logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zaur Əliyevdən, Münster, Almaniya

Text size icon-size icon-size

11 noyabr 2026, 18:15

Hörmətli cənab Prezident!

Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycanlıları Alyansı adından Sizi, qəhrəman Azərbaycan Ordusunu və bütün xalqımızı 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Bu əlamətdar günü Azərbaycanın öz torpaqlarını azad etdiyi, tarixi ədaləti bərpa etdiyi və xalqımızın uzun illər gözlədiyi Qələbəyə nail olduğu gün kimi böyük qürurla qeyd edirik. Vətəndən uzaqda yaşasaq da, ölkəmizin taleyi ilə bağlı bu hadisələrin mənəvi məsuliyyətini dərindən hiss edir, Zəfərin sevincini xalqımızla bölüşürük.

Uzun illər davam edən işğal nəticəsində insanlar doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, xalqımızın tarixi və mədəni irsinə ağır zərər vuruldu. İşğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun müddət icrasız qaldı. Azərbaycan xalqı bu ədalətsizliklə barışmadı. Dövlətimizin qətiyyətinə və Ordumuzun gücünə arxalanaraq torpaqlarımızı azad etdik, beynəlxalq səviyyədə tanınmış hüquqlarımızı təmin etdik və tarixi ədaləti özümüz bərpa etdik.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Sizin Ali Baş Komandan kimi rəhbərliyiniz, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilmiş Qələbə uzun illər ərzində aparılmış dövlət və ordu quruculuğunun nəticəsi oldu. Şuşanın azad edilməsi həmin Qələbənin ən mühüm mərhələlərindən biri kimi xalqımızın yaddaşında yaşayır. O günlərdə Vətəndən gələn hər bir azadlıq xəbərini qürurla izləyən xaricdəki soydaşlarımız üçün Azərbaycan Ordusunun uğurları ölkəmizə bağlılığımızı və öz gücümüzə inamımızı daha da möhkəmləndirdi.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Bununla Vətən müharibəsində qazanılmış Qələbədən sonra qarşıda duran mühüm dövlətçilik vəzifəsi də yerinə yetirildi. Azərbaycan dövləti öz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində hakimiyyətini tam təmin etdi. Bu tarixi uğurla fəxr edir, dövlət suverenliyimizin tam bərpasının sevincini xalqımızla bölüşürük.

Zəfər Gününü qeyd edərkən Ümummilli Lider Heydər Əliyevin xatirəsini də dərin ehtiramla yad edirik. Onun müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi siyasi xəttin davam etdirilməsi, Qarabağın azadlığına inamın qorunması əldə edilmiş nəticələrin mühüm əsaslarından olmuşdur. Şuşanın azad edildiyi gün söylədiyiniz "ata vəsiyyətini yerinə yetirdim" sözləri xalqımız üçün xüsusi mənəvi məna daşıyır. Siz bu vəsiyyəti yerinə yetirməklə Heydər Əliyevin Qarabağın azadlığına və Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair arzusunu gerçəkləşdirdiniz.

Bu Qələbənin hansı fədakarlıqlar hesabına qazanıldığını heç zaman unutmuruq. Vətən uğrunda canından keçmiş şəhidlərimizin, müharibə zamanı həyatını itirmiş mülki vətəndaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik. Şəhid ailələrinə səbir və dözüm, qazilərimizə möhkəm cansağlığı arzulayır, Vətən qarşısında xidmət göstərmiş bütün hərbçilərimizə minnətdarlığımızı bildiririk. Onların xidmətlərinə hörmət və ailələrinə mənəvi diqqət bizim üçün daimi məsuliyyətdir.

Qələbənin insanlar üçün ən mühüm nəticələrindən biri doğma yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq imkanının yaranmasıdır. Azad edilmiş ərazilərdə yaşayışın bərpa olunmasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdaraq orada yenidən həyat qurmasını böyük sevinc və qürurla izləyirik, illərlə yurd həsrəti yaşamış insanların Öz evlərinə qovuşması, uşaqların həmin torpaqlarda təhsil alması və ailələrin gələcəyini orada qurması hər birimiz üçün dərin mənəvi əhəmiyyət daşıyır.

Əldə edilmiş Qələbədən sonra regionda davamlı sülhün və sabitliyin möhkəmləndiriiməsini mühüm hesab edirik. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması, müharibənin ağır nəticələrini yaşamış insanların əmin-amanlıq içində yaşaması ortaq gələcək üçün zəruridir. Azərbaycanın təhlükəsizliyinin və xalqımızın rifahının təmin olunmasına yönəlmiş fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycanlıları Alyansı olaraq ölkəmizin tarixi həqiqətlərinin, ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyinin Avropa ictimaiyyətinə faktlara əsaslanan şəkildə çatdırılmasını öz məsuliyyətimiz hesab edirik. Soydaşlarımız arasında birliyin möhkəmləndirilməsi və Azərbaycan ilə Avropa arasında ictimai-mədəni əlaqələrin inkişafı naminə fəaliyyətimizi davam etdirəcəyik.

Hörmətli cənab Prezident, Sizi Zəfər Günü münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, müstəqil Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Zəfər Günümüz mübarək olsun!

Hörmətlə,

Zaur Əliyev

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü

Almaniya Federativ Respublikası, Münster şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi