25 avqust 2026, 15:30

Kamran İlyasovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin bu yaxınlarda Naxçıvan Muxtar Respublikasına səfəriniz, orada Azərbaycan Televiziyasına müsahibənizdə səsləndirdiyiniz mühüm fikirlər, verdiyiniz önəmli mesajlar naxçıvanlılarla yanaşı, bütün vətəndaşlarımızda qürur hissi doğurdu, dövlətimizin qüdrətini hər birimizə bir daha dərindən hiss etdirdi. Naxçıvandan bütün dünyaya ünvanladığınız, strateji prioritetlərin müəyyənləşdirildiyi bəyanatlarınız böyük siyasi əhəmiyyət kəsb edir.

Naxçıvana növbəti səfəriniz konkret layihələrin təqdimatı ilə müşayiət olundu. Bu fakt regionun inkişafının sistemli şəkildə həyata keçirildiyini göstərir. Naxçıvana göstərilən diqqət Azərbaycanın regional inkişaf strategiyasında xüsusi yer tutur. Səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirakınız, muxtar respublikada hərbi potensialı gündən-günə gücləndirməyiniz dosta güvən, düşmənə isə xəbərdarlıq mesajıdır. Sizin sayənizdə bu gün hər bir vətəndaş tam əmindir ki, Azərbaycan Silahlı Qüvvələri bölgədə mütləq söz sahibidir və bu qədim torpaqların təhlükəsizliyi Sizin qətiyyətinizlə toxunulmazdır.

Siz Naxçıvanı sadəcə hərbi cəhətdən sarsılmaz etmədiniz, həm də onu böyük bir sənaye, “yaşıl enerji” və logistika mərkəzinə çevirdiniz. Muxtar respublikada təməlini qoyduğunuz "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyaları, beynəlxalq qurumların böyük maraq göstərdiyi dəmir yolları seqmenti Sizin gələcəyə hesablanmış nəhəng iqtisadi zəfərinizdir. Biz fəxrlə görürük ki, yerləşdiyimiz geniş regionda elektrik enerjisi, neft və qaz təminatı sahəsində Azərbaycan qədər dayanıqlı və güclü ikinci bir ölkə yoxdur. Sizin yaratdığınız bu böyük potensial Naxçıvanı əvəzolunmaz bir nəqliyyat qovşağına çevirməkdədir. Eyni zamanda, tariximizin memarlıq incisi olan Möminə Xatun türbəsində aparılan mükəmməl bərpa işlərinə şəxsən nəzarət etməyiniz və dahi memar Əcəmi Naxçıvaninin monumentinin ucaldığı "Əcəmi seyrangahı" kompleksinin rəsmi açılışını reallaşdırmağınız Sizin milli kimliyimizə, mədəniyyətimizə və tarixi köklərimizə olan sonsuz ehtiramınızın bariz nümunəsidir. Siz keçmişin qədim ruhunu qoruyaraq müasir gələcəyi inşa edən dahi bir Lidersiniz. Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması, yeni sosial evlər kompleksinin və 310 hektarlıq nəhəng Naxçıvan Sənaye Parkının təməlini qoymağınız "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fəlsəfənizin reallıqdakı tam təzahürüdür. Şəhərin 2044-cü ilədək nəzərdə tutulan və gələcək nəsillərə xidmət edəcək genişmiqyaslı Baş Planı bu regional dirçəlişin ən böyük sübutudur. Məhz Sizin qətiyyətiniz və uzaqgörənliyiniz sayəsində Naxçıvanın azad olunmuş ərazilərimiz - Şərqi Zəngəzur və Qarabağla vahid konsepsiya əsasında, eyni idarəetmə və inkişaf xətti ilə yenidən qurulması dövlətimizin milli maraqlara söykənən ən böyük strateji qələbəsidir. Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı olaraq, Naxçıvanın və bütün bölgələrimizin, o cümlədən Qarabağ və Şərqi Zəngəzur zonalarının yeni inkişaf dastanının yazılması Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzun ən parlaq təzahürüdür. Vətənimizin hər bir guşəsi Sizin uzaqgörən siyasətinizlə nura qərq olur, dirçəlir və güclənir.

Naxçıvanın hər bir qarış torpağına, hər bir vətəndaşına və hər bir layihəsinə göstərdiyiniz bu diqqətə, bütövlükdə xalqımıza bəxş etdiyiniz böyük tərəqqiyə görə Sizə dərin minnətdarlığımı və sonsuz vətəndaş sədaqətimi bildirirəm. Uca Tanrı Sizi, dövlətimizi və yenilməz Ordumuzu qorusun! Qüdrətli dövlətçilik xəttimiz, real işlər, dayanıqlı inkişaf və işıqlı sabahlar məhz Sizin müdrik Liderliyiniz və sarsılmaz iradənizlə təmin olunur! Biz Sizinlə fəxr edirik, Cənab Prezident.

Dərin hörmətlə,

Kamran İlyasov

Azərbaycan Respublikası, Şəki rayonu, Kiş kəndi.