Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04 aprel 2013, 18:15
Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin qorunması və təbliği mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yerli televiziya kanallarının həmin istiqamətdə yayımladığı telefilmlər ölkənin ictimai-siyasi və mədəni həyatında gündən-günə daha böyük rol oynayır. Bununla əlaqədar Azərbaycan hökuməti milli kino istehsalına, o cümlədən telefilmlərin çəkilişinə diqqəti getdikcə artırır. 2011-ci ildə bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış beş milyon manatlıq maliyyə vəsaiti günün aktual mövzularına həsr olunmuş telefilmlərin çəkilişinə təkan vermişdir.
Bu sahədə aparılan işlərin əhəmiyyətini və davam etdirilməsinin zəruriliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2013-cü il.