logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

15 iyul 2026, 15:56

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

3.1. Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

3.2. Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2026-cı il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi