Ədalət Muradovdan, Bakı, Azərbaycan
03 iyul 2026, 12:00
Möhtərəm cənab Prezident!
Sizin Ali Baş Komandan kimi müdrik hərbi strategiyanız əsasında 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər bütün sahələrdə olduğu kimi, ali təhsil müəssisələrinin inkişafında da yeni mərhələnin, müasir çağırışlara uyğun dinamik tərəqqi mərhələsinin başlanğıcını qoydu. Qələbə ruhu, qürur və inam hissi ilə yanaşı, ölkəmizin hər bir sahədə daha böyük hədəflərə doğru irəliləməsi üçün güclü motivasiya, əlverişli mühit yaratdı. Ali təhsil müəssisələri də ölkəmizin yeni inkişaf mərhələsinin qarşıya qoyduğu strateji hədəflərə uyğun olaraq genişmiqyaslı islahatlara başlamış, Sizin müəyyən etdiyiniz strateji baxış əsasında yeni keyfiyyət səviyyəsinə yüksəlmişdir.
Müasir Azərbaycanın ali təhsil sisteminin əsaslı yüksəlişi və institusional formalaşması məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilmişdir. Ulu Öndər hələ sovetlər dönəmindən başlayaraq yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsini təmin etməklə ölkəmizin gələcək inkişafına liderlik edəcək milli elmi-intellektual elitanın bünövrəsini qoymuşdur. Müstəqillik illərində də təhsil sahəsini dövlət quruculuğunun strateji prioriteti elan edən Ulu Öndər milli təhsil sisteminin struktur və məzmun baxımından modernləşməsinin, onun beynəlxalq standartlara inteqrasiyasının memarı olmuşdur.
Bu gün Sizin strateji baxışınız, liderliyiniz, yeni dövrün çağırışlarına uyğun islahatlar və milli inkişaf hədəfləri ilə Ulu Öndərin "təhsil millətin gələcəyidir" fəlsəfəsi yeni dövrün tələblərinə uyğun olaraq davam etdirilir.
"Qara qızılı insan kapitalına çevirək" strateji xəttiniz bu gün milli hədəflərimizin bünövrəsini təşkil edir. Sizin elm və təhsilə verdiyiniz yüksək dəyər, bu sahəyə göstərdiyiniz xüsusi diqqət və qayğı ölkə universitetlərini qlobal rəqabətdə mövqeyini gücləndirən əsas amildir.
Azərbaycanın əldə etdiyi tərəqqi, ardıcıl və kompleks islahatlar ali təhsil müəssisələrinin yeni keyfiyyətdə inkişafını şərtləndirmiş, bu sahədə çalışan hər şəxs üçün güclü motivasiya mənbəyinə çevrilmişdir. Bunun nəticəsidir ki, Sizin rəhbərliyinizlə həyata keçirilən yeni dövrün təhsil paradiqması artıq öz bəhrəsini verməkdə, ali təhsil sahəsində beynəlxalq səviyyədə tanınan uğurlar əldə olunmaqdadır.
Məni Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru vəzifəsinə təyin etdiyiniz zaman mənə “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır” tapşırığı verdiniz. Böyük ehtiram hissi ilə Sizə məruzə edirik ki, hazırda UNEC beynəlxalq reytinqlərdə ardıcıl olaraq yüksəliş nümayiş etdirərək Azərbaycan ali təhsilinin beynəlxalq arenada tanınmasında əhəmiyyətli rol oynayır:
Möhtərəm cənab Prezident!
UNEC-in professor-müəllim və tələbə heyəti adından Sizə təhsilə göstərdiyiniz yüksək diqqət, qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, UNEC bundan sonra da Sizin yüksək etimadınızı layiqincə doğrultmaq, müstəqil Azərbaycanın iqtisadi qüdrətini daha da möhkəmləndirəcək yüksək ixtisaslı, rəqabətə davamlı kadrlar yetişdirmək üçün var gücü ilə çalışacaq.
Dərin hörmətlə,
Muradov Ədalət, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor
Azərbaycan Respublikası, Bakı şəhəri