logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

27 iyul 2026, 13:18

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar”ın məzmunu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239 (Cild I); 2024, № 11, maddə 1200; 2025, № 1, maddə 53) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.6-cı bəndindən “həmin şəxslərə” sözləri çıxarılsın və həmin bənddə “verilməsini” sözü “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilməsini, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini və müraciət edənin elektron poçt ünvanına göndərilməsini” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 223 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adından “, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın” sözləri çıxarılsın;

4.2. 1.3-cü bənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491 (Cild I); 2024, № 11, maddələr 1200, 1203) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”nin 10.4-cü bəndinə “əcnəbilərin” sözündən əvvəl “Sistem vasitəsilə” sözləri əlavə olunsun və həmin bənddə “fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi” sözləri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilməsi, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi və müraciət edənin elektron poçt ünvanına göndərilməsi” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyul 2026-cı il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi