Anar Sadiqovdan, Naxçıvan, Azərbaycan
17 avqust 2026, 12:51
Hörmətli cənab Prezident!
İlk növbədə, Sizə bir Azərbaycan vətəndaşı, doğma Naxçıvanın yetirməsi və memar kimi ən dərin hörmətimi və səmimi minnətdarlığımı bildirirəm.
2026-cı il avqustun 11-də Naxçıvan Muxtar Respublikasına etdiyiniz növbəti səfər, iştirak etdiyiniz açılış və təməlqoyma mərasimləri, şəhərsalma və infrastruktur layihələri ilə tanışlığınız, Azərbaycan Televiziyasına verdiyiniz proqram xarakterli müsahibə hər bir naxçıvanlı tərəfindən böyük qürur hissi ilə izlənildi. Səfəriniz bir daha nümayiş etdirdi ki, Naxçıvan hər zaman Sizin xüsusi diqqət və qayğınızın mərkəzindədir.
Son illər Naxçıvanda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, yeni yolların, sosial obyektlərin, yaşayış komplekslərinin, sənaye müəssisələrinin, müasir xidmət infrastrukturunun yaradılması qədim diyarımızın simasını tamamilə dəyişmişdir. Bu dəyişikliklər yalnız bugünkü nəslin rifahına deyil, gələcək nəsillərin firavan həyatına hesablanmış uzaqgörən dövlət siyasətinin parlaq nəticəsidir.
Sizin rəhbərliyinizlə həyata keçirilən siyasət nəticəsində Naxçıvan artıq təkcə sərhəd bölgəsi deyil, həm də strateji iqtisadi mərkəzə, “yaşıl enerji” məkanına, beynəlxalq nəqliyyat qovşağına və müasir şəhərsalma nümunəsinə çevrilməkdədir.
Bu isə hər bir azərbaycanlı kimi məndə də böyük qürur hissi doğurur.
Cənab Prezident, bir memar olaraq məni ən çox sevindirən məsələlərdən biri də tarixi-mədəni irsimizə göstərdiyiniz yüksək həssaslıq və dövlət qayğısıdır. Çünki şəhərlər yalnız müasir binalarla deyil, əsrlərin yaddaşını yaşadan abidələri ilə də yaşayır. Bu baxımdan dünya memarlıq tarixinin nadir incilərindən biri olan Mömünə Xatun türbəsinin bərpası və konservasiyası barədə qəbul etdiyiniz qərar memarlıq ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. XII əsr Azərbaycan memarlıq məktəbinin şah əsəri, dahi memar Əcəmi Naxçıvaninin ölməz irsi olan bu möhtəşəm abidənin dövlət səviyyəsində xüsusi diqqətə alınması, onun elmi əsaslarla bərpası üçün vəsait ayrılması və görülən işlərlə şəxsən tanış olmağınız milli-mədəni irsimizin qorunmasına verdiyiniz dəyərin ən parlaq nümunələrindəndir.
Mən bir memar kimi yaxşı anlayıram ki, tarixi abidəni bərpa etmək sadəcə daşları yenidən düzəltmək deyil. Bu, xalqın tarixini, kimliyini, estetik düşüncəsini və dövlətçilik ənənələrini gələcək nəsillərə olduğu kimi çatdırmaq deməkdir. Məhz buna görə Mömünə Xatun türbəsinin öz tarixi görkəmi qorunmaqla beynəlxalq standartlara uyğun şəkildə bərpası Azərbaycan memarlığı üçün də tarixi hadisə hesab olunur.
Xüsusilə sevindirici haldır ki, Naxçıvanın Baş Planının hazırlanması, tarixi-mədəni obyektlərin konservasiyası, şəhərin müasir inkişaf konsepsiyasının milli memarlıq ənənələri ilə uzlaşdırılması gələcəyin Naxçıvanının daha gözəl və daha yaşanılan şəhərə çevriləcəyindən xəbər verir. Bu yanaşma ölkəmizdə memarlıq və şəhərsalma siyasətinin yeni mərhələyə yüksəldiyini göstərir.
Hörmətli cənab Prezident, Sizin fəaliyyətiniz nəticəsində bu gün Azərbaycan dünyada güclü dövlət kimi tanınır, Naxçıvan isə sürətlə inkişaf edən, müasirləşən və tarixi irsini qoruyan örnək bölgəyə çevrilir. Bu inkişafın canlı şahidi olmaq hər bir vətəndaş üçün böyük xoşbəxtlikdir.
Əminəm ki, Sizin rəhbərliyinizlə həyata keçirilən siyasət nəticəsində Naxçıvan yaxın illərdə təkcə Azərbaycanın deyil, bütün regionun ən müasir, ən yaşıl, ən təhlükəsiz və memarlıq baxımından ən nümunəvi şəhərlərindən birinə çevriləcəkdir.
Sizə Naxçıvana göstərdiyiniz sonsuz diqqətə, xalqımıza bəxş etdiyiniz sabitliyə, tarixi irsimizin qorunmasına və dövlətimizin qüdrətinin daha da artırılması istiqamətində gördüyünüz misilsiz işlərə görə dərin təşəkkürümü bildirirəm.
Uca Allah Sizi və ailənizi qorusun! Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və Azərbaycan naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Anar Sadiqov, gənc memar
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.