İlham Əliyev Azərbaycan elminin görkəmli nümayəndəsi Mahmud Kərimovun son mənzilə yola salma mərasimində iştirak etmişdir
11 fevral 2013, 17:05
Fevralın 11-də ölkəmizin ictimaiyyəti tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimovu son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının binasında matəmsayağı bəzədilmiş salonda postament üzərində qoyulmuşdu.
Divardan Mahmud Kərimovun portreti asılmışdı.
Monitorda mərhum akademikin elmi nailiyyətlərini, AMEA-nın prezidenti kimi keçirdiyi görüşləri, yerli və xarici elmi konfranslardakı çıxışlarını əks etdirən videomateriallar nümayiş etdirilirdi.
Salonda Azərbaycan Prezidenti İlham Əliyevin adından əklillər qoyulmuşdu.
AMEA-nın binasının qarşısında da dövlət, hökumət və yaradıcılıq təşkilatları, ali təhsil ocaqları, müxtəlif kollektivlər, o cümlədən respublikanın elmi ictimaiyyəti adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Görkəmli alimin həmkarları, dostları, tanışları, elm ictimaiyyətinin nümayəndələri bu böyük elm təşkilatçısına, ziyalı insana son borclarını verirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Mahmud Kərimovun vida mərasimində iştirak etmək üçün AMEA-nın binasına gəldi.
Dövlətimizin başçısı görkəmli alimin ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdi.
Sonra matəm mitinqi oldu.
Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, görkəmli alimin həyat və yaradıcılığından danışdı, onun vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu bildirdi. Qeyd olundu ki, böyük ziyalı və elm xadimi olan akademik Mahmud Kərimov ölkəmizdə ziyalılıq ənənələrini davam etdirən görkəmli alim idi. Mahmud Kərimov haqqında fikirləşəndə ilk növbədə, göz önündə sadə, mülayim, təmkinli, əsl ziyalı bir insanın surəti canlanır. Bütün bu yüksək insani keyfiyyətlər onun böyüklüyündən irəli gəlirdi.
Baş nazirin müavini demişdir ki, akademik Mahmud Kərimovun ziyalılığı ulu öndərimiz Heydər Əliyevin də diqqətindən yayınmamışdır. Böyük alimin AMEA-ya rəhbərliyi dövründə Azərbaycan elmi yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. AMEA-nın prezidenti kimi bu görkəmli elm təşkilatçısının fəaliyyəti Azərbaycan elminin inkişafında böyük iz qoymuş, bu qurumun beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Akademik Mahmud Kərimov Azərbaycan elmini ölkəmizin hüdudlarından kənarda yüksək ləyaqətlə təmsil etmişdir.
Elçin Əfəndiyev Mahmud Kərimovun insanı keyfiyyətlərindən, dostluğa, elmə, Vətənə sədaqətindən, gənc alimlərə qayğısından da söz açmışdır.
Akademik Vaqif Fərzəliyev çıxış edərək dedi ki, Mahmud Kərimov Akademiyaya rəhbərlik etdiyi 12 il ərzində ölkəmizdə fizika elminin inkişafında müstəsna xidmətlər göstərmiş, Azərbaycan dövlətinin elm siyasətinə böyük töhfələr vermişdir. Akademik Mahmud Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə əksini tapmışdır. O, elmi nailiyyətlərinə görə çoxsaylı patent və müəlliflik şəhadətnamələri almışdır. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, Azərbaycan elminin dünya elm strukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrdə əlaqələrin xeyli genişlənməsinə xidmət etmişdir.
Akademik Akif Əlizadə isə demişdir ki, tanınmış elm xadimi Mahmud Kərimovun Azərbaycanda elmin inkişafında və idarə olunmasındakı gördüyü işlər heç vaxt unudulmayacaqdır. Bildirildi ki, ölkəmizdə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayan, dielektriklər fizikası ilə bağlı fundamental tədqiqatlar aparan Mahmud Kərimov radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi araşdırmaları ilə məşhur olmuşdur. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilmişdir. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru AMEA-nın nüfuzlu institutlarından birinə çevrilərək beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunmuşdur.
Görkəmli alim Mahmud Kərimovun nəcib xüsusiyyətlərindən danışan akademik İsmayıl Hacıyev onun mənəvi keyfiyyətlərinin elm adamlarının qəlbində daim yaşayacağını bildirmişdir. Mahmud Kərimovun fəaliyyətinə nəzər salan İsmayıl Hacıyev demişdir ki, MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü olan Mahmud Kərimov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin səmərəli əlaqələndirilməsi prosesinə də mühüm töhfə vermişdir.
Akademik bildirmişdir ki, ömrünün 40 ilini Azərbaycan elminin inkişafına həsr edən Mahmud Kərimov AMEA-ya rəhbərliyi dövründə dövlətin elm siyasətinin regionlarda da uğurla tətbiqinə çalışmışdır. Məhz onun bu quruma rəhbərlik etdiyi dövrdə AMEA-nın Naxçıvanda və Gəncədə bölmələri, Şəkidə və Lənkəranda isə regional bölmələri yaradılmışdır.
Akademik Əhliman Əmiraslanov Azərbaycan elminin inkişafında yorulmadan çalışan Mahmud Kərimovun elmi irsinin hər zaman gələcək nəsillər üçün mənbə olacağını söyləmişdir. Bildirilmişdir ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının idarə heyətinin sədri kimi fəaliyyət göstərən akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülmüşdür.
Qeyd edilmişdir ki, iki il əvvəl dövlətimizin başçısının iştirakı ilə keçirilən AMEA-nın illik yığıncağında Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində Mahmud Kərimovun cəsarətlə qaldırdığı məsələlərin çoxu tezliklə həyata keçirilməyə başlanmışdır.
Böyük alimin Azərbaycan elminin inkişafındakı xidmətlərini xatırladan akademik Vasim Məmmədəliyev diqqətə çatdırmışdır ki, ürəyi hər zaman Vətəni ilə döyünən Mahmud Kərimovun elmimizin tarixində böyük iz buraxmışdır. Bildirilmişdir ki, Azərbaycanda fizika elminin inkişafında, bu sahədə sanballı uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olan Mahmud Kərimovun AMEA-ya rəhbərlik etdiyi son dövr bu qurumun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnmişdir. Qeyd olunmuşdur ki, görkəmli alim, bacarıqlı elm təşkilatçısı, akademik Mahmud Kərimovun əziz xatirəsi heç zaman unudulmayacaqdır.
Sonra Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi, onlara Tanrıdan səbir dilədi.
Akademik Mahmud Kərimovun ailə üzvləri, qohumları mərhumla vidalaşdılar.
X X X
Görkəmli alim, akademik Mahmud Kərimovun cənazəsi AMEA-nın binasından qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dualar oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük alim, əsl vətəndaş və gözəl insan Mahmud Kərim oğlu Kərimovun cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!