“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ
16 noyabr 2026, 13:31
Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 16 noyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. İnformasiya sistemi “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 547 nömrəli Fərmanının 2.1-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsini, habelə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsini, fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, göstərilən xidmətlərin, həmçinin xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tələb olunan məlumatların (sənədlərin) transsərhəd ötürülməsini, eləcə də bu çərçivədə məlumatların (sənədlərin) informasiya sistemi vasitəsilə təhlükəsizlik standartlarına və beynəlxalq tələblərə uyğun olaraq formalaşdırılmasını, toplanılmasını, mübadiləsini və izlənilməsini, informasiya sistemində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
1.3. İnformasiya sisteminin formalaşdırılmasının məqsədi xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsindən, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsindən, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılmasından, yük axınlarının “ağıllı” idarə edilməsindən, eləcə də bu sahə üzrə təhlillərin aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
1.4. İnformasiya sistemində yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların informasiya sistemində toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların informasiya sistemində toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər qanunla qadağan olunmayan mənbələr (dövlət büdcəsinin vəsaitsi istisna olmaqla) hesabına maliyyələşdirilir.
1.7. İnformasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.9. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
2. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu
2.1. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznesyönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, informasiya sisteminin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə informasiya sistemindən istifadəni və məlumat (sənəd) mübadiləsini təmin edir.
2.3. İnformasiya sisteminin fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. İnformasiya sisteminin qurulma topologiyasına uyğun olaraq, telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. informasiya sisteminin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – operatorun struktur bölmələri tərəfindən;
2.4.2. informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. İnformasiya sistemində formalaşdırılan, ona daxil edilən və ötürülən məlumatlar informasiya sisteminin informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli informasiya sisteminin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə informasiya sistemi, o cümlədən informasiya sistemində toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. İnformasiya sisteminin altsistemləri
3.1. İnformasiya sisteminin strukturuna aşağıdakı altsistemlər daxildir:
3.1.1. “Ticarət bələdçisi” altsistemi;
3.1.2. “Dövlət xidmətləri” altsistemi;
3.1.3. “Biznes xidmətləri” altsistemi;
3.1.4. “Təhlil və hesabatlılıq” altsistemi;
3.1.5. “Məlumatlandırma” altsistemi;
3.1.6. “İdarəetmə” altsistemi.
3.2. “Ticarət bələdçisi” altsistemi vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatlarının həyata keçirilməsi, sərhədkeçmə prosedurları (ölkəyə gəlmə, qeydiyyat və ölkədən getmə), daşıma qaydaları və şərtləri, habelə tələb edilən sənədlər (məlumatlar) haqqında məlumatlandırma, informasiya sorğularının göndərilməsi və cavablandırılması təmin edilir.
3.3. “Dövlət xidmətləri” altsistemi vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətləri ilə bağlı müraciətlərin qəbulu, emal edilməsi üçün aidiyyəti dövlət informasiya sistemlərinə və ehtiyatlarına göndərilməsi, habelə müraciətlərin normativ hüquqi aktlara uyğun olaraq cavablandırılması təmin edilir.
3.4. “Biznes xidmətləri” altsistemi vasitəsilə ekspeditorlar və daşıyıcılar barədə məlumatlara əlçatanlıq, onlarla müştərilərin əlaqələndirilməsi, həmin subyektlər tərəfindən göstərilən xidmətlərə müraciətlərin qəbulu və cavablandırılması, bu subyektlər arasında mülki-hüquqi müqavilələrin elektron qaydada bağlanılması, nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi, bağlanılmış müqavilələrin və tərtib edilən sənədlərin (məlumatların) təqdim olunması, daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi, eləcə də bankların, bank olmayan kredit təşkilatlarının və sığortaçıların informasiya ehtiyat və sistemlərinə keçid verilməklə banklar, bank olmayan kredit təşkilatları və sığortaçılar barədə məlumatlara əlçatanlıq, onlarla müştərilərin əlaqələndirilməsi təmin edilir.
3.5. “Təhlil və hesabatlılıq” altsistemi vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları, həmin əməliyyatlarla əlaqədar informasiya sisteminə daxil edilmiş (ötürülmüş) sənədlərin (məlumatların), eləcə də aparılan ödənişlər barədə sənədlərin (məlumatların) təhlili və işlənilməsi, habelə statistik məlumatların və hesabatların əldə olunması təmin edilir.
3.6. “Məlumatlandırma” altsistemi vasitəsilə istifadəçilərə məlumat xarakterli elektron bildirişlərin göndərilməsi təmin edilir.
3.7. “İdarəetmə” altsistemi vasitəsilə sahibin, operatorun, istifadəçilərin və iştirakçıların informasiya sistemindən istifadə üzrə rollarının idarə edilməsi təmin edilir.
4. İnformasiya sisteminə daxil edilən və ötürülən məlumatlar
4.1. Xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı məlumatlar informasiya sisteminə istifadəçilər tərəfindən elektron kabinet vasitəsilə daxil edilir:
4.1.1. həyata keçirilən sahibkarlıq fəaliyyəti növü, sahibkarlıq subyektləri tərəfindən göstərilən xidmətlərin dairəsi, qaydaları və şərtləri, habelə ödənişlər barədə məlumatlar;
4.1.2. yük-nəqliyyat sənədləri üzrə məlumatlar, eləcə də həmin sənədlərin tərtibi zamanı daxil edilən digər məlumatlar;
4.1.3. qeyri-rezident hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan könüllü və icbari sığorta üzrə bu Əsasnamənin 4.2.18-ci yarımbəndində göstərilən məlumatlar;
4.1.4. bank hesabı sahibinin özü tərəfindən daxil edilən bank hesabı məlumatları;
4.1.5. əlaqə məlumatları (telefon nömrəsi və elektron poçt ünvanı (olduğu halda);
4.1.6. avtonəqliyyat vasitələrinin yükboşaltma yerlərinə giriş-çıxış məlumatları;
4.1.7. beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər barədə taxoqraf məlumatları;
4.1.8. qeyri-rezident hüquqi şəxsin adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması və dövlət qeydiyyatı barədə məlumatlar;
4.1.9. qeyri-rezident fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı;
4.1.10. malların olduğu yerlərə dair anbar məlumatları.
4.2. Xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı məlumatlar informasiya sisteminə Azərbaycan Respublikasının normativ hüquqi aktları (məlumatların tərkibinin və mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq informasiya sistemlərindən və ehtiyatlarından ötürülür:
4.2.1. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd, eləcə də sərhədkeçmə sənədi və viza məlumatları;
4.2.2. nəqliyyat vasitələri, onları idarə edən sürücülər, bələdçilər, heyət üzvləri, habelə mallar üzərində sərhəd nəzarətinin tamamlanması barədə bildiriş məlumatları;
4.2.3. hüquqi şəxslərin vergi ödəyicilərinin vahid dövlət reyestrinə daxil edilən məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçi barədə məlumatlar istisna olmaqla);
4.2.4. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin VÖEN-i;
4.2.5. sürücülük vəsiqəsi üzrə məlumatlar;
4.2.6. nəqliyyat vasitəsinin dövlət qeydiyyatına dair məlumatlar;
4.2.7. gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər, o cümlədən lisenziya və icazələr barədə məlumatlar;
4.2.8. xarici ölkələrin “İcazə” blankları və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) və çoxtərəfli illik “İcazə” blankları (jurnalları) barədə məlumatlar;
4.2.9. dövlət xidmətlərinin, eləcə də liman xidmətlərinin həyata keçirilməsi üzrə növbələr barədə məlumatlar;
4.2.10. hüquqi və fiziki şəxslərin notariuslar vasitəsilə verdikləri etibarnamələr üzrə məlumatlar;
4.2.11. hüquqi və fiziki şəxslərin riskli vergi ödəyicisi olması barədə məlumatlar;
4.2.12. fiziki və hüquqi şəxslərin “Elektron kənd təsərrüfatı” informasiya sistemində fermer, tədarükçü və ya təchizatçı kimi qeydiyyatının olub-olmaması, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi (fumiqasiya) aktı və kökünün kəsilmə təhlükəsi olan balıq və digər su bioresurslarının beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə barədə məlumatlar;
4.2.13. ödəniş xidməti təchizatçıları, sığortaçılar, gömrük təmsilçiləri və gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatı almış mütəxəssislər, daşıyıcılar, ekspeditorlar və səlahiyyətli iqtisadi operatorların siyahısı və əlaqə məlumatları;
4.2.14. gömrük bəyannamələri üzrə məlumatlar;
4.2.15. müvəqqəti saxlanc və gömrük anbarlarının tiplərinə, ünvan və əlaqə vasitələrinə dair məlumatlar;
4.2.16. qlobal mövqe təyinetmə cihazı tətbiq olunan və gömrük nəzarəti altında hərəkət edən nəqliyyat vasitələrinin yerləşdiyi coğrafi koordinatlar üzrə məlumatlar;
4.2.17. elektron sənəd formasında bağlanılmış əmək müqavilələri barədə məlumatlar;
4.2.18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.0.2-ci və 50-1.0.3-cü maddələrində nəzərdə tutulmuş icbari sığorta, həmçinin idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətlərlə bağlı könüllü sığorta növlərinə dair sığorta şəhadətnaməsinin və (və ya) sığorta müqaviləsinin mövcudluğunun təsdiqi, onların nömrəsi, sığorta təminatının müddəti, sığorta müqaviləsinin tərəfi olan sığortaçının adı, soyadı;
4.2.19. elektron əmtəə-nəqliyyat qaiməsi və elektron yol vərəqi üzrə məlumatlar;
4.2.20. mülki hava gəmisinin eniş-uçuş məlumatları;
4.2.21. mülki gəmilərin mülki dəniz limanlarına giriş-çıxış məlumatları;
4.2.22. ümumistifadəli dəmir yolu nəqliyyatı vasitələrinin stansiyalara (dayanacaqlara) giriş-çıxış məlumatları;
4.2.23. dövlət xidmətlərinin dairəsi və həmin xidmətlər üzrə ödənişlər barədə məlumatlar;
4.2.24. dövlət xidmətlərinin göstərilməsini və həmin xidmətlərə dair ödənişləri tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar;
4.2.25. idxalatçıların müəyyən risk qrupuna aid edilməsi və ya onların risk qrupunun dəyişdirilməsi barədə məlumatlar;
4.2.26. gömrük ödənişlərindən azadolmaya əsas verən sənədlər;
4.2.27. mülki hava və mülki dəniz limanlarının, habelə dəmir yolu stansiyalarının (dayanacaqlarının) ərazisinə mülki yük avtomobillərinin giriş-çıxış məlumatları;
4.2.28. təhlükəli yüklərin mülki dəniz və mülki hava limanlarının ərazisinə gətirilməsinə dair verilən icazələr barədə məlumatlar;
4.2.29. təhlükəli yük daşıyan nəqliyyat vasitəsi sürücüsünün ixtisaslaşdırılmış təlim kursunu bitirməsi barədə məlumatlar;
4.2.30. təhlükəli yük daşıyan vaqon və konteynerlərin texniki təhlükəsizlik vəziyyəti və təhlükəli yüklərin təsnifatı barədə məlumatlar;
4.2.31. gömrük borcuna təminat verən bankların və bank olmayan kredit təşkilatlarının siyahısı;
4.2.32. xarici ticarət fəaliyyətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlarda müəyyən edilmiş digər sənədlər və məlumatlar.
4.3. Xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aşağıda göstərilən məlumatlar informasiya sisteminə iştirakçılar tərəfindən elektron kabinet vasitəsilə daxil edilir:
4.3.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturu barədə məlumatlar;
4.3.2. gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və tranzit keçirilməsi qadağan edilən, məhdudlaşdırılan, lisenziya və icazə tələb olunan mallar, o cümlədən mədəni sərvətlər və raritet (nadir) avtonəqliyyat vasitələri, kolleksiya əşyaları və əntiq əşyalar barədə məlumatlar;
4.3.3. hesab sahibinin özü tərəfindən daxil edilən xəzinə və bank hesabı məlumatları;
4.3.4. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilər barədə məlumatlar;
4.3.5. lisenziya və icazə tələb edilən sahibkarlıq fəaliyyəti növləri barədə məlumatlar;
4.3.6. gömrük işi sahəsində mövcud olan normativ hüquqi aktlar barədə məlumatlar.
4.4. İnformasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.5. İnformasiya sistemi ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, informasiya sistemi vasitəsilə təqdim edilməli olan sənədlər (məlumatlar) informasiya sisteminə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.6. İnformasiya sistemində formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunur, rəsmiləşdirilir və istifadəçilərə təqdim edilir.
4.7. İnformasiya sistemi üzərindən formalaşdırılan elektron sənədlər beynəlxalq müqavilələrə, xarici dövlətlərin normativ hüquqi aktlarına və ya beynəlxalq prosedurların tələblərinə əsasən kağız daşıyıcıda təqdim edilməli olduqda, həmin sənədlər çap edilərək Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun qaydada rəsmiləşdirilir və aidiyyəti üzrə təqdim olunur. Belə sənədlərin elektron nüsxəsi informasiya sistemində saxlanılır və onların doğruluğunun yoxlanılması imkanı təmin edilir.
5. İnformasiya sistemindən istifadə qaydası
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət qurumlarının informasiya sistemindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin (Azərbaycan Respublikasına mənsub olan) informasiya sistemindən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda, qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən informasiya sistemində qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq informasiya sistemindən istifadə edirlər.
5.3. Fiziki şəxslər (Azərbaycan Respublikasının vətəndaşları) EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə informasiya sistemində identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq informasiya sistemindən istifadə edirlər.
5.4. İnformasiya sistemi vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə informasiya sisteminin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
5.5. Qeyri-rezident istifadəçilər informasiya sistemində identikləşdirildikdən (qeydiyyata alınmaqla) sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq informasiya sistemindən istifadə edirlər.
5.6. İnformasiya sistemi vasitəsilə edilən hər bir müraciət üzrə avtomatik qaydada təkrarlanmayan vahid əməliyyat kodu verilir.
5.7. İnformasiya sistemi vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin informasiya sisteminin fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçiyönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. informasiya sisteminin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. informasiya sisteminin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi hallarda fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların informasiya sistemində toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.4. informasiya sisteminin informasiya təhlükəsizliyini XRİTDX və operator ilə kritik informasiya infrastrukturunun obyekti hesab edilən dövlət informasiya ehtiyatlarına və sistemlərinə münasibətdə həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX) ilə birlikdə təmin etmək;
6.1.5. informasiya sisteminin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatların dərhal DTX-yə (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə), XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin operatora ötürülməsi, habelə DTX, XRİTDX və operator tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuların dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırılması ilə bağlı tədbirlər görmək;
6.1.6. informasiya sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin olunması ilə bağlı tədbirlər görmək;
6.1.7. informasiya sisteminə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, aidiyyəti hüquq mühafizə orqanının bu barədə dərhal məlumatlandırılması ilə bağlı tədbirlər görmək;
6.1.8. informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin olunması ilə bağlı tədbirlər görmək;
6.1.9. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsi ilə bağlı tədbirlər görmək;
6.1.10. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişlərin təsdiq və ya rədd edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.11. informasiya sisteminə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarının təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin olunması üçün tədbirlər görmək;
6.1.12. aidiyyəti qurumların informasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularının vaxtında və dolğun cavablandırılması, habelə həmin sorğular əsasında zəruri məlumatların (sənədlərin) onlara təqdim olunması üçün tədbirlər görmək;
6.1.13. dövlət xidmətlərinin göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;
6.1.14. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatların (sənədlərin) informasiya sisteminə daxil edilməsi üçün tədbirlər görmək;
6.1.15. informasiya sistemindən sərbəst və maneəsiz istifadənin, habelə onların dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarətin həyata keçirilməsi istiqamətində tədbirlər görmək;
6.1.16. informasiya sistemində dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.17. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işlərin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. informasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.2. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. Operatorun vəzifələri və hüquqları
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. informasiya sisteminin informasiya təhlükəsizliyini XRİTDX və sahib ilə kritik informasiya infrastrukturunun obyekti hesab edilən dövlət informasiya ehtiyatlarına və sistemlərinə münasibətdə həmçinin DTX ilə birlikdə təmin etmək;
7.1.2. informasiya sisteminin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə) və XRİTDX-yə təqdim etmək, habelə DTX və XRİTDX tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. informasiya sisteminin monitorinqi və auditi üçün XRİTDX-nin yerində baxış keçirməsinə şərait yaratmaq, bu məqsədlə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məlumatları (sənədləri) XRİTDX-yə təqdim etmək, habelə XRİTDX tərəfindən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək;
7.1.4. informasiya sistemi vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının sahiblərinə və ya operatorlarına təqdim etmək;
7.1.5. informasiya sisteminə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.6. informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün sahiblə birlikdə tədbirlər görmək;
7.1.7. informasiya sisteminin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə informasiya sisteminin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün zəruri tədbirlər görmək;
7.1.8. informasiya sisteminin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla texniki tədbirlər görmək və bu barədə informasiya sisteminin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.9. informasiya sistemindən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə informasiya sisteminin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxış təşkil etmək;
7.1.10. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) informasiya sisteminə daxil etmək;
7.1.11. informasiya sistemini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.12. informasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.13. informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
7.1.14. sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdiyi təkliflər əsasında informasiya sistemində dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.15. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmaların aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqların keçirilməsini təmin etmək;
7.1.16. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə təqdim etmək;
7.1.17. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.18. informasiya sistemindən istifadəni, habelə onun üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi “elektron marketlərdə” yerləşdirmək (mobil tətbiq olduğu halda);
7.1.19. aidiyyəti qurumların informasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.20. informasiya sistemi vasitəsilə aparılan əməliyyatların (göstərilən xidmətlərin) təhlilini aparmaq və nəticəsi barədə sahibə hesabat təqdim etmək;
7.1.21. informasiya sisteminin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq;
7.1.22. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. informasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. informasiya sistemi ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. informasiya sisteminin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər informasiya sisteminin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, informasiya sisteminə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. informasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
7.2.7. informasiya sistemindən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
7.2.8. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların vəzifələri və hüquqları
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. informasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. informasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə, eləcə də müraciətlərin gedişatının izlənilməsi üçün icra statusu barədə məlumatları real vaxt rejimində informasiya sisteminə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. informasiya sistemindən, habelə həmin informasiya sistemində olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. informasiya sistemində saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun informasiya sisteminə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. informasiya sisteminin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və operatora məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə sahibin və operatorun bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək;
8.1.11. hər bir müraciət üzrə təkrarlanmayan vahid əməliyyat kodunu xarici ticarət fəaliyyətinin həyata keçirilməsi zamanı daşınan yüklərin bütün hərəkət marşrutu boyunca hərəkətinin və statusunun izlənilməsində, habelə şəxsin idxal-ixrac, tranzit, nəqliyyat, sığorta, vergi, gömrük və logistika əməliyyatlarının əlaqələndirilməsində tətbiq etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. informasiya sisteminin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. İstifadəçilərin informasiya sistemindən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. informasiya sistemindəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. informasiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. informasiya sistemindən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.