logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Natalya Fatyanovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

11 noyabr 2026, 15:00

Möhtərəm cənab Prezident!

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

8 Noyabr Azərbaycan tarixinin ən şərəfli və unudulmaz səhifələrindən biridir. Bu tarix xalqımızın milli iradəsinin, birliyinin, vətənpərvərliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. Zəfər Günü yalnız hərbi Qələbənin deyil, uzun illər xalqımızın qəlbində yaşatdığı haqq və ədalət arzusunun gerçəkləşməsinin rəmzidir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın tarixi yaddaşında əbədi yaşayacaqdır. Bu Qələbə dövlətimizin gücünü, xalqımızın birliyini və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.

Möhtərəm cənab Prezident, bu tarixi gün münasibətilə Sizi təbrik edərkən, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə veteranlarımıza və onların ailələrinə minnətdarlığımı bildirirəm. Onların fədakarlığı Azərbaycan tarixinin heç vaxt unudulmayacaq qəhrəmanlıq salnaməsidir.

Bir Azərbaycan qadını kimi xüsusi vurğulamaq istəyirəm ki, Vətən sevgisi və doğma torpağa sədaqət xalqımızı ümumi amal ətrafında birləşdirən müqəddəs dəyərlərdir. Vətən müharibəsi dövründə mən də bir Azərbaycan qadını olaraq öz vətəndaşlıq mövqeyimlə ölkəmizin və xalqımızın yanında olmağa, həmin tarixi günlərdə ümumi həmrəyliyə öz töhfəmi verməyə çalışmışam. Hesab edirəm ki, Vətənə bağlılıq və vətənpərvərlik hər bir insanın öz imkanları daxilində ölkəsinə dəstək göstərməsi, xalqının taleyinə biganə qalmaması ilə ifadə olunur.

Bu gün Zəfərin tarixi mahiyyətinin qorunması və gələcək nəsillərə düzgün çatdırılması hər birimizin mənəvi borcudur. Xüsusilə gənc nəslin milli ruhda, dövlətçilik düşüncəsi, vətənpərvərlik və tarixi yaddaş əsasında yetişdirilməsi böyük əhəmiyyət daşıyır. Elm və təhsil sahəsində çalışan bir ziyalı kimi hesab edirəm ki, Zəfər tariximizin öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Möhtərəm cənab Prezident!

8 Noyabr xalqımızın yaddaşında yalnız Qələbə günü kimi deyil, milli qürurumuzun, birliyimizin və müstəqil dövlətçilik iradəmizin təntənəsi kimi yaşayacaqdır. Bu tarix bizə bir daha sübut etdi ki, öz dövlətinə, torpağına və milli dəyərlərinə sahib çıxan xalq öz gələcəyini qurmaq və qorumaq əzmindədir.

Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə daim sülh, əmin-amanlıq, firavanlıq və yeni nailiyyətlər arzulayıram.

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, Azərbaycanımız daim var olsun!

Dərin hörmət və ehtiramla,

Fatyanova Natalya Vladimirovna,

Texnika elmləri üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi