Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu
15 fevral 2013, 21:50
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir.
1-Cİ FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. mədəniyyət – ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu;
1.0.2. mədəniyyət fəaliyyəti (mədəniyyət sahəsində fəaliyyət) – mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bərpası, mənimsənilməsi və təşviqi, həmçinin mədəniyyət xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət;
1.0.3. mədəniyyət sahəsində dövlət siyasəti – mədəni irsin və mədəni sərvətlərin yaradılması, müəyyən edilməsi, qorunması, inkişafı və təbliği sahəsində həyata keçirilən tədbirlərdə dövlətin rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya, strategiya və dövlət proqramlarının məcmusu;
1.0.4. mədəniyyət məhsulları – kommersiya dəyərindən asılı olmayaraq, səciyyəvi xüsusiyyətləri, istifadə növləri və ya məqsədləri baxımından mədəni özünüifadə formalarını ehtiva edən insan fəaliyyətinin nəticələri;
1.0.5. mədəniyyət xidmətləri – şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi məqsədilə göstərilən xidmətlər və yaradılan şərait;
1.0.6. mədəniyyət məkanı – mədəni sərvətlərin və ənənələrin yaranma və yayılma dairəsi;
1.0.7. mədəni məzmun – mədəni özünəməxsusluqdan yaranan və ifadə olunan ənənələr və mədəni dəyərlər;
1.0.8. mədəniyyət sənayesi – mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizə edilməsini təmin edən fəaliyyət sahəsi;
1.0.9. bədii dəyər – bədii yaradıcılıq fəaliyyətinin nəticəsi olan mədəniyyət, ədəbiyyat və incəsənət əsərlərinin estetik əhəmiyyətini formalaşdıran xüsusiyyətlər;
1.0.10. milli mədəni irs – Azərbaycan xalqına məxsus, ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə malik mədəniyyət nümunələrinin məcmusu;
1.0.11. qeyri-maddi mədəni irs – şəxslərin, qrupların və cəmiyyətin özünün mədəni irs nümunələri kimi qəbul etdikləri ənənələr, təsvir və ifadə formaları, bilik və bacarıqlar, onların yaradılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədəniyyət məkanları;
1.0.12. maddi mədəni irs – daşınmaz və daşınar mədəni irs;
1.0.13. daşınmaz mədəni irs – daşınmaz arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar;
1.0.14. daşınar mədəni irs – tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu;
1.0.15. mədəni irs nümunələri – özündə bir xalqın, milli azlığın maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu. Bura yeraltı, yerüstü və sualtı mədəni irs nümunələri aiddir;
1.0.16. sualtı mədəni irs – insan varlığının bütövlükdə və ya qismən, daimi və ya vaxtaşırı su altında qalan mədəni, tarixi və ya arxeoloji izləri;
1.0.17. təbii irs – universal dəyərə malik fiziki və bioloji birləşmələrdən ibarət təbiət abidələri, geoloji və fizioqrafik birləşmələr, heyvan və bitki arealı olan zonalar, təbii zonalar,
1.0.18. dekorativ-tətbiqi sənət – müxtəlif məmulatlar üzərində bədii əsərlərin yaradılmasına yönəlmiş maddi mədəni irs yaradıcılığı sahəsi;
1.0.19. mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik) – ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı, qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülən müxtəlif formalar. Mədəni müxtəliflik yalnız dünya mədəni irsinin ifadə olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil, həmçinin hansı vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq, bədii yaradıcılığın müxtəlif növlərinin, mədəni özünüifadə məhsullarının istehsalının, yayılmasının və onlara yiyələnmənin köməyi ilə meydana gəlir;
1.0.20. mədəni özünüifadə – ayrı-ayrı şəxslərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan ifadə forması;
1.0.21. mədəni sərvətlər – mənəvi və estetik ideallar, əxlaq normaları və nümunələri, dillər, dialektlər və ləhcələr, milli adət və ənənələr, tarixi toponimlər, folklor, bədii sənət və peşələr, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət əsərləri, nəşriyyat məhsulları, mədəniyyət sahəsində elmi tədqiqatların nəticələri və metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar, tikililər, əşyalar, tarixi-mədəni əhəmiyyətli unikal təbii ərazilər və obyektlər, məqbərələr, qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;
1.0.22. milli kulinariya nümunələri – bir millətin mədəniyyətinə məxsus texnoloji, forma, naxış, əşya, avadanlıq və resept komplekslərini özündə birləşdirən ərzaq, içki və qida məhsullarının hazırlanmasına yönəlmiş insan fəaliyyətinin nəticələri;
1.0.23. sosial əhəmiyyətli tədbirlər – mədəniyyət günləri, festivallar, baxış, müsabiqə, təqdimat, yubiley və xatirə tədbirləri, eləcə də mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri;
1.0.24. yaradıcılıq fəaliyyəti – mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyət;
1.0.25. yaradıcı şəxs – mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
Maddə 2. Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2-Cİ FƏSİL
MƏDƏNİYYƏT SİYASƏTİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ
Maddə 3. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri
3.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.
3.2. Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
3.2.1. dövlət mədəniyyət sisteminin idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi;
3.2.2. mədəniyyət sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərin, dövlət, özəl və bələdiyyə mədəniyyət təsisatlarının hüquqlarının qorunması və yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi;
3.2.3. mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması;
3.2.4. mədəni sərvətlərin qorunması və artırılması;
3.2.5. mədəniyyət fəaliyyəti subyektlərinin sosial müdafiəsi və görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi;
3.2.6. milli mədəniyyətin müasir dünya mədəniyyətindən bəhrələnməsinə, milli ənənələrin inkişafına, əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edən mədəniyyət əsərlərinin yaradılmasının stimullaşdırılması;
3.2.7. milli mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və inkişafı;
3.2.8. milli mədəni irs nümunələrinin və mədəniyyət obyektlərinin yaradılması, qorunması və təşviqi;
3.2.9. milli mədəni irsin inkişafının maliyyə mənbələri ilə təmin edilməsi;
3.2.10. dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılması;
3.2.11. şəxslər, dövlət orqanları, bələdiyyələr və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın qurulmasının və inkişafının təmin edilməsi;
3.2.12. mədəni, ekoloji, bioloji və idman turizminin inkişaf etdirilməsi və təşviqi;
3.2.13. mədəniyyət sahəsində avtomatlaşdırmanın və ən qabaqcıl rabitə, informasiya, elektron idarəetmə və kommunikasiya texnologiyalarının tətbiq olunması və inkişafı;
3.2.14. mədəniyyətlərarası dialoqun qurulmasının təmin edilməsi və təşviqi;
3.2.15. mədəniyyət, o cümlədən əyləncə sənayesinin inkişaf etdirilməsi, mədəniyyətin müxtəlif formalarının rəqabətə davamlılığının dəstəklənməsi;
3.2.16. mədəniyyət sahəsində inhisarçılığın qarşısının alınması.
Maddə 4. Mədəniyyət sahəsində dövlət siyasətinin prinsipləri
4.0. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.0.1. tarazlılıq – mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin edilməsi;
4.0.2. bərabərlik – hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması;
4.0.3. demоkratiklik – əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların genişləndirilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədəniyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması;
4.0.4. humanistlik – dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet kimi qəbul olunması;
4.0.5. inteqrasiya – dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi və inkişafının təmin edilməsi;
4.0.6. keyfiyyətlilik – mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunun təmin olunması;
4.0.7. dünyəvilik – dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafının təmin olunması;
4.0.8. səmərəlilik – mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi;
4.0.9. varislik – mədəni sərvətlərin, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi;
4.0.10. istedad amili – fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi.
Maddə 5. Mədəniyyət sahəsində dövlətin vəzifələri
5.1. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:
5.1.1. mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən sahə üzrə normativ hüquqi aktların və standartların, dövlət proqramlarının, tədbirlər planlarının, strategiyaların və konsepsiyaların qəbul edilməsi;
5.1.2. milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqinə yönəlmiş tədbirlərin görülməsi;
5.1.3. insanların Azərbaycan və dünya mədəniyyət nümunələrinə və mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhəmiyyətli tədbirlərin təşkili;
5.1.4. istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstərilməsi;
5.1.5. mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması;
5.1.6. beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsi və təşviqini təmin edən tədbirlərin görülməsi;
5.1.7. mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakının dəstəklənməsi;
5.1.8. milli mədəniyyət obyektlərinin təsnifatının təsdiqi;
5.1.9. mədəniyyət sahəsində dövlət reyestrinin aparılması;
5.1.10. mədəniyyət sahəsinin inkişafında xidmətlərə və töhfələrə görə mədəniyyət işçilərinə və yaradıcı şəxslərə həvəsləndirmə tədbirlərinin təşkili;
5.1.11. milli mədəniyyətin bütün sahələrində zəruri infrastrukturun, şəraitin, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi;
5.1.12. xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə müvafiq dəstəyin göstərilməsi;
5.1.13. xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi;
5.1.14. xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsi;
5.1.15. mədəniyyətin inkişafı istiqamətində digər tədbirlərin həyata keçirilməsi.
5.2. Mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında məqsədyönlü layihələrin, dövlət proqramlarının, strategiyaların və tədbirlər planlarının qəbul edilməsi və icrasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mədəniyyət sahəsində tədbirlərin hazırlanması və icrası işi mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq şəraitində həyata keçirilir.
5.3. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakı fəaliyyət sahələrini əhatə edir:
5.3.1. mədəni irs – maddi və qeyri-maddi mədəni irs;
5.3.2. incəsənət fəaliyyəti;
5.3.3. mədəniyyət sənayesi (kinematoqrafiya, nəşriyyat, o cümlədən elektron nəşriyyat işi, memarlıq və dizayn, multimedia, kulinariya və reklam);
5.3.4. mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniyyət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti);
5.3.5. xalq yaradıcılığı.
3-CÜ FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARI
Maddə 6. Hüquq və azadlıqların təminatı
6.1. Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.
6.2. Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sosial mənşəyindən, sağlamlıq imkanlarından, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində öz hüquq və azadlıqlarını həyata keçirməsinə təminat verir.
6.3. Mədəniyyət sahəsində dövlət tərəfindən aşağıdakı bərabərliklər təmin edilir:
6.3.1. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların mədəniyyətlərinin, hüquq və azadlıqlarının bərabərliyi;
6.3.2. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların öz mədəniyyətlərini qorumaq, öz mədəniyyət kimliklərini müəyyən etmək, mədəni sərvətlərini bərpa etmək, gücləndirmək və inkişaf etdirmək bərabərliyi.
Maddə 7. Mədəni həyatda iştirak etmək hüququ
7.1. Azərbaycan Respublikasında mədəni həyatda iştirak etmək hüququ dövlət tərəfindən təmin edilir.
7.2. Hər kəs öz mədəniyyət kimliyini və ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradıcılıq fəaliyyətini seçməkdə, mədəni sərvətlərin yaradılmasında, mədəni nemətlərdən bərabər istifadə etməkdə tam sərbəstdir.
Maddə 8. Mədəni özünəməxsusluq hüququ
8.1. Hər kəsin öz milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mədəniyyət kimliyini müəyyən etmək, mənəvi, estetik və digər dəyərlərini sərbəst seçmək hüququ vardır.
8.2. Mədəniyyət cəmiyyətləri öz mədəni özünəməxsusluğunu təbliğ etmək və inkişaf etdirmək və öz tarixi mədəniyyət məkanlarını bərpa etmək hüququna malikdir.
8.3. Dövlət istənilən mədəniyyət cəmiyyətinin özünəməxsusluğunun qorunmasına və inkişafına dəstək göstərir.
Maddə 9. Yaradıcılıq azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq azadlığı vardır. Azərbaycan Respublikasında istənilən şəxs öz maraqlarına və bacarıqlarına uyğun peşəkar əsasda və azad yaradıcılıq (həvəskar) əsasında istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün yaradıcılıq
fəaliyyətinin nəticələrini müəlliflik hüququ ilə qorumaq, mədəni sərvətləri nümayiş etdirmək, bu Qanunun tələbləri nəzərə alınmaqla, mülkiyyətində olan mədəni sərvətləri satmaq, bağışlamaq, habelə həmin məqsədlər üçün xarici ölkələrə aparmaq hüququna malikdir.
Maddə 10. Xaricdə mədəniyyət fəaliyyəti hüququ
10.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xaricdə mədəniyyət fəaliyyəti ilə məşğul ola bilərlər.
10.2. Azərbaycan Respublikası öz vətəndaşlarının xaricdə mədəniyyət fəaliyyəti ilə məşğul olmasına dəstək göstərir.
10.3. Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ərazisində mədəniyyət fəaliyyəti həm fərdi qaydada, həm də təşkilat vasitəsilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmamışdırsa, həmin dövlətlərin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 11. Mədəniyyət sahəsində mülkiyyət hüququ
11.1. Hər kəsin mədəniyyət sahəsində mülkiyyət hüququ dövlət tərəfindən qorunur.
11.2. Hər kəsin öz yaradıcılıq fəaliyyətinin nəticələrinə və qanuni əldə etdiyi mədəniyyət məhsullarına mülkiyyət hüququ vardır.
11.3. Mədəniyyət məhsullarının və xidmətlərinin əldə edilməsi, istifadəsi və barəsində sərəncam verilməsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq tənzimlənir.
Maddə 12. Mədəni sərvətlərlə xarici ticarət
Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 13. Mədəniyyət sahəsində sahibkarlıq hüququ
Azərbaycan Respublikasında hər bir şəxs bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq mədəniyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Maddə 14. Mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ
14.1. Azərbaycan Respublikasında mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir.
14.2. Bu Qanunun 14.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə dövlət tərəfindən:
14.2.1. milli mədəniyyətin dünya mədəniyyətinə inteqrasiyasını, mədəniyyətlərarası dialoqların inkişafını və vahid mədəniyyət məkanının qurulmasını təmin etmək məqsədilə milli mədəniyyət sahəsində müvafiq layihələr həyata keçirilir;
14.2.2. mədəniyyət sənayesinin inkişafına yönəlmiş investisiya layihələri həyata keçirilir və ya investisiya mühitinin yaxşılaşdırılması məqsədilə həmin investisiyaların qoyuluşuna əlverişli mühit yaradılır;
14.2.3. əhalinin mədəniyyət müəssisələrindən və mədəniyyət məkanlarından istifadə imkanlarının sadələşdirilməsinə yönəlmiş layihələr həyata keçirilir;
14.2.4. aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə iştirakçılarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada mədəni sərvətlərdən güzəştli istifadəsi təmin edilir;
14.2.5. iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnologiya və digər tədbirlər vasitəsilə uşaq və gənclərin mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnmələrini stimullaşdıran layihələr həyata keçirilir;
14.2.6. mədəniyyət sahəsində ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin gücləndirilməsi məqsədilə müvafiq layihələr həyata keçirilir;
14.2.7. bu Qanuna uyğun olaraq mədəniyyət sahəsində dövlət reyestri və monitorinqi aparılır, dövlət nəzarəti həyata keçirilir;
14.2.8. mədəniyyət sahəsində səyyar fəaliyyətin inkişafına dair layihələr həyata keçirilir;
14.2.9. mədəniyyət sahəsində müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq edilir;
14.2.10. mədəniyyət fəaliyyətinə dair standartlar qəbul edilir və tətbiqinə nəzarət həyata keçirilir;
14.2.11. mədəniyyət sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görülür;
14.2.12. dövlət mədəniyyət siyasətinin həyata keçirilməsinə dövlət nəzarəti təmin edilir;
14.2.13. əhali mədəniyyət sahəsi barədə məlumatlandırılır.
Maddə 15. Mədəniyyət sahəsində təhsil hüququ
15.1. Azərbaycan Respublikasında hər bir şəxs “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mədəniyyət sahəsində təhsil almaq və elmi fəaliyyətlə məşğul olmaq hüququna malikdir.
15.2. Mədəniyyət sahəsində elmi tədqiqatların aparılmasına dövlət tərəfindən şərait yaradılır.
15.3. Dövlət mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradılır.
15.4. Mədəniyyət sahəsində təhsil və elmi müəssisələrin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi və mədəniyyət sahəsində beynəlxalq təcrübə və biliklərin tətbiq edilməsi dövlət tərəfindən dəstəklənir.
15.5. Azərbaycan Respublikasında mədəniyyət sahəsində pedaqoji və elmi tədqiqat fəaliyyəti yaradıcılıq fəaliyyətinə bərabər tutulur.
Maddə 16. Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatları
16.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.
16.2. Azərbaycan Respublikasında hər bir şəxs istənilən birliyə öz mənsubiyyətini müstəqil müəyyən edir və birliyin fəaliyyətində bərabər əsasda iştirak edir.
16.3. Dövlət, mədəniyyət sahəsində həyata keçirilən tədbirlərin təşkilində və icrasında mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, o cümlədən yaradıcılıq birlikləri ilə əməkdaşlıq edir.
Maddə 17. Mədəniyyət sahəsində məlumat azadlığı
17.1. “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl olunmaqla, hər kəsin mədəniyyət sahəsində istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
17.2. Bu Qanunun 17.1-ci maddəsinin tələblərinə əməl olunmaqla, mədəniyyət sahəsində məlumat mübadiləsi kütləvi informasiya və digər yayım vasitələri ilə aparıla bilər.
17.3. Azərbaycan mədəni irsinin və mədəni sərvətlərinin təbliğ edilməsinə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kütləvi informasiya vasitələri tərəfindən informasiya dəstəyi göstərilir.
4-CÜ FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ FƏALİYYƏT
VƏ ONUN SUBYEKTLƏRİ
Maddə 18. Mədəniyyət fəaliyyətinin subyektləri
Azərbaycan Respublikasında mədəniyyət fəaliyyətinin subyektləri dövlət orqanları, fiziki, o cümlədən yaradıcı şəxslər, hüquqi şəxslər, həmçinin mədəniyyət müəssisələri və qeyri-hökumət təşkilatları ola bilərlər.
Maddə 19. Mədəniyyət müəssisələrinin təsis edilməsi və fəaliyyətinə xitam verilməsi
19.1. Mədəniyyət müəssisələrinin yaradılması və fəaliyyətinə xitam verilməsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
19.2. Mədəniyyət müəssisələri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş istənilən təşkilati-hüquqi formada yaradıla bilər.
19.3. Mədəniyyət müəssisəsinin təsis sənədlərində onun mədəniyyət fəaliyyətinin istiqamətləri göstərilməlidir.
Maddə 20. Mədəniyyət sahəsində fəaliyyət istiqamətləri
20.1. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir:
20.1.1. milli mədəni irsin aşkarlanması, qorunması, təbliği və təşviqi;
20.1.2. maddi və qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi;
20.1.3. tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və təşviqi;
20.1.4. tarixi memarlıq qoruqlarının fəaliyyəti;
20.1.5. təbii irsin qorunması, təbliği və təşviqi;
20.1.6. peşəkar və həvəskar yaradıcılıq fəaliyyəti;
20.1.7. audiovizual əsərlərin yaradılması və yayımlanması;
20.1.8. kinematoqrafiya fəaliyyəti;
20.1.9. teatr-konsert fəaliyyəti;
20.1.10. poliqrafiya, nəşriyyat işi sahəsində fəaliyyət;
20.1.11. kulinariya fəaliyyəti;
20.1.12. mədəni-asudə vaxtın təşkili üzrə fəaliyyət;
20.1.13. estetik tərbiyə sahəsində fəaliyyət;
20.1.14. mədəniyyət və incəsənət sahəsində təhsil və pedaqoji fəaliyyət;
20.1.15. mədəniyyət sahəsində elmi tədqiqat fəaliyyəti;
20.1.16. muzey və qalereya fəaliyyəti;
20.1.17. mədəni maarifçilik və kitabxana fəaliyyəti;
20.1.18. mədəniyyət mərkəzlərinin, klublarının və parklarının fəaliyyəti;
20.1.19. mədəniyyət sahəsinin təşviqi məqsədilə məlumatlandırma fəaliyyəti;
20.1.20. folklor yaradıcılığının təbliği və təşviqi;
20.1.21. qastrolların təşkili fəaliyyəti;
20.1.22. dekorativ-tətbiqi yaradıcılıq fəaliyyəti;
20.1.23. ədəbi yaradıcılıq fəaliyyəti;
20.1.24. maarifləndirmə və təbliğat fəaliyyəti;
20.1.25. teleradio yayımı fəaliyyəti;
20.1.26. sirk fəaliyyəti.
20.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə münasibətlər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
20.3. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinin bərabər əsasda inkişafına dövlət tərəfindən şərait yaradılır.
Maddə 21. Mədəniyyət sahəsində təşkilati fəaliyyət
21.1. Fiziki şəxslər, hüquqi şəxslər, o cümlədən qeyri-kommersiya qurumları, bu Qanunun 20.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mədəniyyət sahəsində aşağıdakı təşkilati fəaliyyətləri həyata keçirə bilərlər:
21.1.1. Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin təşkili, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkili;
21.1.2. uşaqların, gənclərin estetik, etik və mənəvi tərbiyələndirilməsi məqsədilə seminar, tədris, dəyirmi masa və digər aidiyyəti tədbirlərin təşkili;
21.1.3. əhalinin milli və dünya mədəniyyət nailiyyətlərindən bəhrələnməsini asanlaşdıran tədbirlərin təşkili;
21.1.4. mədəniyyət sahəsində istedadların müəyyən edilməsi, onların yaradıcılığının inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkili;
21.1.5. yaradıcı şəxslərin hüquqi, sosial və iqtisadi maraqlarının təmin edilməsi ilə bağlı tədbirlərin təşkili;
21.1.6. folklor nümunələrinin yaradılması, qorunması, təbliği və təşviqi ilə bağlı tədbirlərin təşkili;
21.1.7. xalq yaradıcılığının inkişafı və təbliği, mədəniyyətin inkişafında xalq ənənələrindən yaradıcı şəkildə istifadə edilməsi, tarixi abidələrin qorunub saxlanılması və zənginləşdirilməsi ilə bağlı tədbirlərin təşkili;
21.1.8. bəşəri dəyərlərin təbliği ilə bağlı tədbirlərin təşkili;
21.1.9. pedaqoji kollektivlərlə birgə uşaq və gənclərin vətənpərvər, mədəni və intellektual inkişafı, mənəvi-etik və estetik tərbiyəsi ilə bağlı tədbirlərin təşkili;
21.1.10. Azərbaycan Respublikasında yaşayan xalqların adət-ənənələrinin tanınması, təbliği və qorunması tədbirlərinin təşkili.
21.2. Mədəniyyət sahəsində həyata keçirilən təşkilati fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən koordinasiya edilir.
Maddə 22. Mədəniyyət sahəsində fəaliyyətin xüsusiyyətləri
22.1. Mədəniyyət təşkilatları mədəniyyət məhsullarının istehsalı və mədəniyyət xidmətlərinin göstərilməsi ilə məşğul ola bilərlər.
22.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində əqli mülkiyyət, o cümlədən müəlliflik hüququ və əlaqəli hüquqların həyata keçirilməsi və qorunması “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
22.3. Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
22.4. Azərbaycan Respublikasının milli mədəni irsinə aid sərvətlər bank zəmanəti kimi istifadə edilə bilməz.
22.5. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir.
Maddə 23. Dövlət mədəniyyət müəssisələrinə xüsusi statusların verilməsi
23.1. Dövlət mədəniyyət müəssisələrinə tarixi və mədəni roluna, yaradıcılıq fəaliyyətinin əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən milli, akademik, beynəlxalq və respublika əhəmiyyətini təsdiq edən status verilir.
23.2. Milli statusa malik mədəniyyət təsisatlarının fondları və əmlakı milli sərvət hesab olunur və xüsusi əhəmiyyətli obyektlər kimi dövlət tərəfindən qorunur.
23.3. Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5-Cİ FƏSİL
YARADICI ŞƏXSLƏR
Maddə 24. Yaradıcı şəxslər
24.1. Hər kəs peşəkar və ya həvəskar yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər.
24.2. Azərbaycan Respublikasında yaradıcılıq fəaliyyəti dövlət tərəfindən dəstəklənir.
24.3. Peşəkar yaradıcılığın inkişafı məqsədi ilə dövlət tərəfindən iqtisadi tədbirlər həyata keçirilir.
24.4. Peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 25. Yaradıcı şəxslərin dövlət təminatı
25.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyətin inkişafında, təbliğində və təşviqində xüsusi xidmətləri olan yaradıcı şəxslərə, festival və müsabiqə qaliblərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada fəxri adlar, təqaüdlər, mükafatlar verilir.
25.2. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq orden və medallarla təltif edilirlər.
25.3. Mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə məlumat bazası müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
6-CI FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏMƏSİ
Maddə 26. Mədəniyyət sahəsində dövlət reyestri sistemi
26.1. Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət reyestri sistemi dedikdə bu sahədə reyestrlər, kataloqlar, uçot sistemləri, mədəniyyət əmlakının siyahıları və məlumat topluları nəzərdə tutulur.
26.2. Mədəniyyət sahəsində dövlət reyestri sistemi mədəniyyət obyektlərinin kəmiyyət və keyfiyyət göstəricilərindən ibarət məlumat toplusudur.
26.3. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı və mədəni sərvətlərin mühafizə siyahısı mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxildir.
26.4. Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 27. Mədəniyyət sahəsində dövlət monitorinqi
27.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
27.2. Mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədi mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət mədəniyyət siyasəti istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsidir.
27.3. Mədəniyyət sahəsində dövlət monitorinqi mədəni sərvətlərin istifadəsinin və cari vəziyyətinin, mədəniyyət sənayesinin vəziyyətinin, mədəniyyət məhsullarının və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin, maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının, milli azlıqların mədəni müxtəlifliklərinin vəziyyətinin, mədəniyyət sahələrində kadr, maddi və texniki təchizatın cari vəziyyətinin, mədəniyyət sahəsində elm və təhsil müəssisələrində təhsil prosesinin və tədris proqramlarının müşahidələrindən ibarətdir.
Maddə 28. Mədəniyyət sahəsində rəsmi statistikanın aparılması
28.1. Mədəniyyət sahəsində məlumatların obyektivliyinin və müqayisəliliyinin təmin edilməsi məqsədi ilə rəsmi statistika aparılır.
28.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində rəsmi statistikanın aparılması, o cümlədən məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılması “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 29. Mədəniyyət sahəsində elektron məlumat sistemi
29.1. Mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır.
29.2. Mədəniyyət sahəsində elektron məlumat sistemi dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin qurulmasına, mədəniyyət fəaliyyəti subyektləri arasında
məlumat mübadiləsinin aparılmasına və mədəniyyət sahəsində səmərəli idarəetmənin təmin olunmasına xidmət edən kompleks proqram təminatıdır.
29.3. Mədəniyyət sahəsində elektron məlumat sistemi özündə yerli və mərkəzi elektron məlumat sistemlərini ehtiva edir.
29.4. “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, mədəniyyət sahəsində elektron məlumat sistemi ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan məlumatlardan ibarətdir.
29.5. Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7-Cİ FƏSİL
MƏDƏNİ SƏRVƏTLƏR VƏ AZƏRBAYCAN RESPUBLİKASININ
MƏDƏNİ İRSİ
Maddə 30. Mədəni sərvətlər
30.1. Mədəni sərvət dedikdə aşağıdakılar başa düşülür:
30.1.1. hər bir xalqın mədəni irsi üçün əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);
30.1.2. Bu Qanunun 30.1.1-ci maddəsində göstərilmiş, əsas məqsədi daşınar mədəni sərvətlərin saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər, kitabxanalar, arxivlər, habelə daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);
30.1.3. Bu Qanunun 30.1.1-ci və 30.1.2-ci maddələrdə qeyd olunmuş mədəni sərvətlərin cəmləşdiyi mərkəzlər.
30.2. Mədəni sərvətlərə aşağıdakılar aiddir:
30.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;
30.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;
30.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;
30.2.4. tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı;
30.2.5. səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri;
30.2.6. qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.);
30.2.7. şifahi xalq yaradıcılığı nümunələri;
30.2.8. arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;
30.2.9. memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr;
30.2.10. park və təbii landşaft obyektləri;
30.2.11. flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.
30.3. Mədəni sərvətlər dövlətin, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ictimai və yaradıcılıq birliklərinin mülkiyyətində ola bilər.
30.4. Mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. Milli mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.
30.5. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəniyyət nümunələri Azərbaycan Respublikasının milli mədəni sərvətlərinin tərkib hissəsidir.
30.6. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəni sərvətləri dövlət tərəfindən qorunur.
Maddə 31. Milli mədəni arxivlər
31.1. Kitabxana, muzey, foto, kino və digər arxiv və fondların yaradılması və mühafizəsi bu Qanunun 20.2-ci maddəsinə və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
31.2. Milli kitabxana, muzey, foto, kino arxiv və fondlarının vahidliyi və toxunulmazlığı dövlət tərəfindən təmin edilir.
31.3. Dövlət mülkiyyətinə aid, bu Qanunun 31-ci maddəsində nəzərdə tutulmuş arxivlərin (fondların) özgəninkiləşdirilməsi qadağandır.
Maddə 32. Mədəni irs nümunələri
32.1. Milli mədəni irsə muzey, incəsənət, audiovizual, (o cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir.
32.2. Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 33. Daşınmaz mədəni irs
33.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi və ya inşa olunduğu məkanlarda qorunur.
33.2. Azərbaycan Respublikasında daşınmaz mədəni irsə aşağıdakılar aiddir:
33.2.1. milli mədəni irs üçün önəmli olan memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini və dünyəvi abidələr, o cümlədən tarixi və bədii maraq kəsb edən arxeoloji, təbii ərazilər və arxitektura kompleksləri, incəsənət əsərləri;
33.2.2. daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar;
33.2.3. mədəni sərvətlərin toplandığı yerlər.
33.3. Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin siyahılara
daxil edilən mədəni irs abidələrinin və qoruqların mühafizə zonaları və qoruqların sərhədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 34. Sualtı mədəni irs
34.1. Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
34.2. Sualtı mədəni irsə öz təbii və arxeoloji mühiti ilə birgə suyun altında olan aşağıdakılar aiddir:
34.2.1. obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar;
34.2.2. gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, onların yükü və içindəki digər əşyalar;
34.2.3. qədim tarixi əşyalar.
34.3. Sualtı mədəni irs nümunələrindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 35. Milli mədəni irs obyektləri
35.1. Nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan mədəni irs obyektlərinin müəyyən edilməsi və qorunması bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
35.2. Xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektlərinin milli mədəni irs obyektlərinə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
35.3. Azərbaycan Respublikasının milli mədəni irs obyektləri başqa dövlətlər tərəfindən mənimsənilə bilməz.
Maddə 36. Qeyri-maddi mədəni irs
36.1. Azərbaycan Respublikasında qeyri-maddi mədəni irs nümunələri dövlət tərəfindən qorunur.
36.2. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması özündə eyniləşdirmə, sistemləşdirmə, saxlanma, mühafizə, yaxşılaşdırma, nəsildən-nəslə ötürülmə daxil olmaqla mədəni irsin müxtəlif aspektlərinin bərpası istiqamətində keçirilən fəaliyyətlərlə təmin edilir.
36.3. Qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxil olan, qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri aparılır.
36.4. Qeyri-maddi mədəni irs özündə aşağıdakıları ehtiva edir:
36.4.1. diyarşünaslıq (adət və ənənələr, bayram və mərasimlər, tarixi rəmz nümunələri və sirlər);
36.4.2. folklor (ifaçılıq, musiqi və rəqslər, şifahi yaradıcılıq, oyun və tamaşalar);
36.4.3. sənətkarlıq (tətbiqi sənət, ənənəvi dekorativ sənət, milli təsviri yaradıcılıq).
Maddə 37. Milli kulinariya nümunələri
37.1. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
37.2. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 38. Milli mədəni irsin mühafizəsinə dair öhdəliklər
38.1. Azərbaycan Respublikasında milli tarixi, təbii və mədəni irs obyektlərini, o cümlədən tarix, təbiət və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.
38.2. Azərbaycan Respublikasında təbiət komplekslərinin, tarixi ərazilər və mədəni irs abidələrinin qoruq elan edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
38.3. Milli mədəni irsin mühafizəsi sistemi dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən qanuni hüquqi, maddi-texniki və təşkilati tədbirlərdən ibarətdir.
38.4. Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təminatlar verilir.
38.5. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.
Maddə 39. Mədəni sərvətlərin mühafizəsi
39.1. Mühafizə məqsədilə mədəni sərvətlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilir.
39.2. Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır.
39.3. Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə çıxarılmalı və ya müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında məhdud dairədə istifadə edilməli olan mədəni sərvətlərə aid edilir.
39.4. Mühafizənin bərpa dərəcəsi, ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər.
39.5. Xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlərə şamil edilir.
39.6. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin müvafiq icra hakimiyyəti orqanı ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.
8-Cİ FƏSİL
MƏDƏNİ SƏRVƏTLƏRDƏN İSTİFADƏNİN TƏNZİMLƏNMƏSİ
Maddə 40. Mədəniyyət obyektlərindən istifadə rejimi
40.1. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi öz tarixi və bədii təyinatına uyğun və bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilir.
40.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektləri digər şəxslərin istifadəsinə və ya idarəçiliyinə verildiyi halda, mədəniyyət obyektlərinin təyinatına uyğun istifadə edilməsi təmin olunmalıdır.
40.3. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir.
40.4. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanında qeydə alınır. Bu maddədə qeyd olunan işləri aparan (yerinə yetirən) şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Milli Elmlər Akademiyasına və müvafiq icra hakimiyyəti orqanına aparılmış tədqiqat işləri barədə hesabat verir.
40.5. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Layihə üzrə işlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.
40.6. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.
40.7. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi nəticəsində əldə edilən gəlir mədəniyyət obyektinin qorunmasına, bərpasına və saxlanılmasına sərf edilməlidir.
Maddə 41. Mühafizə olunan mədəni sərvətlərin siyahısı
41.1. Mühafizə olunan mədəni sərvətlərin siyahısının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
41.2. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə verilir.
Maddə 42. Mədəni sərvətlərin ixracı
42.1. Mədəni sərvətlərin ixracının mümkünlüyü müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş mədəni sərvətin mühafizə şəhadətnaməsi ilə müəyyən edilir.
42.2. Sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən aparılması qadağandır.
42.3. Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 43. Mədəniyyət sahəsində qadağalar
43.0. Mədəniyyət sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:
43.0.1. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək təbliğatın aparılmasına;
43.0.2. müharibənin, sosial, irqi, milli, dini, təbəqə, nəsil üstünlüyünün təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsinə;
43.0.3. zorakılığın, pornoqrafiyanın, narkomaniyanın təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsinə;
43.0.4. milli mədəni irs nümunələrinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına;
43.0.5. irqindən, milliyyətindən, dinindən, dilindən, sosial mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq mədəniyyət sahəsində əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına;
43.0.6. mədəni və təbii irsin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə;
43.0.7. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə, mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin nüsxələndirilməsi, habelə onlardan turizm, ekskursiya və reklam məqsədilə istifadə edilməsinə;
43.0.8. mədəni sərvətlərin sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsinə.
9-CU FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNİN MALİYYƏ-İQTİSADİ TƏNZİMLƏNMƏSİ
Maddə 44. Mədəniyyət sahəsinin maliyyə-iqtisadi təminatı
44.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsinin aşağıdakı maliyyə mənbələri vardır:
44.1.1. dövlət büdcəsindən ayırmalar;
44.1.2. yerli büdcədən ayırmalar;
44.1.3. mədəniyyət sahəsində fəaliyyətdən əldə olunan gəlir;
44.1.4. digər qanuni maliyyə mənbələri.
44.2. Mədəniyyət sahəsinin dövlət büdcəsindən maliyyələşdirilməsi mədəni irsin qorunması və inkişafının əsas təminatıdır. Həmin maliyyə təminatı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
44.3. Mədəniyyət sahəsinin inkişafı məqsədilə, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi güzəştləri tətbiq edilir.
Maddə 45. Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi
45.1. Müvafiq icra hakimiyyəti orqanı mədəniyyət müəssisələrinin bərpası, maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının bilik və bacarıqlarının artırılması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihələrin maliyyələşdirilməsini həyata keçirir.
45.2. Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
45.3. Mədəniyyət sahəsində ədəbiyyat, incəsənət, dizayn, arxitektura, musiqi, xoreoqrafiya, teatr və sirk, kino, muzey və kitabxana, rəssamlıq və heykəltəraşlıq, xalq yaradıcılığı, folklor istiqamətlərinin inkişafında və mədəniyyət sahəsində təhsil və elmi araşdırmalar üzrə layihələrin həyata keçirilməsində dövlət maliyyələşdirilməsi məqsədəuyğun xarakter daşıyır.
Maddə 46. Mədəniyyət sahəsində xeyriyyəçilik fəaliyyəti
Mədəniyyət sahəsində xeyriyyəçilik və sponsorluq fəaliyyəti “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”, “Televiziya və radio yayımı haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.
Maddə 47. Mədəniyyət sahəsində özəlləşdirmə məsələləri
47.1. Dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakının özəlləşdirilməsi qadağandır. Həmin əmlakın siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
47.2. Bu Qanunun 47.1-ci maddəsində qeyd olunan əmlakın bələdiyyələr tərəfindən özgəninkiləşdirilməsinə yol verilmir.
47.3. Dövlət mədəniyyət müəssisələrinin və onlara məxsus mədəni sərvətlərin, o cümlədən dövlət mülkiyyətində olan kitabxana, klub, arxiv, muzey, incəsənət fond və arxivlərinə aid mədəniyyət obyektlərinin, tarix və mədəniyyət abidələrinin, mədəniyyət müəssisələrinin yerləşdiyi binaların və ərazilərin özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
47.4. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mədəniyyət obyektlərinin özəlləşdirilməsinə aşağıdakı şərtlərdən birinə riayət olunmaqla, icazə verilir:
47.4.1. mədəni sərvətlərin bərpası, qorunması və təbliği əsas fəaliyyət kimi müəyyən olunduqda;
47.4.2. mədəniyyət məhsullarının istehsalı və ya xidmətlərinin göstərilməsi əsas fəaliyyət kimi müəyyən olunduqda;
47.4.3. əhaliyə mədəniyyət məhsullarının və xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəştlərlə təqdim olunması əsas fəaliyyət kimi müəyyən olunduqda.
Maddə 48. Mədəniyyəti maliyyələşdirmə fondları
48.1. Mədəniyyət sahəsinin maliyyələşdirilməsinə əlavə vəsaitin cəlb edilməsi məqsədilə mədəniyyəti maliyyələşdirmə fondları müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.
48.2. Bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlə hüquqi və fiziki şəxslər tərəfindən mədəniyyəti maliyyələşdirmə fondları yaradıla bilər.
48.3. Mədəniyyəti maliyyələşdirmə fondları öz fəaliyyətlərini şəffaflıq, aşkarlıq, bərabərlik və səmərəlilik prinsiplərinə uyğun həyata keçirirlər.
10-CU FƏSİL
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 49. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq
49.1. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətidir.
49.2. Mədəniyyət sahəsində beynəlxalq təşkilatlarla və dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
49.3. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın məqsədi beynəlxalq mədəni sərvətlər bazarında Azərbaycan Respublikasının mövqeyinin möhkəmlənməsi və genişləndirilməsidir.
49.4. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq şəxslərin bilik və bacarıqlarının, təcrübə və nailiyyətlərinin beynəlxalq səviyyədə mübadiləsinin stimullaşdırılması prinsipi əsasında həyata keçirilir.
Maddə 50. Beynəlxalq əməkdaşlıq sahəsində dövlət mədəniyyət siyasətinin prioritetləri
50.1. Azərbaycan Respublikası mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini prioritet istiqamət kimi qəbul edir.
50.2. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:
50.2.1. beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə milli mədəniyyətin xarici ölkələrdə təbliği;
50.2.2. mədəni sərvətlərin birgə istehsalının stimullaşdırılması;
50.2.3. mədəniyyətlərarası dialoqun dəstəklənməsi;
50.2.4. xarici dövlətlərin mədəni irslərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi;
50.2.5. dünya mədəni irs obyektlərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi;
50.2.6. yeni texnologiyaların beynəlxalq mübadiləsi;
50.2.7. ən qabaqcıl təcrübələrin beynəlxalq mübadiləsi;
50.2.8. beynəlxalq informasiya sistemlərinin tətbiqi.
Maddə 51. Xarici dövlətlərdə mədəniyyət fəaliyyəti
51.1. Azərbaycan Respublikası xarici dövlətlərdə Azərbaycan mədəniyyətinin qorunması, təbliği və inkişafı məqsədilə tədbirlərin görülməsini təmin edir.
51.2. Azərbaycan Respublikası xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələr yaradır və inkişaf etdirir, onların mədəniyyət mərkəzlərinin, fondlarının və mədəniyyət sahəsində digər təsisatlarının məqsədyönlü fəaliyyətinə köməklik göstərir.
51.3. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətin ərazisində təsis edilən mədəniyyət mərkəzləri öz fəaliyyətini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmamışdırsa, həmin dövlətin qanunvericiliyinə uyğun olaraq həyata keçirirlər.
Maddə 52. Azərbaycan xalqının xarici dövlətlərdə milli mədəni və təbii irsi
52.1. Azərbaycan Respublikası Azərbaycan xalqının xarici dövlətlərin ərazisində yerləşən (olan) milli mədəni və təbii irsinin aşkarlanması, bərpası və qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirir.
52.2. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında digər dövlətlərin ərazisində Azərbaycan Respublikasından qeyri-qanuni yolla çıxarılmış milli mədəni irs nümunələrinin geri qaytarılmasına dair məqsədyönlü siyasət həyata keçirir.
52.3. Azərbaycan Respublikasının ərazisindən qeyri-qanuni yolla çıxarılmış milli mədəni irs nümunələri yerləşdiyi ölkədən, yerdən, çıxarıldığı vaxtdan və şəraitdən asılı olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır.
Maddə 53. Azərbaycan xalqının milli mədəni və təbii irsinin beynəlxalq mühafizəsi
Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədilə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq yardımın göstərilməsini və ya beynəlxalq gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edir.
Maddə 54. Azərbaycan Respublikasına məxsus mədəniyyət təsisatlarına xarici dövlətlər tərəfindən maliyyə vəsaitinin ayrılması
Azərbaycan Respublikasına məxsus mədəniyyət təsisatlarına xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən maliyyə vəsaitinin ayrılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
Maddə 55. Beynəlxalq mədəniyyət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyəti
Beynəlxalq mədəniyyət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və bu Qanunla tənzimlənir.
11-Cİ FƏSİL
YEKUN MÜDDƏALAR
Maddə 56. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Maddə 57. Keçid müddəalar
Bu Qanun qüvvəyə mindiyi gündən “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 430-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 223; 2001, № 11, maddə 688; 2002, № 5, maddə 245, № 12, maddə 706; 2006, № 12, maddə 1016; 2011, № 2, maddə 71) ləğv edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il.