Zamir İsayevdən, Bakı, Azərbaycan
06 noyabr 2026, 18:37
Möhtərəm cənab Prezident!
Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə şəxsən öz adımdan və Bakı Sefarad Yəhudiləri Dini İcmasının adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin qətiyyətli rəhbərliyiniz, uzaqgörən siyasətiniz və sarsılmaz iradəniz sayəsində Azərbaycan xalqı tariximizdə misli görünməmiş bir Qələbəyə imza atdı. Müzəffər Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun qazandığı bu möhtəşəm Zəfər Azərbaycanın tarixində yeni bir dövr açdı, xalqımızın milli qürurunu və öz gücünə inamını daha da möhkəmləndirdi.
Bu Qələbə təkcə hərbi uğur deyil, həm də Sizin illər boyu apardığınız məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun və xalqımızı vahid amal ətrafında birləşdirmək bacarığınızın tarixi nəticəsidir. Sizin adınız Azərbaycanın bu şanlı Zəfəri ilə əbədi olaraq bağlı qalacaqdır.
Əsrlərdir Azərbaycanı öz doğma Vətəni hesab edən yəhudi icması olaraq biz də bu tarixi Qələbənin sevincini və qürurunu bütün xalqımızla birlikdə yaşayırıq.
Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə, o cümlədən yəhudi icmasına göstərdiyiniz daimi diqqət, qayğı və dəstək xüsusi minnətdarlıq hissi ilə qarşılanır. Sizin Azərbaycanda yaşayan bütün xalqlara eyni doğma münasibətiniz, onların milli və dini dəyərlərinə göstərdiyiniz hörmət ölkəmizdəki birlik və qarşılıqlı etimadın mühüm təməlidir. İcmamızın üzvləri də Sizin bu qayğınızı daim hiss edir, onu dərin minnətdarlıqla və yüksək ehtiramla qiymətləndirirlər.
Bu əlamətdar gündə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq.
Möhtərəm cənab Prezident, Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ailənizə xoşbəxtlik, doğma Azərbaycanımızın əmin-amanlığı, qüdrəti və gələcək rifahı naminə fəaliyyətinizdə davamlı uğurlar diləyirəm.
Zəfər Günümüz mübarək olsun!
Dərin hörmət və ehtiramla,
Zamir İsayev
Bakı Sefarad Yəhudiləri Dini İcmasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.