İlham Əliyev Mərakeş Krallığının daxili işlər nazirini qəbul etmişdir
18 mart 2013, 18:00
Prezident İlham Əliyev Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri qəbul etmişdir.
Daxili işlər naziri Mohaned Lanser Mərakeş Kralı VI Məhəmmədin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Mohaned Lanser “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi ” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. 2006-cı ildə ölkəmizə səfər etdiyini xatırlayan qonaq ötən dövr ərzində paytaxtımızda böyük inkişafın şahidi olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının və bir-birilərini daim dəstəkləməsinin önəmini qeyd etdi.
Prezident İlham Əliyev Kral VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi.