Aqil Abbasdan, Bakı, Azərbaycan
04 aprel 2013, 13:15
Möhtərəm Prezident!
Yazıçı kimi əməyimi yüksək qiymətləndirərək məni dövlətimizin ali mükafatı - “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bunu yalnız öz adımdan deyil, sözü, şeri, sənəti qiymətləndirən, ölkənin mənəvi sütunlarının qədir-qiymətini bilən bütün vətəndaşlarımız adından edirəm. Çünki bu ordeni təkcə mənə deyil, ümumiyyətlə, ədəbiyyatımıza və söz sənətimizə verilən ali mükafat kimi dəyərləndirirəm.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin inkişafına və dünyada təbliğ edilməsinə xüsusi diqqət və qayğı göstərirsiniz.
Azərbaycan ədəbiyyatının (təkcə klassiklərimizin deyil, həm də müasir şair və yazıçılarımızın əsərlərini) latın qrafikası yüksək tirajla nəşr edilərək yeni nəslə çatdırılması, görkəmli ədiblərimizin yubiley tədbirlərinin təkcə ölkəmizdə deyil, həm də dünyanın müxtəlif ölkələrində keçirilməsi, onların əsərlərinin nəfis şəkildə nəşrləri, adlarının ədəbiləşdirilməsi, elm və incəsənət xadimlərinə, yaradıcı şəxslərə Prezident təqaüdünün verilməsi, dünya ədəbiyyatı nümunələrinin orijinaldan birbaşa doğma dilimizə tərcümə olunması, ən inkişaf etmiş ölkələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, yuxarıda qeyd etdiyim kimi məhz Sizin ədəbiyyatımıza, mədəniyyətimizə və incəsənətimizə xüsusi diqqət və qayğınızın təzahürüdür.
Hörmətli cənab Prezident, Sizin uğurlu iqtisadi siyasətiniz nəticəsində Azərbaycan regionda lider dövlətə çevrildiyi kimi, mədəni inkişaf baxımından da təkcə regionda deyil, Avropada söz sahibidir. Paris, Roma kimi Bakı da Avropanın mədəniyyət mərkəzinə çevrilmişdir. Dünyanın bir çox beynəlxalq iqtisadi və mədəni forumları, konqresləri və tədbirlərinin Bakıda keçirilməsi buna əyani sübutdur. Onu da qeyd edim ki, ölkəmizin iqtisadi inkişafı nəticəsində bu tədbirlər təkcə Bakıda deyil, bölgələrdə də yüksək səviyyədə və uğurla keçirilir.
Möhtərəm Prezident, mənim üçün bu əziz gündə fürsətdən istifadə edib həm öz adımdan, həm də ssenari müəllifi olduğum “Dolu” filminin bütün yaradıcı heyəti adından Sizə təşəkkürümü bildirirəm. Sizin Sərəncamınız və Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan bu film artıq xarici dillərə tərcümə olunmuş və dünyanın bir neçə ölkəsində uğurla nümayiş etdirilməkdədir. Bu filmin Tbilisidə təqdimat mərasimi keçirilərkən Gürcüstan kino ictimaiyyətini inandıra bilmirdik ki, bu film, eləcə də hər il çəkilən neçə-neçə bədii, sənədli filmlər, televiziya serialları məhz Sizin müvafiq Sərəncamınızla, dövlət vəsaiti hesabına ekranlaşdırılır. Onlar bizim dediklərimizə əmin olduqdan sonra mədəniyyət və incəsənətə belə diqqət və qayğı göstərdiyinizə görə Sizə Gürcüstanın kino ictimaiyyətinin də minnətdarlığını çatdırmağı xahiş etdilər.
Çox hörmətli Prezident, Qarabağdan seçilmiş millət vəkili kimi bildirmək istəyirəm ki, Qarabağ camaatı Sizin xarici və daxili siyasətinizi yüksək qiymətləndirir, Sizin Ali Baş Komandan kimi tezliklə işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyinizə və Müqəddəs Bayrağımızı Şuşada dalğalandıracağınıza inanırlar.
Möhtərəm Prezident, məni bu ali mükafata layiq gördüyünüzə görə həm öz adımdan, həm də Məmməd Araz ailəsi adından bir daha Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çalışacağam ki, bu etimadı yeni-yeni əsərlərimlə doğruldum.
Sizə uzun ömür, cansağlığı və Azərbaycanın müstəqilliyi, dünyada qüdrətli dövlətə çevrilməsi istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram.
Tanrı Azərbaycanımızı qorusun! Tanrı Sizi qorusun!
Hörmətlə,
Aqil Abbas, yazıçı.
Azərbaycan Respublikası, Bakı şəhəri.