16 iyul 2026, 19:05

Abbas Zalovdan, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident!

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışınızı həmişə olduğu kimi böyük maraq və qürurla dinlədim.

Həm yerli, həm də xarici ölkələrin media nümayəndələrinin və ekspertlərin müxtəlif mövzulara dair suallarını dolğun şəkildə cavablandırmağınız, qlobal gündəlikdə duran məsələlərə dair verdiyiniz mühüm mesajlar, Azərbaycanın Türkiyə ilə münasibətləri, Cənubi Qafqazdakı proseslər barədə söylədiyiniz fikirlər dünya mediasında maraqla izlənilərək Forumun ən yaddaqalan hissəsi oldu.

Şuşa şəhərinin qlobal media dialoqunun nüfuzlu platformalarından birinə çevrilməsi, müxtəlif ölkələrdən media rəhbərlərinin, ekspertlərin, jurnalistlərin ölkəmizdə bir araya gəlməsi Azərbaycanın bölgədə sülhün, dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsinə verdiyi töhfənin bariz nümunəsidir. Bu cür mötəbər tədbirlər həm də xarici jurnalistlərə Azərbaycan həqiqətləri və Qarabağdakı bərpa-quruculuq prosesləri ilə birbaşa tanış olmaq üçün yaradılan imkandır.

Cənab Prezident, dövlətimizin beynəlxalq miqyasda tanıdılması, milli maraqlarımızın qorunması, ölkəmizin hərtərəfli inkişafı istiqamətində atdığınız hər bir addımı xalqımız böyük rəğbətlə qarşılayır, Sizinlə fəxr edir.

Sizə Azərbaycanın daha da güclənməsi naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı arzulayıram.


Dərin hörmət və ehtiramla,

 

Zalov Abbas

Azərbaycan Respublikası, Göygöl rayonu