16 iyul 2026, 15:30

Rəşad Nəsirovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda təşkil olunan Forumda Sizin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarına verdiyiniz cavablar əslində Azərbaycanın yeni geosiyasi baxışının təqdimatı idi. Dövlətimizin başçısı qeyd etdi ki, xarici media nümayəndələrinin Qarabağın dağıntılardan inkişaf mərhələsinə keçidini öz gözləri ilə görməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Bu fikir təkcə informasiya siyasəti deyil, həm də diplomatik strategiyadır. Sizin müsahibələrinizdə ən mühüm istiqamətlərdən biri Azərbaycanın artan geosiyasi çəkisi idi. Yeni logistika layihələri haqqında danışarkən Siz əslində qlobal ticarət xəritəsinin dəyişdiyini göstərirdi. Xəzərdə 15 milyon tonluq liman gücünün 25 milyon tona çatdırılması, yeni gəmilərin hazırlanması və Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin genişləndirilməsi Azərbaycanın artıq Avrasiyanın əsas əlaqələndirici dövlətlərindən birinə çevrildiyini göstərir.

IV Şuşa Qlobal Media Forumu bir daha təsdiq etdi ki, Azərbaycan artıq regional proseslərin formalaşmasında fəal rol oynayan aktordur. Ölkəmizin müstəqil diplomatik xətti, təşəbbüsləri və qlobal çağırışlara çevik reaksiyası beynəlxalq mövqeyimizin gücləndiyini göstərir.

Eləcə də Sizin jurnalistlərin suallarına verdiyiniz cavablar Azərbaycanın geosiyasi baxışlarını, xarici siyasət prioritetlərini və milli maraqlara əsaslanan dövlətçilik strategiyasını aydın şəkildə göstərdi. Nəticə etibarilə, Forum Azərbaycanın dəyişən dünya nizamında öz strateji mövqeyini müəyyənləşdirən, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunu və artan beynəlxalq rolunu nümayiş etdirən mühüm platforma kimi yadda qaldı.

Cənab Prezident, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdiyiniz, ölkəmizin beynəlxalq arenadakı mövqeyini ardıcıl şəkildə gücləndirdiyiniz üçün Sizə dərin təşəkkürümü və yüksək ehtiramımı bildirirəm. Uca Allah Sizi və ailənizi qorusun!

 

Dərin hörmətlə,

Nəsirov Rəşad, əməkdar jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri