logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vüqar Orucdan, Ankara, Türkiyə

Text size icon-size icon-size

13 avqust 2026, 15:50

Hörmətli cənab Prezident!

Ölkəmizdə həyata keçirilən hüquqi, iqtisadi və institusional islahatlara,
o cümlədən qiymətləndirmə sektorunun inkişafına göstərdiyiniz diqqətə görə Azərbaycan qiymətləndiriciləri olaraq Sizə minnətdarlığımızı bildiririk. “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni Qanunun qəbul edilməsi, qiymətləndirmə fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi, peşəkar qiymətləndiricilər institutunun inkişaf etdirilməsi və sektorda müasir, şəffaf və beynəlxalq tələblərə cavab verən mexanizmlərin formalaşdırılması Azərbaycanın iqtisadi sisteminin inkişafında mühüm mərhələdir. Bu istiqamətdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də öz üzərinə düşən vəzifələri ardıcıl şəkildə həyata keçirir.

Biz Azərbaycan qiymətləndirmə institutunu Beynəlxalq Qiymətləndirmə Standartları Şurasında təmsil edirik və Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupu ilə mühüm əlaqələr qururuq. Bu fəaliyyətlər Azərbaycanın qiymətləndirmə sisteminin beynəlxalq peşəkar məkana inteqrasiyasına, milli standartların beynəlxalq prinsiplərlə uyğunlaşdırılmasına və ölkəmizdə müasir qiymətləndirmə institutunun formalaşmasına xidmət edir.

Hörmətli cənab Prezident, Azərbaycan xalqının yaddaşında Sizin adınız,
ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı tariximizin ən şərəfli səhifələrində əbədi həkk olunmuşdur. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızın uzun illər davam edən həsrətinə son qoymuş, tarixi ədalət bərpa edilmişdir. Bu gün həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və abadlıq işləri Azərbaycanın iqtisadi gücünün və dövlətçilik iradəsinin ən mühüm göstəricilərindəndir. Yeni şəhərlərin və kəndlərin salınması, yolların, hava limanlarının və digər infrastrukturun qurulması, müasir yaşayış məkanlarının yaradılması və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açır. Azərbaycan qiymətləndiriciləri bu böyük quruculuq prosesini yalnız iqtisadi layihə deyil, milli qayıdış və tarixi ədalətin təntənəsi kimi qiymətləndirirlər.

Bu gün Ankara şəhərindən Sizə müraciət etməyimiz də xüsusi məna daşıyır.

Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi və Türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın genişlənməsi Sizin Azərbaycan qiymətləndiricilərinin gələcəyinə verdiyiniz böyük töhfənin göstəricisidir. Azərbaycan qiymətləndiriciləri olaraq hesab edirik ki, peşəkar təşkilatlar arasında əməkdaşlığın inkişafı Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın mühüm istiqamətlərindən biridir. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının yaradılması və institusional inkişafı da məhz bu məqsədə xidmət edir. Biz Türk dövlətlərinin qiymətləndiricilərini vahid peşəkar platformada birləşdirməklə, təcrübə mübadiləsini genişləndirməklə, qiymətləndirmə standartlarının yaxınlaşdırılması və beynəlxalq təcrübənin paylaşılması ilə türk dünyasının qiymətləndiricilərinin iqtisadi inteqrasiyasına öz töhfəmizi verməyə çalışırıq. Bu fəaliyyətimizin həyata keçirilməsində türk dünyası qiymətləndiricilərinin birliyinə yönəlmiş dövlət siyasəti bizim üçün ən böyük stimul və mənəvi dayaqdır.

Möhtərəm cənab Prezident, Sizi - milli liderimizi, Azərbaycanımızın tarixinə adı qızıl hərflərlə həkk olunmuş Müzəffər Ali Baş Komandanımızı, Türk dünyasının birliyi və həmrəyliyi naminə yorulmadan çalışan böyük Türk Liderini bir daha dəstəklədiyimizi bildiririk. Sizin rəhbərliyinizlə Azərbaycanın bundan sonra da böyük tarixi uğurlara imza atacağına, ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, hüquqi və institusional islahatların davam etdiriləcəyinə, Türk dövlətləri arasındakı əməkdaşlığın daha yüksək mərhələyə yüksələcəyinə inanırıq.

Azərbaycan qiymətləndiriciləri adından Sizə möhkəm cansağlığı və uzun ömür arzulayır, ölkəmizin davamlı inkişafı və dövlətimizin qüdrətinin daha da möhkəmləndirilməsi, eləcə də Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyətinizdə yeni nailiyyətlər diləyirik.

Dərin hörmət və ehtiramla,

Vüqar Oruc

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri,
Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının fəxri prezidenti,

Türkiyə Respublikası, Ankara şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi