Cəlil Xəlilovdan, Bakı, Azərbaycan
03 iyul 2026, 12:40
Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan!
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Sizinlə birlikdə mətbuata verdiyi bəyanat bir daha sübut etdi ki, Avropa İttifaqı ölkəmizi Cənubi Qafqazda sülhün memarı kimi tanıyır və dövlətimizin sülh səylərini yüksək qiymətləndirir.
Onu da qeyd edim ki, Azərbaycan 8 Noyabr zəfəri ilə regionda sülh üçün etibarlı zəmin formalaşdırıb və bu gün də bölgədə sabitliyin əsas təminatçısı qismində çıxış edir.
“Hər kəsə məlum olduğu kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər Cənubi Qafqaz regionunda yeni hərbi-siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Belə ki, erməni faşizmi həmin zəfərlə darmadağın edildi ki, bu da Cənubi Qafqazda dinclik və sabitlik üçün əsaslı zəmin yaratdı. Post-müharibə dönəmində ölkəmizin yürütdüyü siyasət, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ prezidentinin də iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması imkan verdi ki, Cənubi Qafqaz sülhə doğru yeni, prinsipial bir addım atmış olsun.
Bu gün Sizin bildirdiyiniz kimi, regionda de-fakto sülh mövcuddur. Məhz bu səbəbdən də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanı təbrik etdi, bunu son onilliklərin “ən mühüm hadisəsi” kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycanın səyi ilə əldə edilən bu sülh ortaq rifah üçün yeni imkanlar açır.
Bundan başqa, Avropa Komissiyasının Prezidenti bəyan etdi ki, Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir və sülhü gücləndirməkdə maraqlıdır. Bu, bir daha Avropa İttifaqının Azərbaycanın prinsipial mövqeyi, fədakarlığı ilə ərsəyə gələn sülhə verdiyi önəmi göstərir.
İnanıram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji xarakter alan əməkdaşlıq Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verəcək, region xalqlarının rifahını yüksəldəcək, inkişaf və tərəqqi üçün yeni imkanlar yaradacaq”.
Allah Sizi Qorusun Cənab Prezident!
Azərbaycan Sizinlə Fəxr edir!
Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Xəlilov Cəlil, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri