İlham Əliyev Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkilini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
11 fevral 2013, 14:00
Prezident İlham Əliyev Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpeni qəbul etmişdir.
Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması münasibətilə dövlətimizin başçısını təbrik etdi. Əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı çoxlu birgə layihələrin olduğunu vurğulayan Dominik de Villpen ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə ümidvar olduğunu bildirdi. Fransalı qonaq “Eurovison” mahnı müsabiqəsindən sonra ilk Avropa Oyunlarının Bakıda təşkilini mühüm addım kimi dəyərləndirdi. Dominik de Villpen Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyadakı rolunun mühüm əhəmiyyətini qeyd etdi.
Dövlət başçısı Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə bağlı Fransanın informasiya texnologiyaları şirkətlərinin göstərdikləri dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Fransanın müxtəlif şirkətlərinin ölkəmizdəki fəaliyyətinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında uzunmüddətli əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğuladı.