İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul etmişdir
25 fevral 2013, 16:50
Prezident İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul etmişdir.
Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Xoş gəlmisiniz! Sizi görməyimə şadam! Çox şadam ki, MDB informasiya agentlikləri rəhbərlərinin iclası bu dəfə də Bakıda keçirilir. Düşünürəm ki, tədbir uğurla keçəcəkdir. Fikrimcə, bu tədbir böyük maraq doğuran məsələlərlə yanaşı, qonaqlarımız üçün bir daha şəhərimizlə yaxından tanış olmaq imkanı da yaradacaqdır. Bütövlükdə isə hesab edirəm ki, bu cür əməkdaşlıq formatı çox müsbət haldır və dost ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən informasiya siyasəti və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etməli olduğu bugünkü dünyanın gerçəkliklərini əks etdirir. Bugünkü dünyada bu məsələlər həmişəkindən daha çox əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, informasiya təhlükəsizliyi məsələləri bu gün enerji, ərzaq təhlükəsizliyi və bütövlükdə təhlükəsizlik məsələləri ilə yanaşı müzakirə olunur. Bu yaxınlarda Bakıda internetin idarə olunması ilə bağlı Ümumdünya Forumu keçirilmişdir. Həmin tədbirdə informasiya təhlükəsizliyi məsələləri çox kəskin şəkildə qoyulmuşdu. Əlbəttə ki, hər bir dövlət üçün bu məsələlər çox böyük əhəmiyyət kəsb edir. Xüsusilə də bizim yaşadığımız informasiya əsri şəraitində.
Hazırda informasiya-kommunikasiya texnologiyaları hər bir evə daxil olur. Azərbaycanda bu istiqamətdə böyük iş görülüb. Müstəqillik illərində bütün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bizdə yüzlərlə qəzet nəşr olunur, onlarla informasiya agentlikləri, telekanallar fəaliyyət göstərir. Yəqin ki, azərbaycanlı həmkarlarınız son zamanlar ölkəmizdə bu sahədə görülən işlər barədə sizə daha ətraflı məlumat verəcəklər. Hərçənd ki, müstəqilliyin bütün dövrləri bu sahədə islahatlarla müşayiət olunmayıb. Deməliyəm ki, müstəqilliyin ilk illərində Azərbaycanda senzura mövcud idi. Həmin qurum Prezident Heydər Əliyevin qərarı ilə ləğv olundu. Mən deyərdim ki, məhz bu tarixi qərardan sonra Azərbaycanın həyatında kütləvi informasiya vasitələri sahəsində köklü islahatlar başladı. Bu gün Azərbaycanda bütün kütləvi informasiya vasitələrinin sərbəst işləməsi üçün hər cür şərait, tam fəaliyyət, söz, fikir ifadə azadlığı, sərbəst internet mövcuddur. Mən bunu da nailiyyətlərimizdən biri hesab edirəm. Sərbəst internetin mövcudluğu ilə yanaşı, sevindirici haldır ki, Azərbaycan əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir.
Tamamilə dövlət tərəfindən maliyyələşdirilən “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı haqqında” Dövlət Proqramı nəticəsində yaxın bir neçə ildə biz dövlət hesabına Azərbaycanın hər bir şəhərinə genişzolaqlı internet çəkəcəyik. Gələcəkdə isə genişzolaqlı internetin hər bir yaşayış məntəqəsinə, hər bir kəndə çatdırılması üçün özəl qurumların iştirakına ümid edirik. Düşünürəm ki, bununla da şəhərdə, yaxud ucqar kənddə yaşamasından asılı olmayaraq, ölkəmizin hər bir sakini üçün obyektiv informasiya almaq imkanı kimi mühüm məsələ həll olunacaqdır. Bunun üçün hazırda hər bir şərait vardır. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın siyasəti ölkəmizdə baş verən proseslərin həm mahiyyətini əks etdirir, həm də müasir dünyanın meyllərinə müvafiqdir.
Əlbəttə ki, hərtərəfli informasiya almaq hər bir vətəndaşın toxunulmaz hüququdur. Bu halda yəqin ki, kütləvi informasiya vasitələrinin informasiyanın mötəbərliyi və onun obyektivliyinə görə məsuliyyəti haqda məsələ daha kəskin dayanacaqdır. Yəqin razılaşarsınız, təəssüf ki, həmişə belə olmur. Bəzən siyasi prioritetlərə, dünyagörüşünə, siyasi məqsədlərə görə informasiya ya təhrif olunmuş, ya da birtərəfli şəkildə verilir. Nümunə üçün uzağa getmək lazım deyildir. Düşünürəm ki, dünya ictimaiyyətinin diqqətini cəlb edən informasiyalar və onların bəzi kütləvi informasiya vasitələri tərəfindən çatdırılması üsulları dediklərimə əyani sübut ola bilər. Buna görə də bu gün bizim vətəndaşlara nəinki təkcə düzgün və mötəbər informasiya, həm də müxtəlif mənbələrdən obyektiv informasiya lazımdır. İnformasiya həqiqətə tam uyğun ola bilər, eyni zamanda da birtərəfli təqdim edilə bilər. O, müəyyən məqsədlərə xidmət edə bilər. Bəzən bir sıra ölkələrdə kütləvi informasiya vasitələri müəyyən baxışların fəal carçısı və təbliğatçısı kimi çıxış edir. Bu cür şəraitdə, əlbəttə ki, tam, ətraflı və mötəbər informasiyaya çıxış çox əhəmiyyətlidir. Ona görə ki, dünyada və cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolu daim artacaqdır. Bu, obyektiv prosesdir və əlbəttə ki, bu informasiyanı əhaliyə çatdıranların çiyinlərinə böyük məsuliyyət düşür. Bununla əlaqədar dost ölkələrin informasiya agentlikləri arasında fəal əməkdaşlıq həm informasiya fonunda, həm gerçəkliklərin obyektiv işıqlandırılması fonunda, həm də təcrübə və informasiya mübadiləsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, uzun illər ərzində mövcud olan MDB İnformasiya Agentlikləri Rəhbərləri Şurasının formatı bu məqsədlərə cavab verir.
Əlbəttə ki, müasir dünyada hadisələrə operativ reaksiya vermək zəruridir və vətəndaşlara lazım olan informasiyanı operativ rejimdə çatdırmaq üçün çox sıx tərəfdaşlıq münasibətləri qurmaq lazımdır. Çünki biz hamımız bir ölkədə yaşamışıq, tarixi əlaqələr qorunur. Bizi, həmçinin qonşularımızla ünsiyyət saxladığımız rus dili birləşdirir. Buna görə də dost, qonşu ölkələrdə baş verən hadisələr barədə daha mötəbər informasiya almaq üçün bütün imkanlar vardır. Düşünürəm ki, bu da müzakirə, hər hansı bir təklif mövzusu olmalıdır. MDB məkanında baş verənlərin həm Azərbaycana, həm də Azərbaycan gerçəkliklərinin qonşularımıza çatdırılması üçün biz öz tərəfimizdən bu istiqamətdə işləməyə hazırıq.
Deməliyəm ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub. Bu sahə Azərbaycanın inkişafı üçün prioritet sahələrdən biridir. Bu sahə bizə yeniləşmə və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində daha fəal irəliləməyə imkan verəcəkdir. İKT sahəsi bir neçə aspekti, ilk növbədə informasiyanı, yeni texnologiyaları, biznesi əhatə edir. Belə ki, bu sahə biznes mühiti üçün də çox cəlbedicidir. Eləcə də bu, yeniləşmə, informasiya və bilik deməkdir. Bu il, bu ayın əvvəlində ölkəmizin həyatında mühüm hadisə baş verdi. Fevralın 8-də Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peyki kosmosa buraxılıb və artıq öz yerini tutub. Beləliklə, Azərbaycan kosmik sənayesi olan ölkələr klubuna daxil olub. Bir neçə il əvvəl “Azərkosmos” Dövlət Şirkəti yaradılmışdı və biz, həmçinin bu sahəni inkişaf etdirməyi nəzərdə tuturuq. Əlbəttə, birinci peyklə məsələ məhdudlaşmayacaq. Bu gün yaxın 2-3 il ərzində Azərbaycanın 2-ci və 3-cü peyklərini buraxmaq üzərində də işlər aparılır. Beləliklə, biz bu sahədə müəyyən nailiyyətlər əldə etmişik.
Həmçinin yaxın zamanlarda “Texnopark” adlanan yüksək texnologiyalar parkı yaradılmağa başlanılacaqdır. Həmin parkda bu istiqamətdə işlərə daha güclü təkan vermək üçün İKT sahəsində çalışan yerli və xarici iri şirkətlərin fəaliyyətini cəmləşdirməyi planlaşdırırıq. Bu yaxınlarda mən Azərbaycanda kadrların hazırlanması üçün İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Fərman imzalamışam. Çünki hazırda həmin peykin idarə olunması ilə məşğul olan bütün kadrlar, - idarəetmə mərkəzi isə Bakıda və Naxçıvanda yerləşir, - mütəxəssislərin əksəriyyəti xaricdə təhsil alıb. Buna görə də, düşünürəm ki, həmin universitetin Azərbaycanda yaradılması ölkənin yeniləşdirilməsi ilə bağlı strateji planlarımıza cavab verəcəkdir.
Həmçinin biz hesab edirik ki, İKT sahəsinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi üçün daha bir imkandır. Bu istiqamətdə də böyük uğurlar əldə olunub. Biz iqtisadiyyatın neft-qaz sektorundan asılılığını xeyli azaltmağa müvəffəq olmuşuq. Hətta ötən ilin yekunlarına görə, Azərbaycanda məhz texnologiyalar, innovasiyalar, iqtisadiyyatın qeyri-neft sektoruna qoyulan investisiyalar hesabına qeyri-neft-qaz sektorunda iqtisadi artım 10 faizə yaxın olub. Beləliklə, bu sahə, artıq dediyim kimi, bizim üçün mühüm prioritetlərdəndir.
Söhbətimin əvvəlinə qayıdaraq bir daha demək istərdim ki, informasiya texnologiyaları, eləcə də informasiya münasibətləri, jurnalistika əməkdaşlığı sahələrində biz tam açığıq və tərəfdaşlarımızla çox sıx əlaqələr mövcuddur. İlk növbədə, bizim İTAR-TASS-la ənənəvi əlaqələrimizi qeyd etmək istərdim. Vitali Nikitiç İqnatenko və həmyerlimiz Mixail Solomonoviç Qusmanın rəhbərliyi altında İTAR-TASS dünyamiqyaslı informasiya agentliyinə çevrilib. Çox şadıq ki, bizim qurumlarla İTAR-TASS arasında sıx əlaqələr mövcuddur. MDB-nin digər ölkələrinin informasiya agentlikləri ilə də bizim çox yaxşı əlaqələrimiz var.
Düşünürəm ki, Şuranın Bakıda keçirilən iclası da bütün nöqteyi-nəzərdən, həmçinin əlaqələrin, dostluğun möhkəmləndirilməsi, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və əməkdaşlıq cəhətdən çox faydalı, əhəmiyyətli olacaqdır. Bilirəm ki, bir azdan sizin iclasınız başlayacaqdır. Vaxtınızı çox almaq istəmirəm. Sizi bir daha salamlamaq və uğurlu iş arzulamaq istəyirəm.
X X X
MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının - MDB İnformasiya Şurasının sədri, İTAR-TASS-ın kollegiya sədri Vitali İQNATENKO çıxış edərək dedi:
- Hörmətli İlham Heydər oğlu! İcazənizlə, bir neçə kəlmə demək istərdim. İlk növbədə, səmimi qəbula və çox maraqlı çıxışınıza görə çox sağ olun. Əslində, Siz məni iclasda çıxış etmək imkanından məhrum etdiniz. Sizin ifadə etdiyiniz ideyalar son dərəcə peşəkarcasına təqdim olundu. Bizim üçün çox vacibdir ki, Şuranın 16 iclasından 4-ü Bakıda keçirilmişdir. Moskvada İnformasiya Şurasının yaradılmasından sonra ilk iclası Bakıda keçirmişik və ölkənin lideri Heydər Əliyev gözəl nitqlə çıxış etmişdi. Biz indiyə qədər bu çıxışı xatırlayırıq. Biz Azərbaycan ilə əlaqələrimizi çox dəyərləndiririk. Demək istəyirəm ki, həqiqətən biz bir yerdə çalışmaqla ölkələrimiz haqqında mötəbər informasiyanın maneəsiz yayılması üçün üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu istiqamətdə hələ çox iş görülməlidir.
Mən səmimi qəlbdən həmkarım Aslan Aslanova çoxillik səmərəli əməkdaşlığa, görüşlərimizin gözəl təşkilinə görə təşəkkür etmək istəyirəm. Həmçinin demək istəyirəm ki, biz hamımız böyük dövlətlərin kosmik klubuna daxil olmağınız münasibətilə Sizi təbrik edirik. MDB məkanında internetə çıxışın ən yüksək səviyyəsi Sizin ölkənizdədir. Bu, çox əhəmiyyətlidir.
Hesab edirəm ki, bizim işimizin əhəmiyyəti getdikcə artır, internetə getdikcə daha da yaxınlaşırıq. Amma bütün bunları insanlar həyata keçirir. Bizim birgə işləməyimiz çox vacibdir. Şuramızın yarandığı 17 il ərzində aramızda bir dəfə də olsun informasiya müharibəsi olmayıb. Əksinə, biz qəzetçilərə, televiziya və radio işçilərinə ümumi məqsədlər naminə dostluq şəraitində necə işləməyin nümunəsini göstəririk.
Bir daha Sizə səmimi qəlbdən təşəkkür edirəm. Bu gün biz MDB İnformasiya Agentlikləri Rəhbərləri Şurasının yeni sədrini seçəcəyik, onu Sizə təqdim etmək istəyirəm. Bu, İTAR-TASS-ın yeni baş direktoru Sergey Vladimiroviç Mixaylovdur.
Düşünürəm ki, səsvermə zamanı hamı məni dəstəkləyəcəkdir. Biz ona uğurlar arzulayacağıq. Yaxşı ki, bu, Sizin iş kabinetinizdə baş verir.
X X X
İnformasiya agentlikləri arasında əməkdaşlığın bütövlükdə həmin ölkələr arasında münasibətlərin göstəricisi olduğunu vurğulayan İTAR-TASS informasiya agentliyinin baş direktoru Sergey MİXAYLOV dedi:
- Hörmətli İlham Heydər oğlu! Mən, ilk növbədə, Azərbaycan üçün səciyyəvi olan ənənəvi səmimi qəbula görə təşəkkür etmək istəyirəm. Artıq deyilənlərə əlavə etmək istəyirəm ki, informasiya agentliklərimiz arasındakı münasibətlər iki damla su kimi ölkələrimiz, xalqlarımız arasındakı qarşılıqlı səmimi münasibətləri əks etdirir. Əminəm ki, dövlət başçısının peşəkar, dərin nitqi ilə başlayan iclas beləcə də davam edəcəkdir.
X X X
Sonra İTAR-TASS-ın baş direktoru S.Mixaylov Prezident İlham Əliyevə görüş iştirakçıları adından xatirə hədiyyəsi təqdim etdi.
X X X
İTAR-TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən növbəti iclasın uğurlu nəticələr verəcəyinə əminliyini bildirdi.