logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında İlham Əliyevin çıxışı

Text size icon-size icon-size

31 iyul 2026, 08:01

-Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Əvvəlcə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə, mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bu, gözəl ölkənizə ilk səfərim deyil, amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sizin rəhbərliyinizlə təkcə bu bölgədə deyil, bütün ölkədə gedən inkişaf məndə böyük təəssürat yaradıb. Əvvəlcə, Sizi və bütün qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim.

Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik.

Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər. Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.

Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək.

Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim - həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.

Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz. Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və əminəm ki, mənim dövlət səfərimin nəticələri qardaş münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. Sağ olun.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi