“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16 noyabr 2026, 13:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 547 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin tam rəqəmsallaşdırılması məqsədilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında, altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası ilə bağlı tədbirlər görsünlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2026-cı il