İbadullah Nəbiyevdən, Naftalan, Azərbaycan
19 avqust 2026, 17:00
Hörmətli cənab Prezident!
Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan böyük inkişaf yolu keçərək güclü, qüdrətli və beynəlxalq müstəvidə söz sahibi olan dövlətə çevrilmişdir. Bu inkişaf ölkəmizin bütün bölgələrində həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq layihələrində də özünü göstərir. Görülən işlər Sizin bölgələrimizin, bütövlükdə respublikamızın tərəqqisinə, xalqımızın rifahının yüksəldilməsinə verdiyiniz böyük önəmin bariz nümunəsidir.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinin uğurla həyata keçirilməsi, uzun illər həsrətlə yaşayan vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları dövlətimizin gücünü, qüdrətini, ən əsası, Sizin qətiyyətinizi bir daha təsdiq edir. Bütün bunlar hər bir azərbaycanlının qəlbində iftixar hissi doğurur və milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirir.
Vətən, xalq naminə atdığınız bütün qətiyyətli addımlar Sizə olan inamı, etimadı, məhəbbəti daha da artırır. Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan gələcəkdə daha da inkişaf edəcək, bundan da böyük uğurlar, zəfərlər qazanacaqdır. Sizə bu şərəfli yolda müvəffəqiyyətlər arzulayıram.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
İbadullah Nəbiyev
Azərbaycan Respublikası, Naftalan şəhəri.