Yusif Mirzəzadədən, Naxçıvan, Azərbaycan
21 avqust 2026, 14:09
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixində özünəməxsus və danılmaz yeri olan Naxçıvan əsrlərdir milli iradəmizin, dövlətçilik düşüncəmizin və Vətənə sədaqətimizin mühüm dayaq nöqtəsi missiyasını şərəflə yerinə yetirir. Əsrlər boyu Azərbaycanın ayrılmaz parçası kimi öz milli-mənəvi dəyərlərini qoruyub yaşadan bu qədim diyar ən mürəkkəb və taleyüklü tarixi mərhələlərdə belə dövlətçiliyimizin qorunmasında müstəsna xidmətlər göstərmiş, xalqımızın mübarizə əzminin parlaq nümunəsinə çevrilmişdir. Müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider
Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin ən ağır və məsuliyyətli dövrlərindən birində Naxçıvanın ona qucaq açması, eyni zamanda Ulu Öndərin Naxçıvana sahib çıxması Azərbaycanın müstəqillik, suverenlik və inkişaf yolunun sarsılmaz təməlini yaratmışdır. Bu gün Naxçıvanın sürətli inkişafı, yenilənməsi və müasir simaya qovuşması həmin dövlətçilik fəlsəfəsinin Sizin rəhbərliyinizlə yeni mərhələdə uğurla davam etdirilməsinin məntiqi və real nəticəsidir.
Möhtərəm cənab Prezident!
Sizin Naxçıvana hər səfəriniz bu qədim diyarımızda əsl bayram ab-havası yaradır. Naxçıvanlılar Sizin bu torpağa olan münasibətinizi gündəlik həyatın özündə-yenilənən şəhər və kəndlərdə, qurulan müəssisələrdə, müasirləşən infrastrukturda, sosial layihələrdə, insanların təhlükəsizliyində və rifahında daim hiss edirlər.
Bu gün Naxçıvanda həyata keçirilən quruculuq layihələri, qədim diyarın gələcəyinin əsası olan müasir enerji siyasəti, yaşıl texnologiyalar, sosial xidmətlərin əlçatanlığının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri və dayanıqlı inkişafın digər təzahürləri Sizin insanların layiqli yaşam amilini dövlət siyasətinin mərkəzinə qoyduğunuzu bir daha təsdiq edir.
Şübhəsiz ki, Naxçıvanın gələcəyinə hesablanmış bu böyük quruculuq siyasəti onun tarixi simasının və milli-mənəvi irsinin möhkəm postamenti üzərində dayanmışdır. Bu baxımdan Naxçıvan şəhərinin yeni Baş Planının hazırlanması qədim şəhərimizin tarixi-memarlıq simasının qorunması ilə müasir şəhərsalma prinsiplərinin vəhdətinə işıq tutur. Möminə Xatun Türbəsinin bərpası istiqamətində aparılan işlər və Memar Əcəmi Naxçıvaninin 900 illiyi münasibətilə ucaldılmış abidənin açılışı da bu tarixi-mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin məntiqi davamı kimi xüsusi əhəmiyyət kəsb edir.
Lakin Naxçıvanın gələcəyini qurmaqla yanaşı, bu gələcəyin etibarlı və təhlükəsiz təminatı da Sizin dövlət siyasətinizin mühüm istiqamətlərindən biridir. Naxçıvanın müdafiə potensialının artırılmasına göstərdiyiniz xüsusi diqqət hər bir naxçıvanlının qəlbində sonsuz minnətdarlıq və qürur hissi doğurur. Ötən onilliklərdə Naxçıvanın müdafiə potensialının artırılması istiqamətində verdiyiniz tapşırıqlar və bu siyasətin bu gün də ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın təhlükəsizliyinin, müdafiə qabiliyyətinin və strateji əhəmiyyətinin daim dövlətimizin diqqət mərkəzində olduğunu göstərir. Bu, həm Naxçıvanın etibarlı müdafiəsinin, həm də dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunmasına yönəlmiş qətiyyətli siyasətinizin bariz ifadəsidir.
Möhtərəm cənab Prezident!
Bütün bu mühüm layihə və təşəbbüslərin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində ardıcıl şəkildə reallaşdırılması Sizin Naxçıvanın gələcəyinə olan aydın və uzaqgörən baxışınızın siyasi, iqtisadi, sosial, humanitar, mədəni və hərbi ölçülərinə yeni nəfəs verib. Bu gün biz xoşbəxtik ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsində Naxçıvana verilən müstəsna əhəmiyyət Sizin dövlətçilik kursunuzda yeni çalarlarla zənginləşir, Naxçıvanın tarixi missiyasında yeni məzmun qazanır. Əminik ki, Sizin rəhbərliyiniz altında Naxçıvan qarşıdakı illərdə daha böyük sosial-iqtisadi nailiyyətlər əldə edəcək, yeni quruculuq və tərəqqi mərhələsinə qədəm qoyacaq, Azərbaycanın inkişaf və yüksəliş salnaməsində özünəməxsus şərəfli yerini daha da möhkəmləndirəcəkdir.
Bu əlamətdar səfəriniz və Naxçıvana göstərdiyiniz növbəti böyük diqqət münasibətilə Sizə dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirir, Ulu Öndər Heydər Əliyevin bizə əmanət etdiyi müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, xalqımızın rifahının yüksəlməsi və milli dövlətçilik ideallarımızın əbədi yaşaması naminə həyata keçirdiyiniz yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, tükənməz enerji, uzun ömür və yeni-yeni tarixi nailiyyətlər arzulayıram.
Uca Tanrı Sizi, ailənizi və Azərbaycanımızı qorusun!
Dərin hörmətlə,
Yusif Mirzəzadə
Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri,
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.