar.
Azərbaycanın elə həmin, Qarabağa dair qətnamələr qəbul etmiş Təhlükəsizlik Şurasına üzv seçilməsi də onun üçün mühüm beynəlxalq hadisədir. Bu, bizim xarici siyasi fəaliyyətimizin zirvəsi olmuşdur. Bizi 155 ölkə dəstəkləmişdir və bizi fəal dəstəkləmiş bütün ölkələrə, ilk növbədə qonşularımıza ürəkdən minnətdarıq. Çünki Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində bizi ən fəal dəstəkləyən qonşularmız, - buna görə onlara bir daha səmimi təşəkkürümü bildirirəm, - habelə bir sıra başqa ölkələr, yəni, əslində dünya birliyi olmuşdur. Bəzən müəyyən tribunalardan dünya birliyi terminini eşidəndə nədənsə bu ifadədən istifadə edənlər üzvlərinin sayı çox olmayan hansısa regional təşkilatlar nəzərdə tuturlar. Dünya birliyi – BMT-dir, dünya birliyi – biz hamımızıq, bütün ölkələrdir. Bu, ən çox inkişaf etmiş və ya seçilmiş ölkələrin hansısa klubu deyil, biz hamımızıq. Biz hamımız bərabərik, bütün qanunlara görə - həm təbiətin qanunlarına, həm də beynəlxalq hüququn qanunlarına görə bərabər hüquqlara malikik. Buna görə də dünya birliyinin fəal dəstəyi, – bir daha deyirəm, bizim namizədliyimizə 155 ölkə səs vermişdir, - bizim uğurlu xarici siyasətimizin təsdiqidir.
Sonda sizi bir daha salamlamaq, buraya gəldiyinizə görə hamınıza bir daha təşəkkürümü bildirmək istərdim. Mən bilirəm ki, siz hamınız çox məşğul adamlarsınız, öz ölkələrinizdə çox mühüm vəzifələr tutursunuz və bununla belə buraya gəlməyə, bir daha birlikdə olmağa imkan tapmısınız. Bu, bizim bir-birimizə, ilk növbədə, bizim doğma Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna bəslədiyimiz hisslərin göstəricisidir. Sizin diqqətinizi həm də ona cəlb etmək istərdim ki, bizim forum məzunların I Ümumdünya forumu adlanır. Bu, o deməkdir ki, bu forum sonuncu olmayacaqdır. Bəlkə də nəyisə artıq indi müzakirə etmək hələ tezdir, bəlkə də bunun əsl vaxtıdır. Lakin indicə söyləyəcəyim bir neçə amil nəzərə alınmaqla, mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikinci forumunu da Azərbaycanda keçirməyi təklif edərdim.
Bir qədər qeyri-təvazökarlıq da olsa, deməliyəm ki, həmin amillərdən biri ondan ibarətdir ki, hələlik mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan yeganə prezidentəm. Bilirsinizmi, bəlkə də müəyyən şəraitdə yeganə olmaq xoşdur, lakin səmimi deyirəm, indiki halda mən istərdim ki, bizim məzunlar arasından həmkarlarım kampaniyası daha geniş olsun. Güman edirəm ki, gələcəkdə biz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət və hökumət başçılarının forumunu keçirəcəyik. Əgər bu məsələyə əlifba nöqteyi-nəzərindən yanaşsaq, burada da Azərbaycan irəlidədir. Hələ onu demirəm ki, soyad üzrə yanaşsaq, yenə belədir. Buna görə bir daha tam ciddi şəkildə demək istəyirəm ki, biz bir ildən, iki ildən sonra, nə vaxt qərara alsaq, yenidən burada toplaşaraq ünsiyyətimizi davam etdirməyə çox şad olardıq.
Bir daha xoş gəlmisiniz, bizim foruma uğurlar diləyirəm!